Zərdab rayonunda 1 şəhid ailəsi və 3 Qarabağ əlili fərdi mənzillə təmin olunub. Bu münasibətlə keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev imtiyazlı kateqoriyadan olan ailələrə göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, indiyə kimi Zərdab rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış binası, 14 fərdi mənzil tikilərək istifadəyə verilib. Torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirən soydaşlarımıza 38 ədəd fərdi minik avtomobili təqdim olunub. Bu günisə 1 şəhid ailəsinə və 3 Qarabağ əlilinə hər cür şəraiti olan fərdi yaşayış evlərinin sənədləri təqdim olunur. Mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli məlumat verib ki, son 1 ayda respublikamızın bölgələrində 112 müharibə əlili və şəhid ailəsi yeni mənzillərlə təmin olunub. Bu evlərin hər birində ailələrin normal yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb. Mərasimdə Qarabağ əlilləri və şəhid ailələri çıxış edərək onların sosial problemlərinin həllinə göstərilən daimi diqqət və qayğıya görə Dövlət başçısına minnətdarlıq ediblər. Mərasimdə fərdi mənzillərin sənədləri və açarları sahiblərinə təqdim olunub.