Möcüzə

0
60

möcüzəAllahın dinini təbliğ etməklə vəzifələndirilmiş peyğəmbərlər, peyğəmbərlikdən əvvəl və peyğəmbərlik etdikləri zamanlarda böyük Yaradanın xüsusi nəzarəti altında qorunmuşlar. Bu mövzuda maraqlı nümunələrdən biri, Quranda öz qövmü ilə əlaqələrindən tez-tez bəhs edilən həzrət Musaya aiddir. Belə ki, bildirilənlərə görə, Firon həzrət Musanın doğulduğu ildə qorxulu bir yuxu görmüşdü. Yuxu yozanlar bu yuxunu “o il doğulan uşaqlardan birinin gələcəkdə Fironun səltənətinə son qoyacağı” şəklində yozmuşlar. Buna görə də Firon səltənətinə son qoyacaq körpənin kim olduğunu bilmədiyi üçün o il doğulan bütün körpələrin topladılıb öldürülməsini əmr etdi. Belə də etdı. Lakin Allah-Təala həzrət Musanın anasına körpə Musanı bir sandığa qoyub, Nil çayına atmasını bildirdi (Taha, 20/38).

Daha əvvəl qeyd etdiyimiz ayədə göründüyü kimi, həzrət Musanın anası öz doğma balasını Allaha həvalə edib, sandığa qoyaraq çaya atdı. Allah-Təalanın yazdığı yazıya görə, çaya atılan sandıq sahilə çıxdı. Fironun adamları sandığı götürüb, saraya gətirdilər. Sarayda sandığı açdıqlarında, içinda çox şirin bir körpənin olduğunu gördülər. Allah-Təala bu körpəyə Fironun ailəsinin onu sevəcək, sonra da böyüdüb bəsləyəcək bir sevgi və gözəllik bəxş etmişdi (Taha, 20/39). Bu sevgi ilə Firon və xanımı körpə Musanı sarayda böyütmək qərarına

gəldilər. Körpə Musanın anası isə öz doğma övladının həsrəti ilə alışıb yanırdı. Hər şeyə qadir olan böyük Mövla ana ilə övladın qovuşmasını təqdir etmişdi. Çünki körpə Musa heç bir süd ananın südünü içmirdi və bu xəbər ətrafa yayılmışdı. Bu zaman Musanın bacısı birbaşa Fironun ailəsinə gedib: “Sizə ona baxa biləcək birisini göstərimmi?” (Taha, 20/40) – deyə soruşdu. Körpənin sevgisi ilə çırpınan Fironun ailəsi çarəsizlik içində təklifi qəbul etdi. Göstərilən xanım isə Musanı dünyaya gətirən, Allahın əmri ilə öz övladını çaya atan ana idi. Ana saraya dəvət edildi. Körpə Musa da öz anasına həsrətlə sarılıb, doya-doya əmdi. Artıq körpə də, anası da Fironun sarayının ən qiymətli və daimi qonağı, daha doğrusu, Firon ailəsinin üzvləri oldular.

Bu mövzuda Allah-Təala həzrət Musaya xitab edərək: “Gözü aydın olsun və kədərlənməsin deyə səni anana qaytardıq” (Taha, 20/40) – buyurdu. Bundan sonra Cənabı-Mövla yer üzündə bir sünnəsini tətbiq edəcəkdi. Bu “sünnətullah”, “Fironların sarayında və onların nəzarətində “Musaları böyütmək, onların vasitəsilə də fironların batil səltənətlərini yox etməkdir”. Mənbələrdə bu tarixi hadisə zərbi-məsəl kimi qeyd edilir.

Cənabi-Haqq həzrət Musanın körpəliyində başına gələn bu təhlükəli macəra haqqında “And olsun, sənə (bundan əvvəl də) bir dəfə nemət bəxş etmişdik”,- buyurmuş, bu hadisəni “lütf və yaxşılıq” (Taha, 20/37) kimi qiymətləndirmişdir.

Göründüyü kimi, Allah-Təala gələcəkdə risalət vəzifəsini verəcəyi həzrət Musanı hələ körpə uşaq olarkən Allaha və Onun yolundakılara amansızca düşmənçilik edən Fironun əmr etdiyi nəsil qətliamından bizi heyrətə gətirəcək bir metodla qorumuşdur. Bu hadisə bizə dərs olsun deyə Quranda qeyd olunmuşdur. Cənabi-Haqq Onun yolunda gedən möminləri də mütləq güç və qüdrəti ilə müxtəlif vasitələrlə qorumağa və nəzarət altına almağa qadirdir. Necə ki, Quranda belə qeyd edilmişdir: “Əgər Allah sənə bir zərər toxundursa, onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz.”(bax: Yunus, 10/107).

Bu hadisəyə misal olaraq da, Peyğəmbər Əfəndimizin (s.ə.s.) bu hədisini də qulağımıza sırğa etməliyik:

”Allahın qoyduğu hökmlərə riayət et ki, Allah da səni qorusun. Allaha riayət et ki, Onu yanında tapasan! (…) Bunu bil ki, bütün məxluqlar sənə fayda verə bilmək üçün toplaşsalar, Allahın yazdığı faydadan başqa bir fayda verə bilməzlər. Eyni şəkildə bütün məxluqat sənə zərər vermək üçün toplaşsalar, Allahın təqdir etdiyindan başqa bir zərər verə bilməzlər.”

Bəli, hər şey gün kimi aydın, hər şey ortada. Görən, anlayan və anladığını yaşayan insan olmaq nə böyük səadətmiş! Allah-Təala bizlərə Onun yolunda gedən qullardan olmağı nəsib eləsin!