92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir.
Namizəd növbəti görüşlərini Ucar rayonunun Lək, Xələc və Bərgüşad kəndlərindən olan seçicilərlə keçirib.
Seçicilər tərəfindən böyük coşqu ilə qarşılanan Jalə Əliyeva çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, qazandığı siyasi və iqtisadi uğurlar, bütün ölkədə, eləcə də 92 saylı seçki dairəsi ərazisində dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə danışıb. Namizəd qeyd edib ki, Lək və Xələc kəndlərinin qazlaşdırılması artıq başa çatıb, bu kəndlərdə yeni məktəblər tikilib, yollar təmir olunub.
Jalə Əliyeva məlumat verib ki, Lək, Xələc kəndlərinin su probleminin həlli məqsədi ilə su qurğularının quraşdırılması üçün müvafiq qurumlara müraciət edib. Daha sonra çıxış edən seçicilər dövlətin ucarlılara göstərdiyi yüksək diqqət və qayğıdan razılıq ediblər. Kənd sakinləri onları Milli Məclisdə təmsil edən Jalə Əliyevanın daima seçiciləri ilə bir yerdə olduğunu, onları narahat edən məsələləri daima müvafiq qurumlar qarşısında qaldırdığını bildirərək, deputatın fəaliyyətini yüksək qiymətləndiriblər. Jalə Əliyevanın deputatlıq fəaliyyətini əks etdirən video-çarx seçicilər tərəfindən böyük maraq və təqdirlə qarşılanıb.
Deputatlığa namizəd Jalə Əliyevanın Bərgüşad kəndində keçirdiyi görüş də möhtəşəm coşqu ilə müşahidə olunub. Görüşdə çıxış edən seçicilər bildiriblər ki, onların J.Əliyevaya etdikləri müraicətlər və millət vəkilinin bu problemi müvafiq qurumlar qarşısında dəfələrlə qaldırması nəticəsində kəndin bərbad durumda olan yolları 2008-ci ildə əsaslı təmir olunub. Kənd sakinləri qeyd ediblər ki, Jalə Əliyevanın Bərgüşad kəndinin qazla təmin olunması ilə bağlı məsələni dəfələrlə Milli Məclisin gündəliyinə çıxarması nəticəsində artıq kəndə qaz xətti çəkilməkdədir.
Çıxış edən kənd ağsaqallı Səməd Alıyev, müəllimə İlahə Süleymanova Jalə Əliyevanın deputatlıq fəaliyyətini təqdir etdiklərini, onun öz seçicilərini Milli Məclisdə ləyaqətlə təmsil etdiyini bildiriblər. Natiqlər Jalə Əliyevanın yalnız millət vəkili kimi deyil, bir ziyalı və alim kimi daima Azərbaycanın inkişafı naminə çalışdığını qeyd ediblər. Onlar belə bir millət vəkilləri olduğu üçün fəxr etdiklərini və ona etimadlarının tam olduğunu vurğulayıblar.
Jalə Əliyeva seçicilər qarşısında çıxış edərək bildirib ki, Azərbaycanın bütün bölgələrində müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır.
J. Əliyeva bildirib ki, bir millət vəkili kimi müvafiq qurumlarla aparılan sıx danışıqların yekunu olaraq, Lək, Xələc və Bərgüşad kəndlərində yeni baxçanın tikilməsi, mədəniyyət klubunun təmir və tikintisi, təqaüdçülərin işinin asanlanlaşdırılması üçün bankomatların quraşdırılması, Zərdab-Ucar yolunun əsaslı təmiri Nazirlər Kabinetinin 2015-ci il hesabatına daxil edilib və yaxın zamanlarda bu işlərə başlanılacaq. Görüşdə Jalə Əliyevanın deputatlıq fəaliyyətini əks etdirən video-çarx nümayiş etdirilib. Video-çarxda Jalə Əliyevanın bərgüşadlıları narahat edən problemləri dəfələrlə Milli Məclisdə qaldırdığına şahidlik edən seçicilər deputatın bu səmimiyyət və prinspiallığına alqışlarla qarşılıq veriblər.
Seçicilər Jalə Əliyevanın millət vəkili kimi fəaliyyətinin nümunəvi olduğunu və 1 noyabr seçkilərində onu dəstəkləyəcəyini qeyd ediblər.