Ağcabədi rayonunun Taxtakörpü ərazisi laçınlıların dədə-babadan qışlaq yeri olub. Hər il yaylaq mövsümü başa çatanda sürülər-naxırlar Laçından bu yerlərə gətirilərdi. Lakin 23 ildir ki, Taxtakörpüdə məskunlaşan laçınlılar doğma yurdlarına – 1992-ci ildən Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Laçın rayonuna qayıda bilmirlər.
Laçınlı maldarlar indi Daşkəsən rayonu ərazisindəki yaylaqlara köç etməyə məcbur qalıblar. Laçın Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu il 235 laçınlı ailə Daşkəsən yaylaqlarına köç edib. Yaylaqlara, ümumilikdə, 4206 baş iribuynuzlu, 19 min 345 baş xırdabuynuzlu heyvan aparılıb. May ayında yaylağa gedən köç oktyabrın əvvəllərində qışlağa – Taxtakörpüyə qayıdır.
Laçın rayon Güləbirt kənd sakini Ağaxan Nəzərov deyib ki, 1994-cü ildən bəri hər yazda Daşkəsən rayonu ərazisindəki yaylağa gedir, payızadək orada qalır: “Daşkəsənin suyu, otu, gül-çiçəyi Laçını, Kəlbəcəri xatırladır. Qoyunlar çayların sərin suyundan içib, kəklikotulu çəmənliklərdə otlayırlar. Yaylaqda olarkən heyvanlar qızdırma xəstəliyinə tutulmur, kökəlirlər. Qoyunlarda mayalanma yaxşı gedir, artım yüksək olur. Sürü yay fəslini Aranda qalanda isə qoyunlarda qısırlıq yaranır. Biz özümüz də sərin dağ havasına öyrəşdiyimiz üçün yayı Aranda qalmağa çətinlik çəkirik. Odur ki, hər il yay fəslini Daşkəsən yaylaqlarında keçiririk”.
Yaylaqdan oktyabrın əvvəllərindən qayıtdıqlarını deyən fermer payızı Zərdab rayonu ərazisində keçirdiklərini, noyabrın sonlarında isə Taxtakörpüyə gedəcəklərini bildirib: “Qoyunları ay yarım Zərdab rayonunda – Kürkənarı ərazilərdə saxlayır, arpa xəsili, yonca yeri alıb otarırıq. Eyni zamanda qış hazırlığı görürük, Taxtakörpüdəki tövlələri təmir edirik. Bu il qış üçün 3 min ədəd ot bağlaması tədarük etmişik, 15 hektar arpa xəsili, 10 hektar yonca sahəmiz var”.
Hazırda 700 baş xırdabuynuzlu, 35 baş iribuynuzlu heyvan saxladığını deyən A.Nəzərov bol ağartı məhsulları əldə etdiklərini söyləyir: “Qoyunun südündən hazırladığımız pendiri hələ yaylaqda olarkən satırıq. Taxtakörpüdə olduğumuz vaxt südü süd zavoduna veririk. Yunun satışında isə çətinlik çəkirik. Bölgədə yun emalı müəssisəsi yaradılarsa, bu problemimiz də həll olar”.
Laçınlı məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunsalar da, onlara Taxtakörpüdə, həmçinin yay fəslini keçirmələri üçün Daşkəsən yaylaqlarında şərait yaradılsa da Vətən niskili, yurd həsrəti ilə yaşayırlar. Əmindirlər ki, Daşkəsən yaylaqlarına gedən köç tezliklə doğma Laçın dağlarına qayıdacaq.
Tahir Ağaməmmədov