“Bu gün qəzetlərdən birində yazılıb ki, guya mənim Baba adlı oğlum Mingəçevirdə avtomobil qəzası törədərək adam öldürüb. Əvvəla, deyim ki, mənim Baba adlı oğlum yoxdur. Mənim oğlumun adı Babəlidir. Özü də oğlum Mingəçevirdə yox, Bakıda yaşayır. Daha doğrusu İqtisad Universitetində dördüncü kurs tələbəsidir” . www.zerdab.com saytının məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib. Onun sözlərinə görə, oğlunun ölümlə nəticələnən yol qəzası törətməsi həqiqətə uyğun olmayan bir iddiadır. İcra başçısı bu xəbərə görə məhkəməyə müraciət edə biləcəyini deyib. L. Babayev bildirib ki, onun barəsində bəzi mətbuat orqanları indiyə kimi dəfələrlə qeyri-etik, həqiqətə söykənməyən xəbərlər dərc edib: “Mən düşünürəm ki, bir gün bu sifarişli yazıları yazdıranlar özləri utanacaq”.