Həzrət İbrahim gecə yuxusunda oğlunu qurban kəsdiyini görmüşdü. Bu yuxu üç dəfə təkrarlanandan sonra eynilə gördüyünü həyata keçirməyə çalışdı. Allah-Təala onun bu sədaqətini mükafatlandırdı.
Rəsulullahın (s.ə.s.) babası Əbdülmüttəlib də kiçik oğlu Abdullahı qurban etdiyini yuxusunda görmüşdü. Yuxunu yozdular və onun əvəzinə 100 dəvə qurban kəsib yuxudan aldıqları mesajı yerinə yetirdilər.
Həzrət İbrahimin təsdiq etdiyi, yəni olduğu kimi yerinə yetirdiyi yuxunu Əbdülmüttəlib təbir etdi, yəni yozdu, çıxartdığı mənaya uyğun qurbanlar verdi.
Tarixin bu möhtəşəm örnəklərini xatırlatmaqda məqsədimiz gördüyündən bir məna çıxarmağın, istər yuxu olsun, istər real həyat hadisəsi, başımıza gələn hadisələri oxuya bilməyin önəminə diqqət çəkməkdir. Hamımız baxırıq, amma hər kəs görmür; hamımız görürük, amma hər kəs gördüyünü anlamır; hamımız anlayırıq, amma hər kəs anladığının gərəyini yerinə yetirmir…
Getdikcə incələn bu yol ərənlərin yoludur, anlayanların yoludur, Haqqa varanların yoludur, qurban olanların yoludur. Qurban olmaq təkcə məsafə qət edərək yaxınlaşmaq deyil, bütün duyğuları ilə, təxəyyülü, təsəvvürü ilə, aldığı nəfəs, atdığı addımla yaxınlaşmaqdır, bütün hüceyrələri, qanı, canı ilə yaxınlaşmaqdır, dünya yükündən qopmaqdır, könlünü Allahdan başqa, hər şeyin üzünə bağlamaqdır. Allah-Təala bizə bizim boynumuzun şah damarından daha yaxındır, amma bu o demək deyil ki, biz də Allahımıza o qədər yaxınıq. Oxumaq, öyrənmək, düşünmək, bildiyi həqiqətləri həyatına köçürmək lazımdır. Hər şey göründüyü qədər bəsit, asan deyil.
Hər kəs baxır, amma hər kəs görmür; hər kəs görür, amma… |