“Hazırda Zərdab rayonunun daha 9 kəndi – Qoruqbağı, Sarıqaya, Çallı, Məlikli, Burunlu, Alıcanlı, Şəftəhal, Şahhüseynli və Körpükənd kəndləri sürətlə qazlaşdırılır”. Bu fikirləri Zərdab rayonunun ən iri yaşayış məntəqələrindən olan Məmmədqasımlı kəndinə təbii qazın verilişi münasibəti ilə keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev səsləndirmişdi. Lütvəli Babayev qeyd etmişdi ki, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər görülür. Həqiqətən də adıçəkilən kəndlərə qaz çəkilişləri davam etdirilir. Lakin havaların soyuması bu kəndlərin bəzilərində əhalini çaş-baş salıb. Məsələn, Qoruqbağı kəndində yaşayanlar oktyabr ayı olmasına, havaların soyumasına baxmayaraq, hələ də evlərini qızdırmaq üçün odun alıb-almayacaqlarını bilmirlər. Sakinlərdən bəziləri Zerdab.com saytına belə bir sualla müraciət ediblər: “Qoruqbağı kəndinə qaz çəkilişləri demək olar ki, yekunlaşıb. Hətta sayğaclar da quraşdırılıb, amma qaz verilişinin açılış mərasimi keçirilmədiyi üçün tərəddüd içərisindəyik. Dəqiq bilmirik ki, evimizi qızdırmaq üçün 300-400 manat xərcləyib bir maşın odun alaq, yoxsa almayaq? Əgər kəndimizə yaxın vaxtlarda qaz veriləcəksə, onda xərcə düşməyək- az pul deyil, verilməyəcəksə, onda işimizi bilək və tədbir görək. Xahiş edirik, bu məsələni dəqiqləşdirib bizə məlumat verin”.
Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışacağıq.
Zerdab.com