Azərbaycan Dillər Universitetində (ADU) Almaniyada yaşayan, ADU-nun məzunu olmuş, yazıçı-publisist Əzimə Ağalarovanın “Təyyarə qanadında uçan ruh” adlı kitabının təqdimat mərasimi keçirilib.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti Əqidə Axundovanın təşkilatçılığı ilə baş tutan mərasimdə Adil Babayev yazıçının müəllimi olduğunu, tələbəlik illərində savadı, çalışqanlığı ilə seçilən tələbələrdən biri kimi həmişə xatırlandığını söyləyib.
Bildirilib ki, 1959-cu ildə Zərdab rayonunda dünyaya göz açan Ə.Ağalarova 1976-cı ildə rayondakı Ş.Qurbanov adına orta məktəbi bitirərək Dillər İnstitutuna daxil olub. Əmək fəaliyyətinə 1984-cü ildə Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ilin dekabr ayından Almaniyada yaşayır.
Vurğulanıb ki, o, “Gecələrdə gizli qaldım” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” kitablarının müəllifidir.
Tədbirdə “Təyyarə qanadında uçan ruh” kitabında yazıçının Şərqlə Qərbin qarşılaşdırılması mövzusuna toxunulub.
Sonra tələbələrin suallarını cavablandıran yazıçı seçdiyi mövzuların tam təxəyyül məhsulu olduğunu söyləyib.
Qeyd edək ki, kitabın redaktoru həmyerlimiz, jurnalist Ürfan Məmmədlidir.