Çağırdım, gəlmədi kimsənin səsi,
Bu evin sahibi hardadı Allah,
Hardadı bu yazıq Allah bəndəsi,
Üstünü qar alan “ZAP”ı kimindi?
İlahi, bu bağlı qapı kimindi?
Bəlkə də bir qara gözə aldanıb,
Bəlkə də süzüblər, “yüz”ə aldanıb,
Bir gözəl sifətə, sözə aldanıb,
Bilməyib doğrusu-gopu kimindi,
İlahi, bu bağlı qapı kimindi?
Bu həsrət titrətdi qəlbimin simin,
Axı bu tənha ev kimindi, kimin,
Bu evi sahibsiz qoyan hakimin,
Tüfəngi kimindi, topu kimindi?
İlahi, bu bağlı qapı kimindi?
Bəlkə qəzəbinə gəlib sultanın,
Qaça bilməyib ki, qurtara canın,
Günahsız bu başı kəsən baltanın,
Dəmiri kimindi, sapı kimindi?
İlahi, bu bağlı qapı kimindi?
Qibləsi yoxuymuş heç bu bədbəxtin.
Bunu İsaməddin, anlamaq çətin,
Torpağı yaralı bu məmləkətin,
AMİP-i kimindi, MAP-ı kimindi?
İlahi, bu bağlı qapı kimindi?
İsaməddin Əhmədov