Şəhər həyatı hamını dəyişib, elə kənd camaatını da

0
137
Günay Firudinqızı
Günay Firudinqızı

Mən kənd həyatını həmişə sevmişəm. Bəlkə də, məndə bu sevgini yaradan orta məktəbdə oxuduğum bədii Azərbaycan ədəbiyyatı olub. Oxuduğum əsərlərdə hər zaman baş rolda kənd həyatı olub.Toyuq- cücə, mal- heyvan, dağ havası, bulaq suyu…

Kənd mənim üçün uzunömürlülər məskənidir, zəhmətkeşlər diyarıdır. Sağlam qida, hər şeyi təbii… Yaxşı yadımdadır, bir dəfə ailəvi bir dostumuzun qonağı olduq. Səhər açılanda böyük iştahla masaya yaxınlaşdım. Amma gördüyüm mənzərə məni məyus etdi. Süfrəni dükandan alınan yağ, pendir və şəkər tozu bəzəmişdi. Beləcə səhər süfrəsində mənim bal, qaymaq, nehrə yağı yemək arzum da suya düşdü. Sonradan öyrəndim ki, kəndlər də artıq şəhər həyatına keçib. Bizim şəhər camaatından nəyimiz əskikdir deyib, onlar da şəhərliləşiblər. Amma bütün bunlara baxmayaraq, kəndə sevgim azalmadı.

Bu il çəkiliş komandamızla yolumuzu tez-tez bölgələrimizdən saldığımızdan kənd həyatını daha yaxından müşahidə etdim. Geyim fərqini o qədər də hiss etməsək də, tək-tük həyətdə gördüyümüz toyuq- cücə sarıdan kənd həyatını heç hiss etmədik. Kəndlərdə toyuq- cücə sindromu yaşanırdı sanki. Hətta çəkilişlərin birində bir xanımdan niyə toyuq-cücə saxlamadıqlarını soruşanda, az qaldı bizi döyə. Dedi ki, mən şəhərdən gəlmişəm, toyuq- cücə hara, mən hara…

Sən demə xanım həqiqətən də, Bakıdan kəndə köç edib. Oğlu universitetə hazırlaşdığından, “göydən gedən” müəllimlərə xərci çox çıxmasın deyə, Bakını ucqar bir kəndə dəyişib. 1 ilə yaxındır ki, həyat yoldaşını da Bakıya etibar edib oğlu ilə birlikdə kənddə məskunlaşıb.

Yadımdadır ki, uzun illər bundan öncə qaçqın düşən insanların bəzilərindən soruşanda ki, kəndiniz üçün darıxmırsıniz, əksəriyyətindən eşitdiyim cavab belə olurdu: “Yox, kənddə nə var? Heyf deyil şəhər həyatı? Nə mal- heyvan var , nə də toyuq- cücə.” Bax indi bu deyilənlər yadıma düşür. İndi şəhər həyatı hamını dəyişib, elə kənd camaatını da. Bir dəfə bazardan pomidor aldığımız zaman qiymətinin niyə baha olduğunu soruşanda, bir satıcı qəşəng bir cavab verdi: “İndi arvadlar pomidor əkmir daha, seriala baxırlar.”

Doğurdan da ailələrdə pomidordan da, toyuq- cücədən də vacib televizorun mavi ekranıdır. İndi ixtisara düşən kənd həyatını televizorun gündən günə böyüyən ekranı əvəz edir. O qədər aludə olublar ki, hətta kəndlərin birində məşhur türk serialı olan “Aşkı Memnu”nu canlı olaraq yaşayanlar da tapılıb . Serialın qəhrəmanının obrazda yaşadığını, kimlərsə həyatı ilə ödəyib. Ona görə də başımız toyuq-cücəyə qarışsa yaxşıdır. Həyat bizi seriallaşdırmasa, biz həyatımızı seriallaşdırarıq.