“Gəncliyə dəstək” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə sentyabrın 1-dən “Gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsinə dəstək” adlı layihənin icrasına başlayıb.
İB-dən bildiriblər ki, Zərdab və Ucar rayonlarında icra olunacaq layihənin müddəti üç aydır. Layihənin məqsədi gənclərin peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında geniş təbliğat işinin aparılmasından ibarətdir. Bu məqsədlə layihə çərçivəsində sentyabr-oktyabr aylarında ən savadlı gənclərin hərbi ixtisaslara istiqamətləndirilməsi məqsədilə bir qrup 10-11-ci sinif şagirdlərinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyalarının təşkil olunması və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə noyabrda məktəblərdə müvafiq istiqamətdə təbliğat işinin aparılması məqsədilə seminarların keçirilməsi planlaşdırılır. Tədbirlərə müvafiq rayonların gənclər və idman idarələrinin, təhsil şöbələrinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları dəvət ediləcək.
Layihə çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanda aparılan ordu quruculuğunun təbliğ olunması baxımından da əhəmiyyətli olacaq.