Qardaşlıq və yardımlaşma bayramı

0
56

Qurban bayramiBu gün Qurban bayramıdır. Dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də imkanı çatan müsəlmanlar Allah qarşısında həzrət İbrahimlə başlayan bir əhdi yerinə yetirir, qurbanlar kəsirlər. Allah rizasını qazanmaq niyyəti ilə kəsdiyimiz hər qurban neçə bəlanın, müsibətin dəf olunmasına səbəbdir. Qurbanın mahiyyətində “Allahım, Sən bütün yaratdıqlarına çox yaxınsan, mən də bu ibadətlə Sənə yaxın olmaq istəyirəm. Məni saleh bəndələrin arasına qat, qəlbimə Allah sevgisini hakim qıl, Mən bütün sevgilərimi Sənə olan sevgimə qurban edirəm. Məni Öz sevginlə ucalt, məni təmizlə, sevginə layiq hala gətir” təmənnası, duası var. “Qurban” sözünün daşıdığı ilkin məna da elə  “yaxınlıq”dır, yəni bəndənin Allaha yaxın olması.

Evlərdən evlərə qurban payları gedəcək, unudulmuşlar xatırlanacaq, üzlərə təbəssüm, sevgi işığı qonacaq. Bir həqiqəti də xatırlatmağı lazım bilirik ki, Allah-Təala bizlərə bir birimizi sevməyi əmr edir. Biz bir-birimizi sevək ki, Allah da bizi sevsin. Bizim kəsdiyimiz ətə, qana Allah-Təalanın ehtiyacı yoxdur, ancaq kəsdiyimiz o qurbanın əti ilə bir qəlbi sevindirə bilsək, Allah bizim bu əməlimizin qarşılığını artığı ilə verər.

Önəmli bir məsələni də vurğulamaq istəyirik ki, qurban kəsərkən başqalarının haqqını tapdalamamalıyıq. Qurbanı kəsəndən sonra da o yeri yaxşıca təmizləməliyik ki, kimsə narahat olmasın. Elə olmasın ki, savabla birlikdə günah da qazanaq. Bu gün bayramdır. Allah-Təala bu bayramın mahiyyətini ruhumuza hakim qılsın, bizi qurban şüuruna qovuşdursun, almağın deyil, verməyin zövqünü yaşatsın, ibadətlərimizi qəbul buyursun, İslam aləminə, canımız Azərbaycanımıza, doğma Zərdabımıza xeyir-bərəkət, əmin-amanlıq, zəfərlər nəsib eləsin, hər birimizin könlünü imanla, Quranla şahlandırsın!

Qurban bayramınız mübarək olsun!