– Camaat, mən bu gün varam, sabah yox. Övladım da yoxdur ki, məndən sonra taxt-taca sahib olsun. İstəyirəm ki, bu məmləkətdən ədalətli, bacarıqlı və dürüst bir gənc tapıb özümə vəliəhd təyin edəm. Məmləkətə elan edin ki, padşah özünə vəliəhd axtarır, harada dürüst, ədalətli bir gənc varsa, hamısı mənim sarayımın qarşısına gəlsin, özü də gələndə bir dipçək dolusu torpaq gətirsin.
Bəli, xəbər ölkənin dörd tərəfinə yayılır və gəlib ən ucqar kəndə də yetişir. Bu kənddə də çox dürüst bir gənc yaşayırdı, özü də atası erkən yaşlarında öldüyü üçün zəhmətlə böyümüşdü. Anası ona deyir ki, padşahın çağırışına getsin. Oğlansa getmək istəmir, “Mən hara, padşahlıq hara? Allaha çox şükür, bir tikə halal çörəyimi daşdan da çıxararam” deyib israr edir. Anası da deyir ki, ay bala, padşah bizim böyüyümüzdür, çağırırsa, getməlisən, getməsən, vəbal altında qalarsan. Oğlan da bir söz demir və deyilən gün çatanda bir dipçəyi torpaqla doldurub saraya üz tutur. Sarayın qarşısındakı meydana yüzlərlə gənc toplanmışdı, hamısının da əlində torpaq dolu dipçək. Padşah gəlir, gənclərlə görüşür, hər dipçəyə də bir toxum əkir və tapşırır ki, düz altı aydan sonra hər kəs dipçəyini götürüb saraya gəlsin, kimin çiçəyi daha gözəl, daha yaraşıqlı olsa, onu özünə vəliəhd seçəcək.
Günlər, həftələr keçir, bu gənc baxır ki, dipçəkdə bir-iki xırda alaq otundan başqa şey yoxdur. Padşahın dediyi vaxt tamam olur, amma gəncin dipçəyində çiçəyin izi də yoxdur. Əvvəlcə düşünür ki, heç getməsin, sonra da hamı kimi padşaha söz verdiyini xatırlayır və boş dipçəyi götürüb saraya yollanır. Meydana çatanda görür ki, içində bir-birindən yaraşıqlı, bir-birindən əlvan və təravətli güllərin boy verdiyi dipçəkləri qucaqlamış gənclər sıraya düzülüblər. Dipçəyi boş qalmış gənc utanır, lap arxada dayanıb gözləməyə başlayır. Nəhayət, sarayın qapıları açılır və padşah gənclərin qarşısına çıxır. Hər kəs növbə ilə yaxınlaşıb dipçəkdə bitmiş çiçəyi padşaha göstərir, padşah da təbəssümlə başını əyib növbəti gənci çağırır. Hər kəs sıra ilə parşahın qarşısından keçib qurtarır və meydanın o başında padşah, bu başında isə boş dipçəyi qucaqlayıb xəcalətlə baxan gənc qalır. Padşah onu da çağırır və başı ilə dipçəyə işarə edir, yəni niyə boşdur. Gənc belə deyir:
-Şah sağ olsun, mən əlimdən gələni elədim, amma bitmədi. Allah verməyəndən sonra bəndənin əlindən nə gələr ki? Əslində mənim heç əvvəldən gəlmək niyyətim yoxuydu, anam “padşahın çağırışına getməsən, vəbal altında qalarsan” dediyi üçün gəlmişdim. Gəldim, amma yarıtmadım, onun üçün də çox utanıram.
Gəncin dürüstlüyü və ədəbi padşahın çox xoşuna gəlir, onu başdan-ayağa süzür və sözə başlayır:
– Bizi yoxdan var edən Allaha sonsuz şükürlər olsun! Axtardığımı tapdım, öləndə gözüm arxada qalmayacaq, bu məmləkəti əmanət edib öləcəyim adam sizin qarşınızdadır. Bu gənc dürüst və ədalətlidir, mən inanıram ki, sizə məndən də yaxşı padşahlıq edəcək. Bilin və agah olun, o dipçəklərin heç birində gül bitməməliydi, çünki mən o taxumların hamısını qaynatmışdım. Heç ölü toxumdan da bitki bitərmi? İstədiyim də o idi ki, sərvətə, dövlətə aldanmayan, dünya nemətinə tamah salmayan, yalan danışmayan gənci tapım və özümə vəliəhd təyin edim. İndi tanıyın və biət edin, bu gənc sizin gələcək padşahınızdır. |