Tərlan Abdullayevanın Zerdab.com saytında yayımlanan “Zərdabda məskunlaşan şuşalı xanımın təbriki məni kövrəltdi” adlı qeydlərinə Yusifdən cavab
Salam, hörmətli Tərlan xanım! 1992-ci ilin mayında Şuşa ermənilər tərəfindən işğal olunanda mənim babam, nənəm, onların bütün övladları, dayım, həyat yoldaşı və uşaqları Zərdab rayonunda məcburi köçkün kimi məskunlaşıblar. Şuşa döyüşlərində ağır yaralanan babam Misir Əliyev Zərdabda vəfat etdi və Gəlmə kənd qəbristanlığında dəfn olundu. Nənəm Sitarə Əliyeva və dayım Məzahir Əliyev II qrup əlildirlər. İlk günlərin çətinliyi zamanı onlar Zərdab camaatından çox xeyirxahlıq görüblər və bu gün də həmin münasibət davam etməkdədir. Anam Ziyafət burada zərdablı oğlanla–atam Əhməd Nəsibovla ailə həyatı qurub. Mən 2001-ci ildə Zərdabda doğulmuşam. Sonralar biz Bakı şəhərinə köçdük. Hazırda Nərimanov rayonundakı 93 saylı orta məktəbin 8-ci sinfində oxuyuram. İndi yay tətili olduğundan doğulduğum Zərdab rayonuna gəlmişəm. Günlərim maraqlı keçir. Nənəmin Şuşa xatirələrini dinləyib çox təsirlənirəm.
Vaxtdan istifadə edərək Zərdabda RİTM kompüter kursuna gedirəm. Müəllimim Aqil Xəlilovdan kompüteri düzgün işlətməyin sirlərini öyrənirəm. Artıq Worddə sərbəst yaza bilirəm. Ona görə də Zerdab.com-da xalam haqqında yayımlanan qeydlərə öz münasibətimi bildirmək imkanı qazandım.
Çox hörmətli Tərlan xanım, haqqında yazdığınız Nüşabə Əliyeva mənim doğma xalamdır. Sizin bu yazı tərziniz etiraf edim ki, mənim duyğularıma təsir etdi, gözlərim yaşardı. İndi daha aydın başa düşdüm ki, həmişə Şuşadan söhbət düşəndə anam niyə ağlayır. Elə hey deyir ki, Şuşada olan gözəlliyi heç yerdə görmürəm. Anam çox haqlıymış… Təəssüf ki, indi o, Zərdabda deyil, Bakıdadır. Amma buna baxmayaraq, anam Ziyafət xanıma buradan səslənirəm: Allah qoysa, mən böyüyəndə ilk işim o qaniçən ermənilərdən hamımızın intiqamını almaq olacaq. Axı, Şuşa kimi gözəl erməni vəhşilərinin əlində tamam tari-mar olar! Onu faşist zəncirindən qurtarmaq boynumun borcu olsun! Anacan, sən mənim bu sözlərimə inan. Sənə oğul sözü verirəm. Tezliklə görüşərik. Yaza bilmədiklərimi də səninlə bölüşəcəm. Hörmətlə, oğlun Yusif Nəsibov.
Zərdab. 7 avqust 2015-ci il.