Qohumlara maddi yardım etməliyikmi?

0
58

Zərdab rayonuHər bir müsəlman imkanı çatdıqca öz yaxın qohumlarına yardım göstərməlidir. Bəziləri elə düşünürlər ki, heç bir qohumluq əlaqəsi olmayan adamlara yardım göstərmək daha faydalıdır. Ancaq bu belə deyil. Qardaş-bacıya, əmi-dayıya, xala-bibiyə edilən yardım yadlara göstərilən köməkdən daha savablıdır. Ata-anaya edilən yardım isə hər birimizin borcudur. Buna görə də, valideynlərə yardım məsələsində savab yox, borc (həm də övladlıq borcu) əsasdır. Biz qohumlara yardım etməkdən danışırıq.

Bir dəfə Peyğəmbərimizdən (s.ə.s.) soruşurlar:

– Qohumlara yardım etməyin savabı nə qədərdir?

O da cavabında buyurur:

– İkiqatdır. Biri yardım savabı, biri də qohumluq savabı.

Bu söhbətdən məlum olan odur ki, yaxın qohumlara yardım etməyin savabı az deyil, əksinə, çoxdur. Çünki biz qohumlarımıza yardım göstərməklə yanaşı, həm də qohumluğumuza hörmət göstərmiş oluruq. Əslinə qalanda normal insan düşüncəsi də bunu tələb edir. Əgər sənin yaxınların, qohumların arasında yoxsulluq çəkənlər, kasıblıq yaşayanlar varsa və sən onlara yox, tamamilə uzaq, yad insanlara yardım edirsənsə, hər kəs səni qınayacaq. Çünki məntiq də belədir ki, sən birinci öz ətrafından başlamalısan. Peyğəmbərimizin “Qohuma edilən yardımın savabı ikiqatdır” buyruğu da məhz bu məsələyə işarədir. Yardım edəndə isə “Onlar çox verirlər çox savab qazanırlar, biz isə az veririk, az savab qazanırıq” düşüncəsinə qapılmaq da doğru deyil. Çünki bəzən bu məsələdə bir manat min manatdan daha çox savab qazandıra bilər. Bu məsələdə də Peyğəmbərimizin (s.ə.s.) dediklərinə diqqət yetirək…

Rəsulullahdan soruşurlar:

– Ya Rəsulullah, yardımın hansı daha üstündür, fəzilətlidir?

Belə cavab verir:

– Az ikən verilən yardım.

Rəsulullah ardınca belə deyir:

– Hətta bir dirhəm sədəqənin savabı yüz min dirhəmin savabını keçə bilər.

– Bu, necə olur, ya Rəsulullah? – deyə soruşurlar.

Allah Rəsulu belə izah edir:

– Bir dirhəm verənin olan-qalan iki dirhəmi var idi. O, əlindəkinin yarısını verdi, yüz min dirhəm verənin isə malı çox idi və verdiyi malının yarısının yarısı qədər belə deyildi. Buna görə də, malının yarısını verən, yarısının yarısını verəndən daha çox savab qazanır.

Elə bu məntiqlə bağlıdır ki, belə deyirlər: “Malı az olduğu üçün az verən heç də ümidsizliyə qapılmasın. Çünki “insanın malına görə işi, dağına görə də qışı olur”. El arasında da deyirlər ki, dost məni yad eləsin bir çürük qoz ilə. Yəni qohumluq münasibətlərində səmimiyyət və imkan nisbətində yardım çox vacib, çox fəzilətlidir. Siz yardım edin, əl tutun və könlünüzün rahatlıq, malınızın bərəkət tapacağına inanın.