Bir ildir artıq bizi tərk etdiyin. Mən sənin haqqında “öldü” ifadəsini heç zaman qəbul edə bilmədim, gül üzlü mələyim. Ona görə də “tərk etdi” ifadəsini deyirəm. “Ölüm” sözü heç sənə yapışmır, yaraşmır. Həm də axı sən ölməmisən. Mənim ürəyimdə yaşayırsan. İndi cümlələri yazdığımda düz bir il öncə, hər zaman ürəyimdə yara olacaq o məşum tarix, avqustun 5-i yadıma düşür.
Həmin günün səhəri gözlərim önündə canlanır. Mən işə getdiyimdə, “ata, gələndə mənə “kukruz” al sözün hələ də qulaqlarımda cingildəyir. Mən “kukruz” alacaqdım, amma sən gəlişimi gözləmədin. Ən son öpüb məni qapıdan yola saldığın anı heç unutmadım, mələyim. Səhər məni işə yola salıb, gecə saat neçədə gəlsəm belə, yolumu gözləyən çiçəyim! Bir ildir hər gün qapını döydüyümdə, sənin səsinin qapı arxasından gələcəyini “ata, gözlə açıram” deməyini gözlədim. Səsini, sözlərini, “ata, səni lap çox istəyirəm” deyimini bu bir ildə hər gün dəfələrlə eşitmişəm sanki, sənin səsinlə duymuşam. Bir ildə çox şey dəyişdi, Cavidanım…
Getməyinlə, hər şeyi dəyişdin. Evimiz dəyişdi, həyatımız dəyişdi, əvvəl sevimli olan qohumlara münasibətimiz dəyişdi. Hər şey bir anın içində çevrildi sanki. Amma… Amma bir şey dəyişmədi. Sənə olan sevgimiz dəyişmədi. Sənin yoxluğuna bir ildə alışa bilmədik ki, sevgimiz də dəyişsin. Həyatının ilk sevincini itirmək o qədər acıdır ki, qızım. Sən ömrümün ilk sevinci idin. Bu acını yaşadım sənin yoxluğunla. Yoxluğuna görə o qədər təsəllilər eşitdim ki, saysız-hesabsız. Amma heç bir təsəlli, heç bir söz ovundurmadı. Sənin yoxluğunu heç cür qəbul edə bilmədim. İndi də etmirəm. Edə bilmirəm axı gözəl mələyim. Səninlə bağlı o qədər arzularım var idi. Hamısı bir anda puç oldu. Sənin faciəli gedişinlə, mən hər şeyimi itirdim. Bilmirəm buna qismətmi deyim, Allahın sınağımı deyim. Qismət idisə, nədən belə bir qismət? Sınaq idisə, niyə bu cür sınaq? Bu suallara cavab tapa bilmirəm. Necə ki, pəncərəmizdən düşdüyün an necə kömək istəmisən, ağlamısanmı, gülmüsənmi, o an nə demisən?!, sualları məni rahat buraxmadığı kimi, Allahın niyə belə tale yazdığı sualı da rahat buraxmır. “Hər şeydə Allahın hikməti var” deyirlər. Amma belə hikmət? “Allah ədalətlidir” deyirlər. Belə ədalət? Bəlkə də deyilənlər doğrudur. Hər pis hadisədə bir xeyir var deyimi bəlkə də düzdür. Amma bildiyim tək doğru, sənin ürəyimdə əbədilik olaraq yaşayacağındır. Ta ki, mən əbədiyyətə qovuşanadək, sənin yanına gələnədək. Allahın hikməti varsa, ədaləti varsa, biz o biri dünyada qovuşacağıq, mələyim. Ən böyük təsəllim o dünyada qovuşa biləcəyimizə inanmağımdır. Dini yozumlara görə, uşaqlar valideynləri o dünyaya gedərkən, onları gözləyirlər. Mələk olduqları üçün, mələklərdən valideynləri ilə bir olmağı xahiş edirlər. Buna inanıram. Sən də bir mələksən. Heç kəsi olmasa da, məni yanına alacağına inanıram qızım.
Bir də… Bir də zamanın tez keçməsini o qədər arzulayıram ki. Çünki ömrümdən gedən hər il, ay, gün, saat, dəqiqə məni sənə yaxınlaşdırır. Mən bilmirəm nə zaman sənə çatacam. Bütün hallarda hər kəsin sən olduğun dünyaya gələcəyi kimi, mən də gələcəm. Bir təsəllim bu. Digər təsəllim isə qardaşının var oluşudur. Sənin ətrini aldığımız, sənin də çox istədiyin, “Tutuşum” dediyin Turanımızdır… O mələk ruhunun mənimlə, bizimlə olduğunu bilirəm. Ən pis zamanımda, yuxuma gəlib “ata, üzülmə, hər şey yaxşı olacaq” deməyin, ruhunun evimdə olduğunun işarəsidir. Başqa nəsə yaza bilmirəm. 5 illik ömrünlə, o qədər xatirələr qoymusan ki, gözəl qızım. Onları belə kiçik həcmli yazıya sığışdırmaq mümkünsüzdür. Sadəcə sənə, sənin ruhuna üzr borcum var. “Qızım! Sənə bir şey olsa, ölərəm” deyirdim. Amma mən sənsiz ölmədim. Buna görə bağışla məni, gözəl mələyim. Gül üzlü, mələk qızım! Bir də… Bir də bağışla, səni böyüdə bilmədiyimiz üçün. O dünyada görüşənədək Cavidanım….
P.S. Bütün valideynlərə səslənirəm. Övladlarınızı qoruyun! Övladlarınıza məsuliyyətlə yanaşın. Allah heç birinizə övlad acısı yaşatmasın…
bu hekaye meni cox aglatdi.ALLAH bu korpe balanin ailesine sebr versin.Yerin cennetlik etsin .AMIN
Comments are closed.