“Azərişıq” ASC yaradıldıqdan sonra bütün ölkə ərazisində elektrik enerjisinin təchizatı istiqamətində aparılan sürətli yenidənqurma işləri Respublukamızın Aran bölgəsində də köklü dəyişikliklər etməyə əsas verdi. Yeddi regional idarə sırasında yaradılmış “Aran” RETSİ üzrə ən həssas məqamlar dərhal nəzərdən keçirildi və təxirəsalınmaz tədbirlər planı hazırlandı.
Yerli iqlim şəraiti nəzərə alınaraq istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı məqsədi ilə əsaslı və cari təmiri işlərinin planları tərtib olundu. Aran RETSİ-nin struktur tərkibinə daxil olan İmişli, Saatlı, Sabirabad, Beyləqan, Ağcabədi, Füzuli, Ağdam, Kürdəmir, Zərdab elektrik şəbəkələrinin hər birini qısa müddətdə ən keyfiyyətli və müasir vəziyyətə gətirilməsi qarşıya məqsəd kimi qoyuldu. Bu barədə “Azərişıq” ASC-dən Zerdab.com saytına verilən məlumatda bildirilir.
“Aran” RETSİ-nin balansında olan elektrik şəbəkələrində son 5 ay ərzində xeyli miqdarda işlər görülmüşdür. Bu müddət ərzində Ağdam rayonunda 7, Füzuli rayonunda isə 5 ədəd komplekt transformator məntəqəsi (KTM) quraşdırılaraq istifadəyə verilmişdir. Ağdam rayonu Quzanlı qəsəbəsində 609-0011 saylı, Füzuli rayonu Bəhmənli kəndindəki 606-0110 saylı KTM-lər quraşdırılmışdır. Hər iki rayonun fiziki və mənəvi cəhətdən köhnəlmiş xeyli məsafədə elektrik verilişi xətləri dəyişdirilmiş və dəmirbeton dayaqlar basdırılaraq elektirik enerjisinin ötürülməsində dayaqnıqlıq və etibarlılıq artırılmışdır. Bir çox ərazilərdə isə kabelləşmə işləri aparılaraq sona çatdırılmışdır. Sabirabad rayonu ərazisində ofis binasının tikintisi də başlanılmış və əsaslı işlər başa çatdırılmışdır. 35kV-luq Zərdab-Əlvənd hava xəttindən budaqlanma yolu ilə çəkilmiş 35kV-luq bir dövrəli Nəzərallı elektrik veriliş hava xəttinin yenidən qurulması işləri də uğurla həyata keçirilmişdir.
Ümumilikdə “Aran” RETSİ üzrə 92 ədəd KTM quraşdırılmış, onlardan 60-dan artıq elektrik şəbəkələrinə qoşulmuşdur. Rütübətin və yağışların daha çox olduğu cənub ərazilərdə bəzi KTM-lər tez çürüyən materiallarla deyil, daşdan tikilmiş mühafizə zolağı ilə əhatələnmiş və ətrafı abadlaşdırılmışdır. Əksər yerlərdə istismar müddətini bitirmiş və təhlükəli xarakter almış ağac və sınıq-salxaq beton dayaqlar yeni dayaqlarla əvəz edilib.
Saatlı rayonu Axundov küçəsi, H.Əliyev prospekti (şəhər mərkəzi), Potubəyli kəndi, Əlisoltanlı kəndi ərazisində KTM-lərin quraşdırılması ilə yanaşı kabelləşmə işləri də sona çatdırılmışdır. “Aran” RETSİ üzrə yeni və eləcə də dəyişiklik zərurəti olan abonentlər üçün sayğaclar quraşdırılaraq təhvil-təslim işləri aparılmışdır.
Hazırda regionun hər bir şəhəri, qəsəbəsi və kəndinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması və sərf olunmuş enerjinin dəyərinin ödənilməsi ilə əlaqədar işlər davam etdirilir.