Üz güldürün, sevindirin ki, Allah da sizi sevindirsin

0
66
Zərdab rayonu
Zərdab rayonuBizdə “hörmət” deyəndə ağla gələn ilk anlayış rüşvət olur. Əslinə qalanda isə rüşvət hörmətə deyil, nifrətə daha yaxındır və haqqın olsun-olmasın, hansısa çətinə düşmüş məsələni həll etmək üçün verilir, özü də haramdır. 
Yəni rüşvət hansısa işin qarşılığında verilən bir haram, hörmət isə təmənnasızlığı, sevgini , səmimiyyəti ifadə edən əsl hörmətdir. Rüşvət təmənnalıdır, hədiyyə təmənnasız. Hədiyyə hər zaman olub, bu gün də var, bundan sonra da olacaq, istər dostlar, qonum-qonşular arasında, istərsə də ailədə. Hədiyyə verməkdə məqsəd könül sevindirməkdir. Bəzən hədiyyə könül sevindirməklə yanaşı, ciddi problemlərin həlli də ola bilir. Bu mənada xalqımız arasında daha çox “pay vermək” kimi bilinən iş əslində elə hədiyyədir. Yəni yaxın qonşunun, qohumunun bir ehtiyacını, sıxıntısını görüb, onu aradan qaldırmaq üçün lazım olan şeyi ona verirsən.

Maraqlıdır ki, bizdə həqiqi mənada “hədiyyə” deyəndə ağlımıza daha çox ətir, çiçək və ya bu kimi ətriyyat növləri  gəlir. Əslində hədiyyə hər şeydir, yəni hər şeydən verilə bilər. Dövrün şərtlərinə uyğun olaraq, insanların zəruri ehtiyacını ödəmək üçün təmənnasız verilən hər bir şey hədiyyə kateqoriyasına aid edilə bilər. Əgər hədiyyənin mahiyyətini qısa şəkildə ortaya qoymaq istəsək, deyə bilərik ki, hədiyyə qarşı tərəfdən hər hansı bir təmənna güdmədən onun könlünü almaq və ya hansısa ehtiyacını həll etmək üçün verilən əşyanın və ya payın adıdır.

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədiyyə verməyə təşviq etmişdir. Bildirmişdir ki, hədiyyə alanın həm hansısa problemi həll olunur, həm də könlü açılır, üzü gülür. Hədiyyənin çox mühüm bir anlamı da insana dəyər verdiyini əyani şəkildə nümayiş etdirməkdir. İnsan, təbii ki, sevdiyinə, dəyər verdiyinə hədiyyə verər. Bəzən barışmaq üçün, ortadakı umu-küsünü aradan qaldırmaq üçün də hədiyyələr verilir.

Uca Peyğəmbərimiz hədiyyə qəbul etmiş və özü də çox-çox hədiyyə paylamışdır. Hədiyyə də sədəqə kimi Allah qarşısında sədaqətini, səmimiyyətini isbat etməyin yolu, vasitəsi olduğu zaman çox gözəldir, dəyərlidir. Bir məqamı heç unutmaq olmaz ki, hər iki halda qarşılıq qarşı tərəfdən, yəni sədəqə və ya hədiyyə verdiyin adamdan deyil, Allahdan umular. Allah öz bəndələrinin bu cür fədakar, bu cür xeyirxah davranışlarını sevər.

Rəsulullah (s.ə.s.) Bilal Həbəşinin evinə qonaq gedir, evin bir küncündə bir qədər xurma görür və soruşur:

– Ey Bilal, bu xurmaları niyə burada yığıb saxlamısan?

Bilal cavab verir:

– Ey Allahın Rəsulu, o xurmaları nə vaxtdan bəri orada saxlayıram ki, Siz nə zaman bizim bu balaca evimizə təşrif buyursanız, qarşınıza gətirim.

Rəsulullah deyir:

– Ey Bilal, sən Allahın sənə verdiyindən pay ver, yığıb saxlama. Allah-Təala fədakar, əliaçıq bəndələrini çox sevər.

Ədaləti ilə şöhrət qazanmış xəlifə Ömər ibn Əbdüləziz hədiyyələrdən imtina edir. Soruşurlar ki, Uca Peyğəmbərimiz və ondan sonra gələn dörd böyük xəlifə hədiyyə qəbul etdikləri, hədiyyə verdikləri halda, sən niyə hədiyyə qəbul etmirsən?

Ömər ibn Əbdüləziz cavab verir ki, onların dövründə hədiyyə həqiqi hədiyyə idi, indi isə insanlar təmənna ilə, qarşılıq güdərək, ya hansısa problemini həll etmək məqsədilə hədiyyə verirlər. Bu, hədiyyə olmur, rüşvət olur.

Peyğəmbərimizin dövründə zəkat məmurları var idi. Bu məmurlar kənd-kənd, şəhər-şəhər gəzərək zəngin müsəlmanlardan zəkat toplayaraq dövlətin xəzinəsinə gətirirdilər. Məmurlardan biri gətirdiyi malların bir qismini ayırır və deyir:

– Bunlar zəkat malı deyil, bunları mənə hədiyyə veriblər.

Rəsulullah (s.ə.s.):

– Sən bu vəzifədə çalışmasaydın, yəni zəkat məmuru sifəti ilə ora getməsəydin, sənə bu hədiyyəni verərdilərmi?- deyə soruşur.

Məmur başını aşağı salıb susur. Rəsulullah belə davam edir:

– Demək, onu sənə hədiyyə olaraq deyil, rüşvət olaraq veriblər.

Ailədə hədiyyə vermək, hədiyyə qəbul etmək çox sevimlidir, ürəkaçandır. Böyüklərin uşaqlara hədiyyəsi nə qədər bahalı, dəyərli olur olsun, kiçiklərin böyüklərə hədiyyəsi daha şirin, daha səmimi olur. Heç düşünürsünüzmü, körpəcə övladınız günlərlə düşünür və sizin hansısa əlamətdar gününüz üçün hədiyyə düzəldir: ya bir şəkil çəkir, ya şeir yazır, ya da özünə görə bir şeylər icad edir. İstədiyi tək şey də sizin sevginizi qazanmaq, öz səmimiyyətini, sevgisini sizə isbat etməkdir. Bu hədiyyənin dəyəri olsa da olmasa da, övladınızın sizi sevindirmək üçün çırpınması dünyaya dəyər. Təbii ki, evdə ən çox kiçiklər böyüklərdən hədiyyə umurlar.

Ailədə hədiyyə vermək məsələsinə gələndə bir məqama toxunmaq istəyirik ki, valideynlər öz övladlarının ehtiyaclarını ödəmək üçün aldıqları şeylər hədiyyə kateqoriyasına aid edilməməlidir. Çünki övladına paltar almaq, onun yeyib-içməyini təmin etmək, gündəlik tələbatlarını ödəmək valideynin borcudur.

Təsəvvür edin ki, sizin bağınızda çox gözəl bir heyva ağacı var. Meyvəsi də çox iri, dadlı olur. Ətri aylar uzunu çəkilmir, adamın könlünü oxşayır. Siz bu heyvanın şitillərini sevdiyiniz adamlara, qonşulara hədiyyə edirsiniz. “Əkin, həm meyvəsi çox dadlıdır, həm də qoxusu gözəldir”, – deyirsiniz. Torpaqdan çıxartdığınız şitilləri elə torpaqlı-zadlı kağıza büküb məktəbli oğlunuza verirsiniz ki, qonşuya aparsın. Əlbəttə, qonşu sizin bu hərəkətinizi yüksək qiymətləndirəcək.

Başqa bir misal:

Görürsünüz ki, qonşunuz həyətdə işləyir, amma əlindəki bel çox nahamardır, narahatdır, sapı da adamın əlini incidir. İstər-istəməz düşünürsən ki, sənin evdə çox rahat və gözəl iki belin var. İkisinin də sapı rahat, ələyatımlıdır. Onlardan birini qonşunun həyətinə atırsan və deyirsən: “Ay qonşu, neçə gündür burada qalıb, əl-ayağıma dolaşır, al bunu, sənin olsun, mənim də əl-ayağıma dolaşmasın”. Özü də hədiyyə verəndə minnət qoymursan, bu işi elə yerinə yetirirsən ki, qarşı tərəf sıxılmır, utanmır. Dediyimiz kimi, hədiyyə təmənnasızlıq deməkdir.

Övlad da öz atasını və ya anasını bu cür xeyirxah görəndə istər-istəməz özü üçün müsbət nəticələr çıxarır. Demək, hədiyyələşmək xeyirxahlıqdır, insanpərvərlikdir, həm də uşaqların tərbiyəsi üçün misilsiz vasitədir. Hədiyyə verə bilmək və verdiyinin dalınca baxmamaq ürəyigeniş adamların işidir. Ürəyinizi geniş tutun ki, insanların ürəyini aça, üzünü güldürə biləsiniz. Əslində biz verdiyimiz hər şeyin qarşılığını Allah-Təala bizə artığı ilə qaytarır: istər bu dünyada, istər o dünyada. Ən azı onu düşünün ki, sizin pay verdiyinizi, hədiyyə göndərdiyinizi görən övladınız düşünür və sizin kimi olmaq istəyir. Bu, artıq sizin qazancınızın başlanması deməkdir. Başqa bir qapıdan, yəni tərbiyə yolu ilə siz artıq yaxşılığınızın qarşılığını almağa başlayırsınız. Heç zaman unutmaq olmaz ki, ehtiyac sahibinə bir şey verməyin sevinci, bir şey almağın sevincindən qat-qat üstindir. İnsan hədiyyə verə-verə əslində özünü tərbiyə edir, içindəki gözəllikləri inkişaf etdirir, saflaşır, təmizlənir, yüksəlir.

Hədiyyə verin, könül açın, üz güldürün, sevindirin ki, Allah da sizi sevindirsin.