Nə oldu bizlərə?

0
60
Qoruqbağı kəndiQədim zamanlarda bir rahib yuxusunda qəribə şeylər görür. Onun yuxusundan belə məna çıxarırlar ki, yaxın zamanda göydən bəla kimi bir yağış yağacaq və o yağışın suyundan və ya o yağışın qarışdığı sudan kim bir az da olsa içərsə, ağlını itirəcək, dəli olacaq. 
Bu xəbər xalqa yayılır və hər kəs başlayır dəli olmamaq üçün tədatük görməyə. Kimin nə qədər qab-qacağı vardısa, doldurur və bir tərəfə yığır ki, nə o yağışın suyundan, nə də o yağışın qarışdığı sudan dilinə vurmasın. Kim ağlı kəsə-kəsə dəli olmağı arzulayar ki? Kral da sarayda tədarük işlərinə girişir və çox böyük bir küp düzəltdirib su ilə doldurir. Bəli, gözlədikləri həmin gün gəlir və həmin yağış yağır. Ölkə əhalisi tədbirli davranır, hər kəs tədarük etdiyi sudan içir və kimsə də ağlını itirmir. Amma bu vəziyyət nə qədər davam edəcək ki? 1 gün, 5 gün, 10 gün.., artıq kimlərinsə suyu tükənir və susuzluqdan ölməkdənsə dəli olmağı üstün tutür. Günbəgün ölkədə dəlilərin sayı artmağa başlayır. Bu böyük ölkədə getdikcə hamı ağlını itirir, qalır bircə saraydakılar. Vəziyyət o yerə şatır ki, ölkədə dəli əlindən tərpənmək olmur. Ağıllı kral dəlilərin əməllərindən az qalır başını itirsin və vəzirini çağırıb deyir:

– O sudan gətirin biz də içək, nə olur-olsun. Onsuz da hamının dəli olduğu məmləkətdə ağıllı olmaqdan səfeh iş yoxdur.

Qəribə misaldır, elə deyilmi? Nə fikirləşirsiniz, arada bir siz də o kral kimi düşünmüsünüzmü? Doğru bildiyiniz şeylərin bu qədər ucuzlaşdırıldığını, kənara itildiyini görərkən, bir zamanlar uca tutulan dəyərlərin gərəksiz adətlər kimi bir tərəfə atıldığına şahid olarkən siz də o kral kimi “Gətirin o dəli suyundan mən də içim”- demək keçməyibmi fikrinizdən? Harda qaldı binanın girişində rast gəldiyimiz qonşumuza təbəssümlə salam verməyimiz? Harda qaldı yetim bir uşağın maddi ehtiyaclarını öyrənən kimi heç tərəddüd etmədən əlimizi cibimizə saldığımız və yardım etməyin ruhumuza verdiyi o zövq? Harda qaldı toyda-düyündə dosta yardım üçün ətrafını sarmağımız, bir ehtiyacı olan kimi əlbir olub işi yoluna qoymağımız və ya kədərli günündə dostların bir-birinin çiyninə başını qoyub hönkürməyi… Harda qaldı bunlar, nə oldu bizlərə?

Köhnə dostları bir-bir unutduq. Əvvəllər bu qədər imkanlarımız yox idi. Birindən xəbər tutmaq üçün nə mobil telefonumuz vardı, nə internetimiz, bir məktub yazardınız, onun da gedib-gəlməyi bir ay çəkərdi. Amma nə qədər həsrətlə gözləyər, necə də sevgiylə oxuyardıq o məktubları. Sevdiyiniz insanın öz xətti ilə yazdığı “necəsinmiz, Allah sizi qorusun, bizim də vəziyyətimiz yaxşıdır” sözlərini nə qədər də duyğulanaraq oxuyardıq.

Toy dəvətnamələri indilərdə olduğu kimi “toyuna gəlmişəm, toyuma gəlməlisən” prinsipi ilə paylanmırdı. Bir dostdan toy dəvətnaməsi gəlirdi və indiki kimi qorxu ilə, həyəcanla “bunun toyuna getmək üçün kimdən borc tapım” əndişəsi ilə, işıq idarəsindən gələn borc xəbərdarlığı kimi qarşılanmazdı. Yas məclisləri uzun müddət görüşməmiş dostlar, qohumlar üçün görüş yeri deyildi, yaxınını itirmişlərə təsəlli üçün idi, onların dərdini paylaşmaq üçün idi, həqiqi dostluğun, vəfanın isbat məqamı idi.

Nələr oldu bizə, haradan gəldi bu dəlilik suyu? Sadəcə insana deyil, insanın xidmətində olan əşyaya belə hörmət göstərən o qədirşünas nəsil necə oldu?

Görün Mövlananın yadigarlarından biri, Abdulbaqi Gülpınarlı öz uşaqlığı ilə bağlı nələr söyləyir: “Uşaqlığımı xatırlayıram, bir az bərk qaçsam, ayağımı yerə bərk vursam, böyüklərim mənalı baxışları ilə süzər, yumşaq şəkildə “sən neyləyirsən Baqi? Bu necə yerişdir? Hər şeyin canı var, körpəm, ayağımızın altına döşənmiş bu yeri görürsənmi, bizi üstündə gəzdirir. Biz də gərək ona hörmət edək, onu incitməyək, ayağımızı yerə bərk vurmayaq elə deyilmi?”-söyləyərdilər. Yeyərkən ağzımı marçıldatmazdım, belə bir şey olardısa, böyüklərin bircə dəfə üzümə baxmalaru kifayət edərdi. Su içdiyimiz stəkanı yerə qoyarkən səs çıxarmaq ayıb sayılırdı. Deyirdilər ki, bardağı da, onun qoyulduğu yeri də incitmək olmaz. “O bizə xidmət edir, biz də ona hörmət etməliyik”- deyirdilər. Gələn qonaqlar ayaqqabılarının ağzını qapıya tərəf qoyardılar ki, geyinəndə arxasını evdəkilərə çevirməsinlər. Üzə şillə vurulmaz, xətası nə olursa-olsun, insan söyülməz, insanın hər şeyi uca tutulur, hörmətə layiq görülürdü. İstər uşaq olsun, istər böyük, qırxılmış saçı toplayar, əl-ayaqdan uzaq təmiz bir yerə basdırardılar. Bütün bunların altındakı məntiq də o idi ki, hər şeyin canı var və insan kimi insana xidmət edən əşyaya da dəyər verilməlidir.

Bəli, keçmiş dediyimiz zamanlarda insanların anlayışı, həyata baxışı belə idi. Bir də dönüb bu günümüzə baxın və müqayisə aparın. Necə fikirləşirsiniz, mərhələ-mərhələ itirdiyimiz o dəyərlərimizi mərhələ-mərhələ geri qaytarmalıyıqmı?