Yaradana meydan oxumaq

0
58
heyat kainatPeyğəmbərimizdən nəql edilən bir hədisdə Allah nəfsə deyir:
“Mən kiməm, sən kimsən?” Nəfs cavab verir:

“Mən mənəm, sən də sənsən”. Allah nəfsə əzab verir. Cəhənnəmə atır. Sonra yenə soruşur. Cavab yenə dəyişmir:

“Mən mənəm, sən də sənsən”. Hansı əzaba məruz qalsa da, nəfs qürurundan əl çəkmir. Ən sonda, nəfsə aclıq cəzası verilir. Aclıq cəzasından sonra uca Yaradan sual verir:

“Mən kiməm, sən kimsən?” Bu dəfə nəfsin cavabı dəyişir:

“Sən mənim mərhəmətli Rəbbimsən, mən də Sənin aciz bir qulunam”.

Yaradılış məsələsi hər dövrdə fəlsəfənin təməl predmeti olmuşdur. İnsan bu dünyaya haradan gəlib, buradan haraya gedəcək: niyə bu dünyadadır, vəzifəsi nədir və s. İslam bu suallara cavab verir. Əlbəttə ki, bu cavablarla razılaşmayanlar da var. Amma İslamdan başqa, bu suallara məntiqli cavab hələ ki oxumamışam. Bundan sonra da oxuya biləcəyimi düşünmürəm. Çünki hər insandakı sonsuzluq istəyini maddə ilə açıqlamaq qeyri-mümkündür.

Teorem olaraq, hər birimiz müsəlmanıq. Hətta o dərəcə müsəlmanıq ki, birisinə sən müsəlman deyilsən desən, şiddətə məruz qala bilərsən. Bununla fəxr edirik. Amma bir İslam var, bir də bizim özümüzünküləşdirdiyimiz İslam var. Bir Quranın təlim etdiyi, Peyğəmbərin öyrətdiyi Yaradan anlayışı var. Bir də bizim təxəyyül, təsəvvür edib, özümüzə uyğunlaşdırdığımız Yaradan var.

Bir iş adamının müsahibəsindən: “Məkkəyə gedəndə üzümü Allaha tutub bildirdim ki, mən şərab içəcəyəm. Mən iş adamıyam, Məkkədə içmirəm ki?! Gəlmişəm, Azərbaycanda içirəm də”.

Bu möhtərəm iş adamına görə, Allah, (haşa), obyekt sahibidir. Obyekt də Ərəbistandadır. Ərəbistan onun ərazisidir. Məkkə də mərkəzidir. O zonada o qaydalara əməl etmək lazımdır. Amma çıxandan sonra istədiyini edə bilərsən. Yəni demək istəyir ki, əslində şərab içəcəyimi Azərbaycandan da deyə bilərdim. Amma gör, sənə hörmət etdiyim üçün gəlib Məkkədə deyirəm, Sənin zonanda.

Davam edir: “Məkkədən gəlib, üstündən 40 gün keçəndən sonra 50 qram içki içmək o demək deyil ki, hacısan, içməməlisən. Belə qəbahət heç yerdə yoxdur. O adama içki haramdır ki, içib özünü apara bilmir və gedib nəsə eləyir”. Yəni 40 gün döz, sonra işində ol. Sağ olsun, bir neçə fətva da verir; “Özünü apara bilirsənsə, içki içə bilərsən”.

Bir başqası deyir ki, Allah o boyda kainatı idarə edir. (Haşa), onun nə işi var xırda işlərlə. İnsanların geyimi ilə və s.

Özünü müsəlman hesab edənlər üçün iki yol var: 1. Dini olduğu kimi qəbul etmək. Dinin tələblərini bacardığı qədər yerinə yetirmək. Dinin tələblərini yerinə yetirə bilmədiyi üçün nədamətlə səhvləri etiraf etmək. Düzəltməyə cəhd etmək. 2. Özünün mükəmməl olduğunu iddia etmək. Eqoist istəklərə dini don geyindirmək.

İnsan oğlu, ümumiyyətlə, ikinci yolu seçir. Yaradanı özümüzə görə, istək və həvəslərimizə görə formalaşdırmaq impulsu qalib gəlir. Bu tarix boyu fərqli şəkillərdə özünü büruzə vermişdir. Dövləti idarə edənlər kütlələri aldatmaq üçün dini siyasətlərinə alət ediblər, edirlər. Yeziddən, Həccacdan günümüzün zalımlarına kimi yüzlərlə misal var. İŞİD kimi terror qruplaşmaları zəmin əldə etmək üçün dini istismar ediblər, edirlər.

Bütün bunlar dinin problemidir, yoxsa nəfsinin əsiri olmuş biz insanların?!

Yazının əvvəlində qeyd olunan hədis, əslində, problemi və həlli yolunu da göstərir. Bu hədisdə də bildirildiyi kimi, nəfs Rəbbi tanımaq istəmir, özünün rəbliyini qurmaq istəyir. İddiası həmişə bu yöndədir. Onu yola gətirmənin ən yaxşı yolu da oruc tutmaqdır. Allah oruc tutanların oruclarını qəbul etsin!a.qaraxancalli@zaman.az