Ramazan xeyir və bərəkət ayıdır
İlin bütün aylarının daha xeyirlisi və bərəkətlisi olan Ramazanda görülən savab işlərin mükafatı bir neçə dəfə artıq verilir. Bu mənada Ramazan savabın artırılması üçün böyük fürsətdir. Bu fürsəti yaxşı dəyərləndirənlər Ramazanın bərəkətindən daha çox faydalanaraq, Allaha (c.c.) daha çox yaxınlaşırlar. Beləliklə, Peyğəmbər Əfəndimizin (s.ə.s.) də müjdələdiyi kimi həmin insanlar rəhmət, məğfirət və cəhənnəmdən qurtuluş mükafatına layiq görüləcəklər.
Ramazan ayında min aydan daha xeyirli olan Qədir gecəsi var. Allahu-Təala həmin gecə rəhmət qapılarını sonunacan açır. Kainatın Əfəndisi (s.ə.s.) Ramazan ayı barəsində buyurub: “Xoşbəxt o insandır ki, bu ayı oruc tutaraq, ibadət edərək və xeyirli işlər görərək keçirir”. Başqa bir hədisi-şərifdə isə buyurulub: “Ramazanın ilk gecəsindən etibarən şeytan və cinlərin azğınları bağlanır. Cəhənnəmin qapıları qapanır, Ramazanın sonunadək onun heç bir qapısı açılmır. Cənnətin qapıları isə açılır və Ramazanın sonunadək onlardan heç biri bağlanmır. Bir carçı: “Ey xeyirli işlərdə önə keçən, sən gəl. Ey bəd əməllərdə önə keçən, sən dayan”, – deyə səslənir. Allahın o zaman cəhənnəmdən azad etdiyi qullar var. Bu, hər gecə belə olur”.
Ramazan eyni zamanda xeyirxahlıq ayıdır. Möminlərin anası Hz. Aişə (r.anhüm) Peyğəmbər Əfəndimizin (s.ə.s.) bu ayda daha çox əliaçıqlıq etdiyini söyləyib.
Allah yolunda edilən heç bir xeyirli iş kiçik görülməməlidir. Allah (c.c.) onu elə bərəkətləndirir ki, insanlar onun mükafatını hesablamaqda belə aciz qalarlar. Hər kəs öz imkanları nisbətində xeyirli işlər görməlidir. İftar süfrəsini min cür naz-nemətlə bəzəyən müsəlman kasıblıqdan əziyyət çəkən din qardaşını unutmamalıdır.
Oruc və təqva
Təqva Allahın (c.c.) qadağa qoyduğu hər şeydən uzaqlaşmaq və Allahın (c.c.) əmr etdiyi hər şeyi yerinə yetirməkdir. Oruc da insana təqvanı qazandıran ən təsirli nəfis tərbiyəsi üsullarından biridir. Təqva qəlbin daim dinamik olmasını təmin edir. Eyni zamanda, təqva qəlbin günaha yönəlməsinin qarşısını alır. Gündəlik həyatımızda, dünyəvi işlərimizdə bəzən arzuolunmaz dərəcədə ruhi dağınıqlıqlara məruz qalır. İldə bir ay tutulan oruc sayəsində bu dağınıqlıqlar aradan qaldırılır.
Həbibim! Onlara söylə: Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. Ali İmran/31. Bu ayədən göründüyü kimi, Allahı sevdiyini söyləyənlər bu iddialarını Peyğəmbərimiz Həzrəti Məhəmmədin buyruqlarını həyata keçirməklə, həyatını onun həyatına bənzər bir üslubda qurmaqla isbat etməlidirlər. Peyğəmbərə tabe olmaq Allaha tabe olmaqdır, Peyğəmbərə qarşı çıxmaq Allaha qarşı çıxmaqdır. Bunu Allah-Təala Özü söyləyir. Peyğəmbərimiz Həzrəti Məhəmməd də bu haqda buyurur: Sünnəti səniyyəmə, yəni gözəl həyat tərzimə, buyruqlarıma tabe olmayan məndən deyil. |