Gələn il fevralın 3-də XX əsr Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq iz qoymuş yazıçı-publisist, naşir- redaktor, tərcüməçi, dövlət xadimi, diplomat, Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə aparmış Ceyhun Hacıbəylinin anadan olmasının 125 ili tamam olur. 28 yaşında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məsul tapşırığı ilə Parisə ezam olunan Ceyhun Hacıbəyli ömrünün sonunadək – 1962- ci ilədək Fransada cismən yaşamaq məcburiyyətində qalmışdır. ”Cismən” kəlməsini bilərəkdən istifadə etdim, çünki Ceyhun bəy ruhən bir an da olsun, Vətənindən ayrılmamışdır. Ceyhun bəyin mühacirət dövrü zəngin və çoxşaxəli ədəbi-publisistik irsi və fədakar fəaliyyəti dediklərimizi təsdiq edir. Baxın, vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiloğluna məktub ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna yazır, vəsiyyət edir ki, mühacirləri bir yerə toplamağa səy ediniz, bu çox mühümdür. Bu barədə «Mücahid» jurnalının 1963-ci il nömrəsində «Ceyhun bəyin vəsiyyəti» adlı irihəcmli məqalə dərc olunub.
Belə bir təfəkkür tərzinə sahib xadimin irsi və şəxsiyyətinin sovet rejimi və kommunist ideologiyasının hökmranlığı illərində xalqdan gizlədilməsi təbii idi və təsadüfi deyil ki, sovet hakimiyyəti illərində heç bir mənbədə Ceyhun Hacıbəylinin adına rast gəlinmir. Yalnız bir istisna var. 90-cı illərin əvvəllərində Ceyhun Hacıbəylinin dini görüşləri ilə bağlı bir avtoreferat yazdım, rəy üçün onu Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutuna təqdim etdim. Bir neçə gün sonra nəticəni öyrənmək üçün müraciət edəndə məni institutun fəlsəfə kafedrasının müdiri prof. Məqsəd Səttarovun qəbuluna dəvət etdilər. Get-gəli xoşlamadığımdan bir qədər əsəbi və gərgin şəkildə Məqsəd müəllimə özümü təqdim etdim. Gözlədiyimin tam əksi oldu. O, məni gülərüzlə qarşıladı. Lakin mətləbə keçəndə bir an içərisində görkəmi dəyişdi, siması indi də təsvir edə, yaza, yoza bilməyəcəyim bir hal aldı.
Dedi:
– Mən tarixin çox sürprizlərini görmüşəm, amma beləsi heç qarşıma çıxmamışdı.
İlk dəfə gördüyüm bu adam çaşqın və təəccüb dolu nəzərlə ona baxdığımı görüb davam etdi :
– İndiki kimi yadımdadır. 1959-cu il idi. Məni bir qrup alimlə gecə təcili Mərkəzi Komitənin Təbliğat şöbəsinə dəvət etdilər. İlk sözləri bu oldu ki, buradakı söhbət kənara çıxmamalıdır. Sonra bizə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən daxil olan bir məktubu və ona əlavə olunmuş «İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları» adlı məqaləni verdilər. Dedilər ki, bu, Ceyhun Hacbəyov adlı …. birisinin məqaləsidir. Bizi xaricdə biabır edir, ona tutarlı cavab yazmaq lazımdır. Biz razılıq verib durmaq istəyəndə dedilər ki, yeməyiniz, içməyiniz, yatmağınız burada olacaq, cavab yazanadək evə getmək yoxdur. Biz bir neçə alim həmin gecə o məqaləyə cavab yazdıq. O vaxtdan bu sirri, sualı ürəyimdə saxlamışam ki, bu Ceyhun Hacıbəyov kimdir? Nə yaxşı ki, bu mövzunu işləmisən. Təklif edirəm ki, mövzunun adını dəyiş “Ceyhun Hacıbəylinin dini-fəlsəfi görüşləri” qoy, bir az əlavə etsən, hazır işdir. Elmi rəhbərin mən olaram. Qısa zamanda müdafiə edərsən. Mən də o vaxt könülsüz imzaladığım rəyin əzabından qurtararam.
Mən Məqsəd müəllimə mövzuya bu qədər diqqət və həssaslıqla yanaşmasına görə təşəkkür etdim. 50-ci illərin sonunda baş vermiş bu hadisədən başqa sovet hakimiyyəti illərində ölkəmizdə Ceyhun Hacıbəylinin hər hansı bir münasibətlə adı çəkilən bir mənbəyə rast gəlməmişəm. Halbuki o, qeyd etdiyimiz kimi, Azərbaycan tarixində parlaq və silinməz iz qoymuşdur.
Ceyhun bəyin mətbuat sahəsindəki xidmətləri isə xüsusi qeyd olunmalıdır: mühacirətdən əvvəl (1919-cu ilədək) “Kaspi”, “ İrşad”, “Tərəqqi”, “Proqres”, “Baku”, “Azərbaycan”…, eləcə də fransız mətbuatı ilə əlaqə saxlamış, əməkdaşlıq etmiş, “İzvestiə” (“Kaspi”nin əlavəsi), “İttihat” və “Azərbaycan” qəzetlərinin redaktoru olmuşdur. Mühacirət illərində C.Hacıbəyli 1926-cı ildə Parisdə fransız dilində buraxılan “Azərbaycan” jurnalına , «Kavkaz» jurnalının fransız nəşrinə , 1952-1953- cü illərdə Münhendə Azərbaycan və rus dilində nəşr olunan “Azərbaycan” jurnalına redaktorluq etmiş, mühacir Qafqaz mətbuatı ilə, eyni zamanda Fransanın «La Revue dö monde musulman», «Le bülletin dölomote France-Orient», «La Revue Contemporaine», «Journal Asiatque» , «La Revue Politique et Parlamentarie», «La Revue des Jeunes», «Le Fiqaro» və bu kimi mətbu orqanları ilə əməkdaşlıq etmiş, bir neçə il məşhur «La Revue de deux Mondes» fransız jurnalında çalışmışdır; Azərbaycan mətbuat tarixinə dair ilk dəfə tədqiqat əsərini qələmə almış, mətbuat-nəşriyyat, redaktor, əlifba islahatı problemlərinə dair xeyli məqalə dərc etdirmiş, İran mətbuat tarixinə dair məqalə yazmışdır. “Azadlıq” radiostansiyasının yaradılmasında da mühüm rol oynamışdır. Mətbuatın cəmiyyət həyatındakı yeri və rolunu yüksək dəyərləndirən Ceyhun Hacıbəyli ilk dəfə mətbuat tarixi haqqında tədqiqat işi aparıbdır.
C.Hacıbəyli sevə-sevə “mədəniyyətimizin pioneri” adlandırdığı milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin həyat, fəaliyyətinə də dəfələrlə məqalələr həsr etmişdir. Bu baxımdan onun «Kaspi» qəzetində dərc olunan və «Həsən bəy Məlikovun xatirəsi» (1912-ci il, № 269) və «Müsəlmanın qeydləri» rubrikası ilə «Yeddi il» adlı məqalələri (1914-cü il, № 267) diqqəti xüsusi ilə cəlb edir.
C.Hacıbəyli Həsən bəy Zərdabi ideya və əməllərinin daim aktual və əhəmiyyətli olduğunu diqqətə çatdırır və bu məsələnin həmişə gündəlikdə saxlanılmasında qələm əhlinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayır.
Daha sonra C.Hacıbəyli cəmiyyətin ictimai həyata və fəaliyyətə biganəlyindən, laqeydliyindən təəssüf və ürək ağrısı ilə bəhs edir.
C.Hacıbəyli məqalədə ətalət və cəhalət içində boğulan, eyni zamanda hər cür yeniliyə qarşı amansız müqavimət göstərən mövcud cəmiyyətlə H.Zərdabi ideyalarının mücadiləsini, çarpışmasını canlı və obrazlı təqdim edir: “Qaranlıqlar üzərinə əsl ziyalı kimi gedirdi. Onun məramı, məqsədi o qədər möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya bilməzdi. Həsən bəy çörək qədər həyati məsələlərdə belə öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda – yəni Qafqazdan kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi”.
C.Hacıbəylinin düşündürən, narahat edən suallar çoxdur: nə üçün Həsən bəyin proqramlarının, islahatlarının, ideya və əməllərinin icraçıları, davamçıları yetişmir? 30-40 il bundan əvvəl xeyriyyəçilik, maarifçilik cəmiyyətlərinə, teatra, mətbuata tələbat olduğu bir halda, niyə indi yeni tələbatlar yaranmır? Görkəmli publisist adamlara təsir etmək, onların hisslərinə toxunmaq, onları hərəkətə gətirmək üçün sözün qüvvəsindən, qüdrətindən çox məharətlə istifadə edir: “Mərhum Həsən bəyin şəxsiyyəti və tərcümeyi-halına aid keyfiyyətlərdən danışmayacağam; bütün həyatını doğma Vətənə və ölkəyə həsr edən adamın hansı vəziyyətdə bizi tərk etdiyindən, dünyasını dəyişdiyindən danışmayacağam; müsəlman cəmiyyətinin bu insanın xatirəsinə və ondan sonra qalan ailəsinə təəccüb doğuran münasibətindən danışmayacağam. Həsən bəyin xatirəsini heç olmasa, adi qəbir daşı ilə əbədiləşdirmək fikrini dəfələrlə təkrarlayan ziyalıların nümayəndələrindən soruşmayacağam ki, bəs fikirlərinizə, ideyalarınıza nə oldu, niyə onlar söndü? Şəxsi məmnunluğun rəhnini ictimai səadətdə görən mərhumun baxışlarında qalmamaq arzusu ilə bütün bu suallardan mən sükutla yan keçirəm. Həsən bəyin unudulmuş xatirəsində mən əksinə ucalığı, yüksəkliyi, təmiz Bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə yaratmaq olar. Elə bil ki, Həsən bəyin həyatı da, ölümü də cəmiyyət üçün qurbanlıq idi. Bu vəziyyətdə hansısa bir sirr, müəmma var. Biz o xalqıq ki, xan və müstəbidlərin zorakılığından bizi xilas edən cəngavər igidlərin şərəfinə şeir qoşur, onları minnətdarlıq hissi ilə yad edirik”.
C.Hacıbəylinin publisistikasını cəsarətlə döyüşkən və ideyalar publisistikası adlandırmaq olar. O, oxucunu inandırmağın, onun qəlbinə və beyninə təsir etməyin, rəy formalaşdırmağın mahir ustasıdır.
C.Hacıbəylinin Həsən bəyin xatirəsinə həsr etdiyi “Yeddi il” adlı digər məqalə daha kəskin, daha sərt üslubdadır. Görünür ki, ötən müddət ərzində cəmiyyətin Həsən bəyə münasibəti Ceyhun bəyi qəzəbləndirmişdir: “Bu gün müsəlmanların (azərbaycanlıların – T.A.) mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur. Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 7 il keçir. Hələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə həmin gün o çıxışları sovurub apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-burda danışdılar, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini verdilər – vəssalam”.
C.Hacıbəyli publisistikasının məğzi, mahiyyəti, ideyası, amalı maarifçilik missiyasına xidmət etməsidir ki, onun da qida mənbəyi müəllifin təhsilə, məktəbə tükənməz sevgisidir. O, mətbuatı cəmiyyətin dirçəlişi üçün mühüm vasitə, millətin nicat yolu hesab etdiyindən mətbuat xadimlərinin əməyini, fəaliyyətini yüksək dəyərləndirir, onların xatirəsinin ehtiramla yad edilməsinin zəruriliyini diqqətə çatdırırdı. Ceyhun bəy ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi unutduğuna görə qınayır. Halbuki digər xalqlar ona xidmət göstərən övladlarının xatirəsini əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir. Bizdə isə tamamilə əksinədir.
C.Hacıbəylinin tənqid hədəfində cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır O yazır ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik. Bu mənada Həsən bəyin neçə illər boyu üzvü olduğu müəssisənin münasibəti daha qəribə təsir bağışlayır. Mən bizim şəhər özünüidarəsini, onun Uçiliş Komissiyasını nəzərdə tuturam. Elə bil ki, Məlikovlar familiyasına etinasızlıq göstərmək bu idarənin iş sisteminə daxil olmuşdur.
Böyük xalq xadiminə ögey, laqeyd, biganə münasibətdən hiddətlənən C.Hacıbəyli məqaləni daha sərt cümlələrlə bitirir: “Bütün hallarda, iş yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də, vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin ailəsinə nəinki yardım göstərilmir, əksinə, bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına yaşamağa maneçilik törədilir. Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır…”
Qarşıdan Ceyhun bəyin anadan olmasının 125 illik yubileyi gəlir. Fikrimizcə, C. Hacıbəyli də xatirəsinin əbədiləşdirilməsi haqqını qazanmış görkəmli xadimdir.