Başqasının arxasınca danışmaq günahdır

0
274
kainatBir gün özünüzü yoxlayın, görün neçə dəfə qeybət etdiniz. Əslində bu saat qeybət məsələsində vəziyyətimiz çox ağırdır. Bəlkə də bizim yazıya bu cür başlamağımızın özü də bir növ qeybətə bənzədi, amma acı həqiqətdir ki, bu gün Azərbaycanda çoxumuz bu xəstəliyə yoluxmuşuq. Qəzetlər başdan-ayağa qeybət, iftira, böhtanla doludur. Yuxarılar aşağılara nə edir, bu başqa söhbətin mövzusudur. Aşağıların da işi-peşəsi yuxarıların qeybətini etməkdir. Evdə, küçədə, çayxanada, işdə, Allah bilir daha haralarda qeybət baş alıb gedir.
Qeybət, yanında olmayan biri haqqında pis şeylər danışmaqdır. Bu söylənən şey doğru olsa da, qeybət sayılır. Belə ki, o sözlər onun üzünə deyilmədən arxasınca deyildisə, qeybətdir. Yox, əgər olmayan şeylərdən danışılırsa, bu həm də iftiradır, yəni daha betər. İnsan mənəviyyatında ən yayğın xəstəliklərdən biri heç şübhsəsiz qeybətdir. Dilini qeybətdən qoruya bilən insan mənən çox böyük ehtimalla sağlam insan olmalıdır. Bu gün cəmiyyətimizdə çoxumuz fərqinə varmadan bu xəstəliyin içinə dalmışıq. Dörd tərəfimiz yalan, riya, haram və təbii ki, qeybətlə doludur. Ümumiyyətlə, başqasının arxasınca danışmaq heç zaman və heç yerdə xoş qarşılanmayıb. Hələ dədə-babadan belə bir adət olub ki, pis sözü insanın üzünə, xoş sözü arxasınca deyərlər. İndi sözlərin yeri dəyişib: xoş sözü üzə, pis sözü qarasına deyirlər. Amma bəzi məqamlar var ki, kiminsə arxasınca gerçək olan pis şeyləri demək qeybət olmaz. Məsələn, bir müəssisədə işləyirsən. Yeni gələn iş yoldaşını bir başqası aldadıb ya pulunu əlindən almaq istəyir, ya pis vəziyyətə salmaq istəyir. Qısası o adama qarşı bir xəyanət planı hazırlanır. Sən də işi bildiyindən o adama gerçəkləri başa salırsan və kimlərdənsə uzaq durmağını məsləhət görürsən. Başqa bir misal: Müəssisəyə yeni başçı gəlib. Hələ hər kəsi tanımır, işin gedişindən xəbərsizdir. 3-4 nəfər yaltaq onu əhatə edib həmişə işi öz mənafelərinə uyğun düzüb-qoşurlar. Nəticədə müəssisənin ümumi mənafeyi zərbə alır. Bu məqamda o rəhbərlə oturub ona gerçəkləri anlatmaq, kimlərisə yaxın ətrafından uzaqlaşdırmasını məsləhət görmək qeybət sayılmaz. Çünki burada çoxluğun mənafeyi, həm də haqlı mənafeyi güdülür. Kiminsə ağzını-burnunu əymək, yamsılamaq da qeybətdir, haqqında pis məktub yazmaq da qeybətdir.

Bəli, heç çoxumuz fərqinə də varmırıq. Amma çoxumuz xəstəyik, qeybət xəstəsi. İnanmırsınızsa, bir gün özünüzü sınayın, görün, neçə dəfə qeybət edəcəksiniz.