Qoruqbağı kənd Mədəniyyət Evi və 6 saylı kənd kitabxanasında Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirildi. Mədəniyyət Evinin müdiri Hicran Manafova 140 il əvvəl Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi”nin ilk sayının çapdan çıxması ilə Azərbaycan milli mətbuatının təməlinin qoyulduğunu diqqətə çatdırdı. Bildirildi ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün zamanlarda öz sözünü deməyi bacaran, xalqımızın maariflənməsində, savadsızlığın və mövhumatın aradan qaldırılmasında dəyərli vasitə olub.
Hicran Manafova qeyd etdi ki, “Əkinçi” qəzeti çar senzurasının qoyduğu qadağalardan kənara çıxaraq, Azərbaycanda demokratiya tribunasına çevrildi. Qəzetin xalqın maariflənməsində, milli özünüdərkin aşılanmasında rolunu görən çar Rusiyası imperiyası bunun heç də yaxşı nəticə verməyəcəyini anlayırdı. Odur ki, 1877-ci ilin sentyabrında “Əkinçi” hökumət tərəfindən bağlandı. 6 saylı kitabxananın əməkdaşı Gülər Allahverdiyeva çıxışında bildirdi ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatın da inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər mətbuata və KİV işçilərinə daim hörmət və diqqətlə yanaşırdı. Mətbuatın inkişafı qarşısında ən böyük əngələ çevrilən senzura isə Ulu Öndərin “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə aradan qaldırıldı.
Gülər Allahverdiyeva rayonumuzda nəşr olunan “Əkinçi” qəzetinin, həmçinin Zerdab.com saytının əhalinin maarifləndirilməsi istiqamətində gördüyü işlərdən də bəhs etdi.
Tədbirdə məktəblilər tərəfindən milli mətbuatımızla bağlı şeirlər də səsləndirildi.
Gülər Allahverdiyeva,