Mərhəmət ayı

0
62
ZƏRDAB BIÇAQÇITükənməyən sevinc, ləzzət və həvəslə ürəklərimizi riqqətə gətirən bir ay varsa o da Ramazandır. Bütün fəsillərin, ayların ruhunu və onlardan süzülüb gələn mənaları ən şirin bir işvə ilə təqdim edən Ramazan günləri ruhumuza tamam başqa bir ləzzət bəxş edər, onları tamam başqa bir məhəbbətlə oxşayar və ürəklərimiz həyat eşqi ilə coşub daşar…
Ramazan günləri dünyanın hər yerində xüsusilə də müsəlmanlar arasında əsl bayrama çevrilər və yeni-yeni sevinclərə, yeni-yeni həyəcanlara səhnə olar…

Ramazan könüllərə gecələr başqa, gündüzlər isə başqa bir ahəng bəxş edər, cəmiyyətin bir-birindən qopub ayrılmış hissələrini bir yerə toplayar, hər kəsə yeni bir hiss və fikir ziyafəti verər, insanları bir daha həyata ruhlandırar…

Ramazan minarələrdəki işıqlardan məscidlərdəki çilçıraqlara, yollardakı qəndillərdən evlərimizdəki lampalara, insanların üzlərindəki duruluqdan könüllərdəki aydınlıqlara qədər hər yeri işığa bürüyər…

Ramazan könüllərimizi elə bir hava ilə oxşayar ki, olsa-olsa ancaq vüsal arzusu bu qədər cəlbedici ola bilər.

Ramazanda sanki bütün gizli pərdələr qalxar və o ana qədər qəlbimizin bir guşəsində səssiz-səmirsiz uyuyan eşq, həvəs birdən-birə canlanar, sonsuzluq və əbədiyyət arzusu ilə coşub bütün varlığımızı bürüyər…

Bu müqəddəs arzuya çatmaq üçün namazlar ilahi aləmlərə pəncərə açar, təravihlər ürəkləri cuşa gətirər və insanlar sanki mələkləşər…

Ramazan həm də Quran ayı olduğu üçün bütün il boyu Qurandan ayrı qalanlar özlərini birdən-birə bu sirli aləmdə görər və Quranın onların başlarına yağdırdığı ruh və məna yağışı mənəvi dünyalarının qurumaqda olan bütün vadilərini sulayar, könül dünyalarını başdan-başa bir gül bağcasına çevirər… Onlar Qur’anda bütün varlıqların nəfəsini hiss edər, ümidlə pərvazlanar, bəzən bulud kimi dolar, bəzən boşalar, yavaş-yavaş pərdələrin qalxdığını görər və Allaha həmişəkindən daha yaxın olduqlarını hiss edərlər…

Quranın ilahi mənasını, ancaq onda bütün varlığın səsini eşidə bilənlər anlayar. Quranı sanki ona nazil olmuş kimi dinləyə bilən böyük ruhlar Onda cənnət meyvələrinin ləzzətini, cənnət bağcalarının rəngarəngliyini və gözəllliyini, cənnət yamaclarının mənzərələrini görər və coşub daşarlar.

Onun dərinliklərinə yelkən aça bilən saf könüllər hər dəqiqə bir mərtəbə yüksəldiklərini hiss edərlər.

Bu insanların həyat və düşüncələrində “metafizika” “fizikanı”, məna isə maddəni tamalayar, hər şey pərdə arxasındakı dəyəri ilə ortaya çıxar. Bu insanların çöhrələrində dərin bir kamillik, saflıq, səmimiyyət, lətafət və cazibə hiss olunar.

Onlar heç bir şey deməsələr, heç bir şey danışmasalar da o baxışlardan, o duruşlardan bu mənalar süzülər…

Ramazan qədər gecəsi bir, gündüzü isə başqa bir aydınlıqla cilvələnən ikinci ay yoxdur.

İnsanlar hər yeni Ramazanda bir daha (həm də bütün təravəti ilə) Quranı və Onun hər tərəfə yayılmış işarələrini, Allah eşqini və onun inanan insanların üzlərindəki izlərini görər və hiss edərlər.

Bəli, qadın-kişi, cavan-qoca, varlı-kasıb hamı bu mübarək zaman dilimində ramazanlaşar və Ramazanın gətirdiyi hava ilə nəfəs alar.

Hər kəs öz istedad və qabiliyyətinə görə insanı uçuruma aparan mənəvi kirlərdən təmizlənər və sanki cənnətlərə namizəd olar.

Ramazan o qədər bərəkətli bir aydır ki, kölgəsinə sığınan hər kəs Onun sərvətindən istifadə edər. Cavanlar-qocalar, ağıllılar-dəlilər, işə yarayanlar-yaramayanlar, hakim olmaq üçün yaradılanlar, məhkum olmaq üçün dünyaya gələnlər, tufanlara, qasırğalara davam gətirə bilənlər, adi bir zəlzələyə də davam gətirə bilməyib məhv olanlar, həyatlarını bədbinlik içərisində inildəyərək keçirənlər, cəhənnəmlərin içərisində də ümid məşəlinə çevrilənlər, ömürlərini başqalarının hesabına yaşayanlar, dərd altınla qalıb əzilsələr də ətrafa sevinc paylayanlar, həyatını yeməyə, içməyə, yatmağa həsr edənlər, yeməkdən, içməkdən, yatmaqdan qat-qat üstün olanlar, bir sözlə hər kəs Ramazanın parlaq iqlimində başqalaşar…

Ramazan özünəməxsus dadı, havası və ruhu ilə könüllərə elə kök salar ki, heç bir şey ona müqavimət göstərə bilməz.

Ramazanda hər şeyi öz sirr pərdəsi ilə örtən gecələr o qədər doğma və o qədər şirin, insanları sevgi ilə bağrına basan gündüzlər o qədər isti və o qədər hərarətli, Allaha dəvət edən səslər o qədər şəfqətli və o qədər dərin olar ki, bu mübarək aya qucaq açanlar müvəqqəti də olsa dərdlərdən, kədərlərdən sıyrılar və cənnət sevincini yaşayarlar.