Şərtli sevgilərin övladları

0
49
sevgi evlilik aileUşaqlar çox vaxt valideynlərinin arzularının, daha doğrusu, valideynlərinin onlardan gözlədiklərinin qurbanı olurlar.
 Şərtli sevgilərin şərtlərini yerinə yetirə bildikləri nisbətdə seviləcəklərini düşünürlər. Valideynlər uşaqlarının uğur qazanmaları üçün işlətdikləri “Afərin mənim qızıma”, “Sən bunu bacararsan”, “Mənim aslan oğlum”, “Bilirəm ki, sən bunun öhdəsindən gələcəksən”, “Onsuz da sən sinfin birincisisən”, “Sən mənim oğlumsan. Mən əlaçı olmuşam, sən də əlaçı olacaqsan”, “Qonşunun qızı da bunu bacarandan sonra sən ondan daha yaxşı bacararsan” kimi ifadələr əslində bu deməkdir: “Əgər sən uğur qazanarsansa, filan şeyləri bacararsansa, mənim gözümdə ucalarsan, yəni o zaman mən səni sevərəm”.

Duyğular uşaqlara bu şəkildə süni yollarla yeridilməyə çalışıldıqca uşaqlar da valideynlərinin onlardan gözlədiklərini həyata keçirmək üçün valideynlərinin barmaqla göstərdiyi istiqamətdə qaçmağa çalışırlar.

Bəs, görəsən, uşağın potensialı valideynin istəkləri ilə üst-üstə düşürmü? Yaxud da valideyn uşağın dərsləri ilə bağlı kifayət qədər məlumat toplayıbmı (məsələn, uşaq toplama-çıxmanı bilmir, bundan xəbərsiz olan valideyn isə: “Aslan oğlum, sən bu vurma cədvəlini hamıdan əvvəl və hamıdan yaxşı əzbərləməlisən”, deyə guya uşağı həvəsləndirdiyini zənn edirsə, o uşağın ruh halı necə olar?)?

Ata uşağı həvəsləndirici bir-iki cümlə dedikdən sonra qonaq otağında televizorun kanallarını çevirir, uşaq isə yataq otağında dərdli-dərdli düşünməyə başlayır. Çünki atasının onun dərslərindəki əskiklikləri bilmədən ondan daha böyük şeylər gözləməsi uşağın dərdinin üstünə dərd gətirmişdir. Uşaq o anda atasına keçmiş əskikliklərini, bilmədiyi mövzuların olduğunu və s. də deyə bilməz. Çünki bunu etiraf etdiyi zaman uşağın fikrincə, atasının bütün həyəcanı, həvəsi, ümidləri sönəcək və ən azı bir gecəsi alt-üst olacaq. Bu riski isə hər uşaq gözə ala bilməz.

Bir ailə təsəvvür edin. Gələn qonaqlara ata öz uşağı haqqında məlumat verir:

Sərdar sinfin birincisi olmağa ən real namizəddir. Sabah da imtahanları var. O, imtahanda da yüksək qiymət alsa, vəssalam. Sinfin birincisi olur. Sağ olsun, çox yaxşı oxuyur dərslərini. Biz ona dərs oxu demirik. Özü məktəbdən gələn kimi başlayır dərslərini oxumağa…

Ertəsi gün Sərdar imtahanda üçüncü olur. İndi təsəvvür edin o ailənin vəziyyətini. Sizcə,

Sərdar üçüncü olduğunu atasına deyə bilərmi? Bunu dediyi təqdirdə, bir gün əvvəl evdə formalaşan bayram əhvali-ruhiyyəsi onun ucbatından sönməzmi?

Deməli, Sərdar ya yalan danışıb duyğusuz hərəkət edəcək, ya da dərin psixoloji travma yaşayacaq ki, hər iki hal olduqca təhlükəlidir.

Budur, şərtli sevgilərin doğurduğu uşaqlar. Halbuki uşaqlarımıza söz və ya davranışlarımızla mesajımız bu olmalıdır:

“Oğlum (qızım), istər uğur qazan, istərsə qazanma, istər dərslərini yaxşı oxu, istər yaxşı oxuma, istər birinci ol, istər dünya sonuncusu, sən mənim oğlumsan (qızımsan) və mən səni heç bir şərt qoşmadan, nə olursa olsun sevirəm. Çox, çox, çox, lap çox sevirəm”.

Bu mesaj uşaqların ruhi sağlamlıqları baxımından olduqca əhəmiyyətlidir və valideynlər unutmamalıdırlar ki, yalnız ruhu sağlam olan insanlar həyatda uğur qazana bilərlər. Ruhi xəstələr  isə ancaq acınacaqlı vəziyyətdədirlər.

Elmir İsgəndərov
elmirisgenderov@yahoo.com.tr