Keçmiş Zərdab kəndi ilə Lələ Əhmədli və Müskürlü kəndlərinə məxsus torpaqlar (qışlaqlar) arasında 1840-cı ildə sərhəd xəttinin təyin edilməsi barədə göstəriş məktubu
Mənbələrə görə Zərdab Azərbaycanın qədim yaşayış məntəqələrindən olsa da rəsmi olaraq onun adı 1578-ci ildən “Zərdab sancağı” kimi çəkilmişdir. Zərdab xanlıqlar dövründə iri yaşayış məntəqəsi olmuşdur. O vaxt Bakı-Salyan yolunun Sanqaçaldan ayrılan bir qolu Nəvahi, Cavad, Tilan-Qoyun kəndlərindən keçərək Zərdaba gəlib çıxmış, sonra da bu yol Gəncəyə və ya Mingəçevir kəndinə uzanmışdır.
Indiki Zərdab rayonunun ərazisində olan keçmiş yaşayış məntəqələrinin tarixini geniş şəkildə bilmək istəyiriksə, ilk növbədə dahi Həsən bəy Zərdabi yaradıcılığına istinad etmək lazımdır.
Zərdabın qədimliyini təsdiq edən çoxlu sayda faktlar vardır. Qədim Bərzənc Zərdabın X əsr tarixinin simvoludur. Tarixçilər haqlı olaraq qeyd edirlər ki, Zərdabın indiki Körpükənd kəndi də elə Bərzənclə bir tarixin yadigarıdır. Bəli, qeyd etməliyik ki, orta əsrlərdə Şərqin ən böyük şəhərlərinə-İrəvana, Dərbəndə, Tiflisə, Beyləqana, Bərdəyə, Rusiyaya, Həştərxana, İrana ticarət yolları buradan-Körpükənddən Kür çayı üzərindəki sal körpü vasitəsi ilə keçirdi.
Mənbələrdən bizə məlumdur ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Zərdaba-“Qoyun ülumu”na (bu Zərdabın keçmiş adı olmuşdur) gəlmiş, buradan Qəbələyə, sonra isə Şamaxıya yürüş etmişdir (“Qoyun ülumu”- qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir).
Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, “Yevlax” adlanan yerdə dayandı… Zülhiccinin 11-də “Qoyun ülumu” keçidinin yanından Kürü keçdi…”.
Zərdabın indiki Əlvənd kəndinin “Beyləqan” adlanan məhəlləsi də çox qədim zamanlardan xəbər verir. Görünür XIII əsrdə monqollar tərəfindən sıxışdırılan beyləqanlılar bu kənddə məskunlaşmışlar. Əlvənd bazarı Şərqin ən böyük bazarlarından olmuşdur.
Əlvənd kəndi ilə yanaşı, Zərdabın indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin də tarixi çox qədimliyə söykənir. Lələhmədli sülaləsi qədim Quşçu tayfasından olmaqla, o indiki Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı, Qaravəlili), Xanməmmədli və Hüseynxanlı kəndlərini əhatə etmişdir. Bu qədim Lələhmədli elinin dəfn olunduğu indiki Dəli Quşçu kənd qəbiristanlığının 500 illik tarixi vardır. Deyilənə görə bu 500 illik tarixdən qabaq isə lələhmədlilərin indiki məzarlığının yeri onlara məxsus olmuş, “Çalı Piri” deyilən ərazidə mövçud olmuşdur.
Mövzu ilə bağlı Şamaxı xanlığının yaranması, xanlıqda müəyyən zaman kəsiyində baş vermiş tarixi hadisələr, onu idarə edən hakimlər, idarəçilik sistemi barədə məlumat verməklə yaddaşımızı bir qədər təzələmək yerinə düşərdi.
Mənbələrdə bildirilir ki, Nadir şah Əfşarın yaratdığı imperiyanın dağılması ilə əlaqədar XVIII yüzilliyin ortalarında Köhnə Şamaxıda varlı ailədən olan Xançobanı tayfasının Sərkərlər nəslinin nümayəndəsi Allahverdi bəyin oğlanlarının, Yeni Şamaxıda isə Hacı Məhəmməd Əlinin hakimiyyətə gəlməsi ilə ikihakimiyyətlilik əsasında Şirvanda müstəqil xanlıq yaranır.
Tarixdən bizə məlumdur ki, XVIII əsrin ortalarında Azərbaycanda Şamaxı xanlığı feodal dövləti olaraq, Şamaxı xanlığı Bakı, Quba, Şəki, Qarabağ, Cavad xanlıqları və Salyan xanlığı ilə həmsərhəd idi. Paytaxtı bir müddət Ağsu (Yeni Şamaxı), sonralar isə Şamaxı şəhəri olmuşdur.
Nadir Şah Şamaxı əhalisini indiki Ağsu ərazisinə köçürdükdən sonra şəhər əvvəlki əhəmiyyətini demək olar ki, itirmişdi. Feodal çəkişmələri də təsərrüfat həyatına ağır zərbə vurmuşdu. Xan ailəsinin xərcləri, feodal qoşun dəstələrinin saxlanılması və s. külli miqdarda vəsait tələb edirdi. Bunun da əsas ağırlığı zəhmətkeş kəndlilərin üzərinə düşürdü. Xanlıqda onlarca mükəlləfiyyət mövcud idi. Vergi toplanılmasında vahid qayda olmadığından vergi toplayan məmurların özbaşnalığına şərait yaranmışdı.
Nadir Şahın öldürülməsindən (1747) sonra, hələ onun dövründən Şirvanda vergi toplamaqla məşğul olan Hacı Məhəmmədəli 1748-ci ildə Yeni Şamaxıda hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Xançobanı tayfa başçısı zərdablı Əsgər bəyin oğulları Ağası xan və Məhəmməd Səid xan öz hakimiyyətlərini möhkəmlətdilər.
Yeri gəlmişkən qeyd edək ki, Xançobanı XVII – XVIII əsrlərdə Şirvan ərazisində yaşayan elin adıdır (tərəkəməçiliklə məşğul olan tayfa başçısı Əsgər bəyin və onun oğullarının o zaman indiki Zərdab rayonu ərazisindəki Əlvənd kəndindən olmaları və orada məskunlaşmaları tarixi reallıqdır – E.Həsənov). Məlumdur ki, bu gün də həmin tayfanın, nəslin Zərdab, Ucar, Göyçay, Şamaxı, Ağsu və digər rayonlarının ərazilərində yaşayan nümayəndələri vardır. Bununla bağlı araşdırmalar aparmağı gərəkli hesab edirik.
Şamaxı xanlığının əsasını Hacı Məhəmmədəli bəy, Məhəmməd Səid və Ağası qardaşları qoymuşdular. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud idi. Belə ki, Şirvan torpaqlarının bir hissəsini əhatə edən Şamaxı xanlığında həm Məhəmmədəli xanın (mərkəzi Yeni Şamaxı idi), həm də Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti (mərkəzi Şamaxı ) mövcud idi.
Qardaşlar Nadir Şah Qırxlı-Avşar tərəfindən bu yörəyə vəkil təyin edilmiş Hacı Məhəmmədəli xan Sufi Nəbi oğlu Zərnavainin idarəçiliyi, başçılığı ilə barışmır və ona qarşı mübarizəyə başlayır. 1763-cü ildə tabeliyində olan elatlara arxalanan Məhəmməd Səid xan hücum edərək Yeni Şamaxını tutdu və Məhəmmədəli xanı əsir aldı. Yeni Şamaxı Köhnə Şamaxıya birləşdirildi və bu torpaqlar üzərində Məhəmməd Səid xanın hakimiyyəti bərqərar oldu. Şamaxı yenidən xanlığın mərkəzi oldu.
Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: “Hicri 1178-ci (1765) ildə Əsgər bəyin oğlanları Məhəmməd Səid xan və Ağası xan elat arasında Vəkildən (Kərim xan Zənddən-Ə.Ç.) xanlq ləqəbi qazanıb Ağsu şəhərini aldılar və cahi – cəlalı sevib dinc yaşamaq istəyən Hacı Məhəmmədəli xanı öldürdülər.”
A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Əlvəndin adını çəkir və yazır ki, “1775-ci ildə Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hakim oldu”.
Xanlıqda təkhakimiyyətliliyin yaradılmasına baxmayaraq, dövlət daxilən zəifləmişdi və xarici qüvvələrdən özünü yaxşı müdafiə edə bilmirdi. Bu zaman zərdablı Məhəmməd Səid xanla Şəki xanı Hüseyn xan arasında kəskin münaqişə yaranmışdı. Bundan istifadə edən Fətəli xan Hüseyn xana Şamaxı torpaqlarını işğal edib bölüşdürmək barədə sazişə girməyi təklif etdi. 1767-ci ildə müttəfiq qoşunlar Şirvan torpaqlarına daxil oldular. Məhəmməd Səid xan və Ağası xan döyüşdə məğlub oldular. Şamaxı xanlığının qərb hissəsi Şəki xanlığının tərkibinə qatıldı, qalan ərazilər isə Quba xanlığına birləşdirildi. Hüseyn xan Ağası xanın gözlərini çıxartdıraraq, Kür çayı sahilindəki Kotavan adlı əraziyə (indi həmin ərazidə o yerin adı ilə bağlı olan, Ağdaş rayonunun Kotavan kəndi yerləşir – E.Həsənov), Fətəli xan da Məhəmməd Səid xanı həbs edib Dərbəndə göndərdi. Paytaxt yenidən Ağsuya köçürüldü.
Lakin müttəfiqlər arasında narazılıq aradan qaldırılmamışdı. Fətəli xan Şirvanın bir hissəsinin Şəki xanlığına qatılmasına razı deyildi. Vəziyyəti belə görən Hüseyn xan Ağası xanla barışmağa qərar verdi. Ağası xan Şirvan bəylərini öz tərəfinə çəkdi, Hüseyn xan isə Fətəli xanın Dağıstanda nüfuzunun artmasından qorxan Avar xanı ilə ittifaqa girdi. Müttəfiqlərin qoşun hissələri Şirvana-Fətəli xanın üzərinə hücum etdilər. 1768-ci ilin sentyabrında Fətəli xanla müttəfiq qonşuları arasında qanlı döyüş baş verdi. Hüseyn xan məğlub edildi. Şəki xanlığının ixtiyarında olan Şamaxı torpaqları da Quba xanlığına birləşdirildi.
Hüseyn xanın əvvəlki vəziyyəti bərpa etmək təşəbbüsləri heç bir nəticə vermədi, döyüşlər Şəki xanının məğlubiyyəti ilə nəticələndi. Şəki xanının köməyi ilə Şirvan xanları hakimiyyətinin bərpası yalnız 1790-cı ildə mümkün oldu.
1780-ci ildə Quba xanı Qarabağa hücum etdi. O, bu yürüşə Tarku Şamxalını və Şamaxı xanını da qatmışdı. Fətəli xanın 8000 nəfərlik qoşunu Kür çayını keçərək Qarabağ üzərinə yeridi. İbrahimxəlil xan Cavanşir muzdluların haqqını vaxtında ödəmədiyi üçün yardımına yetən olmadı. Birləşmiş qoşunlar xanlığın bir neçə kəndini və obasını qarət edib xeyli mal-heyvanla geri döndülər.
İbrahim xanın Şirvan xanına yardım etməsi Fətəli xan Qubalının xoşuna gəlmirdi. Tarixçi Abbasqulu ağa Bakıxanov yazır: “Hicri 1198 (1784)-ci ildə Fətəli xan Ağası xana kömək edən İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı və Qarabağın aşağı mahallarını talan etdi.
1785-ci ildə Ağası xanın böyük oğlu Əhməd bəy İbrahimxəlil xanın qardaşı Mehrəli bəy Sarıcalı-Cavanşiri öldürdü. İbrahimxəlil xan qardaşı ilə arası olmasa da, bu hadisə iki xanlıq arasında sərinliyə səbəb oldu”.
A.Bakıxanov daha sonra belə yazır: “Fətəli xan hicri 1199 (1785)-cu ildə Ağası xan və onun müttəfiqi Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu zaman qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəy Fətəli xanın yanında idi. Bir gecə Bakıdan Şirvana getdiyi zaman, yolda Ağası xanın böyük oğlu Əhməd bəyə rast gəldi, aralarında müharibə oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra İbrahim xanla Fətəli xan dostlaşmağa başladı. Ağası xana qarşı hər iki tərəfdən qoşun göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi, oğlanları ilə bərabər məhbus olaraq, Qubaya göndərildi”.
Ağası xan elçi göndərib İbrahimxəlil xandan üzr istədi. Barışmaqlarını təmənna etdi. Qarabağ xanı onu bağışladı. 1786-cı ildə İbrahimxəlil xan Cavanşir Lənkəran xanı ilə birləşib, Şirvana yürüş etdi. Onlar Məhəmməd Səid xanı kənarlaşdırıb, yerinə kor qardaşı Ağası xanı hakim qoymaq istəyirdilər. Fətəli xan Qubalı bu yürüşü edib Salyandan Şamaxıya gəldi. İbrahim xana təklif etdi ki, Məhəmməd Səid xana toxunmasın. Təklif rədd olundu. Sonra böyük məbləğdə mükafat verib Qarabağ və Lənkəran xanlarının Şirvandan çəkilməsini razı saldı. Acığını Ağası xanın üstünə tökən Fətəli xan ondan zorla 10 min manat pul aldı.
Xançobanı tayfa başçısı, zərdablı Əsgər bəyin oğlanları Ağası və Məhəmməd Səid qardaşlarının keçdiyi tarixi proseslərin ardıcıl olaraq şərhinə və onların oğlanları ilə bağlı tarixi məqamlara, Ağası xanın oğlu, 28 il Şamaxı xanı olmuş Mustafa xanın həyatı barədə verdiyimiz yazıda tanış ola bilərik.
Şamaxı xanları Xançobanı mahalından olduğu üçün bu mahalın tərkibində olan obaların əhalisinə vergi təyin etməmişlər. Bunun əvəzində Xançobanı mahalının sakinləri Mustafa xana onun tələb etdiyi qədər qoyun verirdilər.
Şamaxı xanlığında divan-dövlət torpaqları, xassə, mülk, tiyul, vəqf və camaat torpaq mülkiyyəti formaları mövcud olmuşdur. Həmin dövrdə xanlıqda ən iri torpaq sahibi xan və xan nəslinin nümayəndəsi idilər.
Xan və xan ailəsinə məxsus torpaqlar xas adlanırdı. Xanlıqlar dövründə divan torpaqları ilə xas torpaqları arasında sədd getdikcə aradan qalxmış və hamısı xan torpaqları adlanmışdır.
Şamaxı xanlığında torpaq mülkiyyətinin geniş yayılmış formalarından biri də mülk idi. Mülk xüsusi xidmət müqabilində xan tərəfindən bəylərə və digər şəxslərə verilən mülkiyyət idi.
Şamaxı xanlığında kənd əhalisinin başlıca məşğuliyyəti maldarlıqla yanaşı, əkinçilik olub, kəndlilər əsasən buğda, arpa, çəltik əkirdilər. Bundan əlavə xanlığın iqtisadi həyatında ipəkçilik əsas yer tuturdu. Xanlığın aran torpaqlarında, o cümlədən indiki Zərdab ərazisində ipəkçiliklə-barama istehsalı ilə məşğul olurdular. Mustafa xanın qardaşı İsmayıl bəyin idarə etdiyi Əlvənddə ipək daha çox idi.
Təbii ki, xanlığın xeyrinə hər bir məhsul üzrə müxtəlif adda vergilər toplanırdı.
Zərdab, Lələ Əhmədli, Əlvənd və Cavad kəndlərindən keçərək Şamaxıya mal aparan tacirlərdən də xüsusi vergi alınırdı.
Xançobanı mahalının tərkibində mövcud olmuş qədim Lələhmədli obaları barədə bir qədər məlumat vermək istərdim. Belə ki, Lələhmədli obası dedikdə, xanlıqlar dövründən 1920-ci ilədək, bu elin, obanın, tayfanın tanınmış şəxsiyyəti olmuş Lələ Əhmədin şərəfinə adlanan Lələ Əhmədli kəndi nəzərdə tutulurdu. Lələhmədli obasının doğma qolları olan Dəkkəoba kəndi, eləcə də Lələ Əhmədin oğlanlarının adları ilə bağlı olan mülk yerləri Xançobanı mahalının ərazisi daxilində olmuşdur.
Tarixdən bizə məlumdur ki, Hacı Məhəmməd Əli xan Zəməvai 1748-1765-ci illərdə, Məmməd Səid xan Xançobanlı 1748-1786-cı, Ağası xan Xançobanlı 1765-1768-ci, Fətəli xan Qubalı 1768-1769-cu, Abdulla bəy 1769-1770-ci (1770-ci ildən Bakı xanlığı), Eldar bəy 1770-1773-cü, Fətəli xan Qubalı 1773-1786-cı (təkrar), Ağası xan Xançobanlı 1778-1786-cı (təkrar), Əsgər xan Xançobanlı 1786-1789-cu, Qasım xan Xançobanlı 1789-1792-ci, Mustafa xan Xançobanlı 1792-1820-ci illərdə Şamaxı hakimi olmuşlar.
Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü və onların idarəçiliyi ilə mahal bəyləri və ya naiblər məşğul olurdu.
Mahalları xan talağı (fərmanı) ilə təyin olunmuş mahal bəyləri (naiblər) idarə edirdilər. Bu vəzifə irsi olmaqla mütləq qaydada xan tərəfindən təsdiq olunurdu.
Naiblər mahalın inzibati, polis və bəzən məhkəmə işlərinə cavabdeh idi. Şəhərləri kələntər və qalabəyi, kəndləri və obaları kovxalar, yüzbaşılar və kəndxudalar idarə edirdilər. Onları kənd və ya oba icması seçirdi.
Şirvan xanlığında xanın yanında məşvərətçi statusda divan və ya xan şürası fəaliyyət göstərirdi. İdarəçilikdə xandan sonra vəzir gəlirdi. Xanın bundan başqa, maliyyə işlərinə baxanı-sərkər, xanın şəxsi təsərrüfatının idarəçisi-sandıqdar ağası (xəzinədar) və başqa vəzifələr var idi.
Yerlərdə natural vergilərin yığılması ilə darğalar (Şirvan xanlığında) məşğul olurdu ki, Şirvan xanlığında bu cür vergi yığanlar qasim adlanırdı.
Şamaxı xanlığının kənd və obalarının daxil olduğu 17 mahalın tərkibində Şamaxı xanı Mustafa xanın hakimiyyəti dövründə (1792-1820) indiki Zərdab rayonunun inzibati ərazisi daxilində, Zərdab şəhəri (keçmiş Zərdab kəndi), Əlvənd, Çallı, Xələc kəndləri Qarasubasar mahalının tərkibində olmuşdur.
Qarasubasar mahalı indiki Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayırdı.
Mahalın naibi Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəy idi.
Mahal naibləri xanın müəyyən etdiyi vergiləri kənd icmaları arasında bölür, vergi verməkdən boyun qaçıranları vergiləri ödəməyə məcbur edir, lazım gəldikdə kəndliləri qoşuna səfərbər edir, müharibə və yürüş zamanı onlara komandanlıq edir, mahalın sərhədlərini qoruyurdular.
O zaman Müskürlü yaşayış məntəqəsinin tərkibinə indiki Zərdab rayonunun ərazisində yerləşən, Müskürlü tayfası adı ilə tanınan Məmmədqasımlı, Məlikli, Gödəkqobu və Burunlu kəndləri daxil olmuşdur (Bu kəndlər də Xançobanı mahalının tərkibində olmuşdur).
Lələ Əhmədli kəndi və onun bir kökdən, nəsildən olan doğma qolları-Lələhmədli obası da (Dəkkəoba, Vəlixanlı, Nəcəfalılı, Qaravəlili, Hacılı, Hüseynxanlı və Xanməmmədli) Xançobanı mahalının tərkibində olmuşdur.
Xançobanı mahalı indiki Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir və Zərdab rayonlarının ərazisində mövcud olmuşdur. Burada 1821-ci ildə 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü, Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli, Ağaməmməd) 1492 ailə yaşayırdı.
Xançobanı mahalın naibi Məlik Umud idi.
Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçi, dissertant Taleh Əliyev yazır: “Məlikumudlu ərazisindən aşkar olunmuş Atabəy pulunun aversində oğuz damğası olan ox kaman və oğuz boylarının sayını bildirən ulduzlar vardır. Ərəb əlifbası ilə yazılmışdır. Sikkə Məhəmməd Cahan Pəhləvanın dövrünə aiddir. Numizmatik materialların təhlili göstərir ki, Zərdab rayonu ərazisində həm Azərbaycan Atabəylər dövləti, həm də Şirvanşahlar dövləti üçün mühüm məntəqələr yerləşmişdir. Ərazidən Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın adına buraxılmış numizmatik materialların tapılması təsadüfi deyil. Qeyd etmək lazımdır ki, adı çəkilən siyasi xadimlər Şirvanşah III Məniçöhrün siyasi səhvinin qarşısını alaraq tarixi Azərbaycan torpaqları olan Şirvanşahların şimal-qərb ərazilərinin gürcülər tərəfindən işğal cəhdinin, həmçinin, III Məniçöhrün həyat yoldaşı gürcü Tamarın Şamaxıda planlaşdırdığı siyasi çevrilişin qarşısı alınmışdır. Sözü gedən siyasi proseslər məhz Şəmsəddin Eldəniz tərəfindən I Axsitanın Şirvan taxtına çıxarılması ilə nəticələnmişdir. Qeyd etdiyimiz kimi Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və I Axsitanın hakimiyyəti dövrü Azərbaycan tarixində bütün sahələrdə-siyasi-ictimai, sosial-iqtisadi və mədəni sahələrdə intibah-tərəqqi dövrü kimi yadda qalmışdır”.
Qeyd edim ki, keçmiş Zərdab, Müskürlü, Lələ Əhmədli kəndlərinin ulu dədə-babaları, əcdadları tarixən Şirvanşahlar ölkəsinin, diyarının Dağ Şirvan, Aran Şirvan iqtisadi rayonlarına daxil olan bölgələrin, eləcədə Kür-Araz ovalığından, Mil-Qarabağın, Mil düzünün elatları ilə icma halında Azərbaycan daxilində, ayrı-ayrı vaxtlarda ictimai-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazi daxilində fəaliyyət göstərmişlər.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 5 noyabr 1882-ci il tarixli nömrəsində yazırdı: “Zərdab, 26 oktyabr 1882-ci il.” 600 evi özündə birləşdirən Zərdab yaşayış məntəqəsi Kürün hər iki sahili boyunca 50 verst (53,5 km-E.H.) uzanır ki, keçmiş zamanlarda (Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq) Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi. Demək olar ki, həmin ərazilər bütünlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi. Bu bəylər vəziyyətdən istifadə edərək gah bu, gah da o biri sərhəd xanlığına birləşmişlər. Rusların gəlişi vaxtı Zərdab Şirvan xanlığının tərkibinə daxil idi və bundan çox sonra, 1850-ci illərə qədər o, bölünməyən bir tam idi”.
Böyük əraziləri əhatə edən indiki Zərdab torpağı vaxtı ilə Göyçay, Şuşa, Ərəş, Cavad qəzaları ilə əhatə olunduğunu və torpaqların bu qəzaların inzibati sərhəddi daxilində yerləşdiyini göstərən Həsən bəy Zərdabi hər hansı bir hadisə ilə bağlı insanların Zərdab kəndindən adı çəkilən qəzalar üzrə yerləşən məhkəmələrə uzun məsafə qət etmələrini öz yazılarında ürək ağrısı, ürək yanğısı ilə qələmə almışdır.
Həsən bəy Zərdabi 1892-ci ildə “Kaspi” qəzetində belə yazırdı: “Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…”. Kür çayının Qarabağ tayına dəvə karvanı ilə neft daşıyanlar indiki Zərdab şəhərinin mərkəzində salınmış bərədən keçmişlər. 1827-ci ildən başlayaraq Kür çayı mənsəbinə ərzaq və s. gətirən yelkənli iri gəmilər həmin ətrafındakı dayanacağa yan alardılar.
Xanlıqlar dövründə Zərdab kəndi ilə Müskürlü və Lələ Əhmədli kəndlərinin hər birinin binələri, yataqları, qışlaqları, bir sözlə torpaqları-əraziləri yığcam şəkildə bir-biri ilə qonşuluqda yerləşməsinə baxmayaraq, onlara məxsus qış otlağı torpaqlarının sərhəd hüdudlarında, qonşuluqlarında bəzən torpaq istifadəçiləri arasında təbii hal olaraq torpaq mübahısəsi halları yaranırdı.
Xanlıqlar dövründən Azərbaycanda Sovet hakimiyyəti qurulanadək qədim Lələhmədli və Müskürlü tayfası indiki Zərdab rayonu ərazisində istifadələrində olan qış otlağı sahələrindən biyan tədarükü məqsədilə də istifadə etmişlər. Belə ki, o zaman biyan bitkisi əsas etibarı ilə onların istifadəsində olan qış otlağı sahələrində yayılmışdı ki, onlar həmin biyan bitkisindən heyvandarlığın inkişafında yem bitkisi kimi istifadə edirdilər.
Həsən bəy Zərdabda yaşadığı zaman, oradan “Novoye obozreniye” qəzetinə göndərdiyi və həmin qəzetdə çap etdirdiyi (1891-ci il tarixli 2434-cü nömrəsi) məqaləsindən oxuyuruq:
“Zərdab hər il bu yemdən bir neçə min arob (araba yükü – E.H.) hazırlayır. Bundan başqa suvarılan torpaqlarda biyan kökünün çıxarılması göstərir ki, 3-4 ildən sonra yenə həmin kökləri cıxarmaq olur. Bizdə isə suvarma yoxdur. Və əgər keçən il olduğu kimi bu il də Kür daşmasa, onda bu köklər bizdə tamam itəcəkdir. Zərdab torpaqlarının 1/3-i bəy torpaqlarıdır, ona görə də mən elan etdim ki, öz malımı belə ucuz satmaram və biyan kökü alıcılarını bura buraxmaram. Buna görə də, onlar indiyə qədər Zərdabdan yan keçiblər. İndi biyan alıçıları çətin vəziyyətdən çıxış yolu tapıblar: qonşu Müskürlü, Lələhmədli binələrində tərəzilərini qoyublar və biyan kökü qazıntısı hər yerdə başlayıb; biyan kökünün hər puduna 10-12 qəpik verirlər”.
Bunun əyani sübutu olaraq, hələ 1855-ci ildə Qarasubasar malının Zərdab kəndi ilə Müskürlü və Lələ Əhmədli kəndləri arasında sərhəddin təyin edilməsi işinin Ələkbər bəyə tapşırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxiv materialları içərisindən əldə etdiyim, ağ saya vərəqə üzərində, qara mürəkkəblə azərbaycanca ərəb əlifbasında yazılmış göstəriş məktubu ilə tanış olmaq yerinə düşərdi.
“Uca, şanlı Ələkbər bəyə!
Bu vaxtda İsmayıl bəy gəlib şikayət edir ki, guya lələhmədlilər və müsgürlülər onların qışlaqlarını otarırlar və sərhədlərini keçirlər. Buna binaən (ona görə – E.H.) yazıb müqərrər edirəm (qərara alıram – E.H.) ki, gedib şahsevənli Bayramı gətirib onların hər ikisinin qışlaqlarının sərhəddini təyin edəsiz ki, heç kəs biri-birinin qışlağının sərhəddindən keçməsin və müskürlülərdən İsmayıl bəyin kağızında olan haqqını alıb, özünə verib mənim hüzuruma gətirəsiz 1255-(1840-cı il)”.
Eyni zamanda diqqətə çatdıraq ki, ərəb əlifbasında Ələkbər bəyə yazılan göstəriş məktubunun aşağı hissəsində rus dilində yazılan mətnə diqqət yetirdikdə məlum olur ki, həmin tapşırıq məktubundan əlavə Ələkbər bəyə belə bir əmr də verilmişdir:
“Zərdablılarla müskürlülər arasında sərhəddi müəyyələşdirməyi, İsmayıl bəyin bağını korladıqlarına görə müskürlülərdən cərimə alınmağı təmin etsin”.
İclasçının imzası ilə.