O, Həzrəti İbrahimin duası, iki qurbanlıq kişinin övladıdır. Ulu babası Həzrəti İsmayıl Allah-Təalanın əmri ilə qurban kəsilməli idi və Həzrəti İbrahim bu imtahanı uğurla verdi, qurbanlıq İsmayılın yerinə Allah-Təala bir qoç göndərdi. Atası Abdullah da qurban verilməli idi. Nəhayət, yüz dəvə qurban edildi və Abdullahın canı bağışlandı. Amma Abdullah öz cismindən keçib Yer üzünə gələcək o böyük zatın, yeganə övladının üzünü görə bilmədi. Süleyman Çələbinin təbirincə desək, “Bir əcəb nur kim, Günəş pərvanəsi” olan o mübarək zatın üzünü görmək gənc ataya nəsib olmadı.Sevmək üçün tanımaq lazımdır. İnsan tanımasa, sevə də bilməz. Rəsulullahı tanıyan onun pərvanəsi olub, xidmətindən ayrılmaq istəməyib. Alman şairi Höte: Ya Məhəmməd, səninlə bir əsrdə yaşayıb sənin üzünü görə bilməməyin üzüntüsünü yaşayıram” deyib.
Onu sevmək Allah sevgisinin tərkibidir. O, bizə hər şeyi öyrədib. Allah-Təala Onu bir rəhbər olaraq bizə təyin edib və əmrlərinə əməl etməyi buyurub.
Canım fəda olsun sənin yoluna,
Adı gözəl, özü gözəl Muhəmməd.
Şəfaət eyləgil kəmtər quluna,
Adı gözəl, özü gözəl Muhəmməd.
Bunu da Yunus dədəmiz söyləyib. O, sevgi ümmanıdır, O, sonsuz nurdur, O, Allahın Rəsulu və Həbibidir. İnsan Onu tanıdıqca içi böyüyür, insan Onu tanıdıqca sevginin nə olduğunu anlayır, insan Onu sevdikcə ruhunda xoşbəxtliyin dadını duyur.
Sevmək üçün tanımaq lazımdır. Bir epizodu söyləyək: Mədinədə səhabələrindən birisinin sifətində fiziki qüsur vardı. O səhabə başqalarını ürpətməmək üçün sifətini örtərdi. Rəsulullah Mədinə bazarını dolaşarkən həmin səhabəni görür. Alış-verişə başı qarışdığından o səhabə sifətinin açıldığını belə fərq etməmişdi. Rəsulullah arxadan ona yaxınlaşır və əlləri ilə onun gözlərini yumur. Səhabə bir anlıq dayanır və birdən: “Sən Rəsulullahsan” söyləyir. Onu tanımağa, o təkrarsız qoxusunu, əllərinin şəfqətini hiss eləməyə nə vardı ki. Əgər qəlbində Allah sevgisi, Rəsulullah eşqi vardısa, Onu ayağının səsindən, əlinin şəfqətindən tanıyardı. Bu da elə bir səhabə idi və Rəsulullahı tanımışdı. Tanıdığı üçün də sevinclə: “Tanıdım, Sən Rəsulullahsan” deyirdi. Rəsulullah bu xoş zarafatını davam etdirdi: “Kölə satıram, kölə satıram, ay kölə alan, kölə satıram”. Əlləri ilə Rəsulullahın əllərini tutmuş səhabə bu kölə ünvanından o qədər məmnun, razı qalmışdı ki, bilmirdi neyləsin: “Ya Rəsulullah! Mən Sənin kölən olmağa layiqmiyəm? Mənim kimi qüsurlu, eybəcər bir köləni kim alar, mənə kim dəyər verər, ey Allahın Rəsulu!” söylədi.
Rəsulullah sanki bu sözü gözləyirmiş. Səhabənin gözlərini açdı, onun qarşısına keçib dayandı və ciddi tərzdə belə dedi: ”And içirəm ki, Allah və Rəsulullah yanında sənin dəyərin çox böyükdür”.
Sifətini gizləyən, özünü həmişə əzilmiş, sıxılmış hesab edən o səhabə həyatının sonunadək özünü dünyanın xoşbəxti bildi. Niyə də bilməyəydi axı? Allahın və Rəsulullahın sevdiyi bir qulun başqa nə ehtiyacı, nə dərdi olardı axı?
Rəsulullahın həyatı bir-birindən ibrətli, bir-birindən manidar səhnələrlə doludur. Onu doğru-düzgün təqdim eləmək, tanıtmaq, sevdirmək hər kəs üçün ən böyük şərəfdir. Bir şairin sözünü xatırlatmaq istəyirik bu məqamda: “Ya Rəsulullah bizim Səni vəsf etməyimiz Sənə bir şey qazandırmaz. Amma Sənin adın bizim şeirimizə girib onu bərəkətləndirər”.
Dəyərli oxucularımız, Ramazan ayı boyunca bu səhifəmizdə sizə Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmmədin həyatının müxtəlif məqamlar təqdim etməyi düşünürük. Niyyətimiz odur ki, bu Ramazan səbəbi ilə özümüz də oxuyaq, axtaraq, bir şeylər qazanaq və qazandıqlarımızı sizlərlə paylaşaq. Əgər yazdıqlarımızın sizin könlünüzdə bir müsbət əks-sədası olarsa, onun qazancı sizə də yetər, bizə də.
Allah-Təala bizi Öz mərhəmətindən və Rəsulunun yolundan, şəfaətindən ayırmasın. |