Oruc Allahın əmridir

0
77

Ramazan ayıRamazan ayı boyunca oruc tutmaq hər müsəlmanın borcudur.  Oruc tutan adam hələ sübh namazının vaxtı girməzdən öncə süfrədən qalxmalı və oruca başlamalıdır.

Gecənin bu vaxtında yeyilən yeməyə dini ədəbiyyatda sahur, xalq arasında isə obaşdan deyilir. Oruca istər dil ilə, istərsə də qəlblə niyyət etmək olar. Niyyətdə elə dəqiq bir tərif yoxdur. Amma təxminən belə niyyət etmək olar: “Niyyət etdim Allah rizası üçün sabahkı Ramazan orucunu tutmağa”. Oruc tutan adam sübh namazı girməzdən öncə orucu başlar və axşam namazı girəndə iftar edər, yəni orucunu açar. Oruc tutan adam yeməz, içməz, siqaret çəkməz, bir sözlə, boğazından bir şey keçirməz, iynə, dava-dərman qəbul etməz, cinsi əlaqədə olmaz. Ramazan orucunu başlayıb iftar vaxtı olmadan pozmaq ağır günahlardandır. Özünüz təsəvvür edin, kimsə bir söz verib, əməl etməyəndə sizə necə də ağır təsir edir. Ramazan orucunu da niyyət edib, sonra pozan Allah-Təala qarşısında  yalan söyləmiş kimi sayılır. Əgər oruc tutan kəs sözün həqiqi mə’nasında unudaraq nəsə yeyir və ya içirsə, orucu pozulmaz. Əgər unudaraq boğazınızdan bir şey  keçirmişsinizsə, yeməyi saxlayın və orucunuzu davam etdirin. Başqa bir əhəmiyyətli məsələ. Bəzən görürsən ki, orucun tibbi yöndən əhəmiyyətindən o qədər danışılır ki, bu ibadətin hər şeydən öncə bir Allah əmri olması arxa plana keçir. Bəli, orucluğun bizim bildiyimiz və bilmədiyimiz çox əhəmiyyəti var. Amma yaxşı olar ki, orucu sağlamlıq niyyəti ilə deyil, məhz Allah əmri olduğu üçün tutasınız. Orucunuz mübarək olsun, sevimli oxucular!..

Orucu pozan və pozmayan hallar

Oruclu olduğunu bilə-bilə boğazından bir şey keçirmək orucu pozar.

Oruclu olduğunu unudaraq bir şey yeyib-içmək orucu pozmaz. Oruclu olduğunu xatırlayan kimi yemək-içməyi dayandırmalı və orucuna davam etməlidir. Yox əgər xatırladıqdan sonra da yeyib-içərsə, orucu pozular.

Oruclu olduğunu bilə-bilə qarqara edərkən boğazdan su keçərsə, oruc pozular.

Ağıza su verib yaxaladıqdan sonra ağızda qalan cüzi nəmlik tüpürcəklə bərabər udularsa, orucu pozmaz.

Burun seliyini çəkib-udmaq orucu pozmaz.

Dişlərin arasından çıxıb ağıza yayılan qan boğazdan keçməzsə, oruc pozulmaz.

Ağız suyu dodaqdan çıxıb yenidən ağıza qayıdarsa, oruc pozulmaz.

Danışarkən və ya başqa bir səbəbdən dodaqlarını ağız suyu ilə islatmaq orucu pozmaz.

Göz yaşı və ya tər ağıza düşərsə, baxılır; əgər azdırsa, orucu pozmaz, çoxdursa, pozar.

Zəruri halda ağız içinə qoyulan dərman, məsələn, dişə qoyulan dərmanın az miqdarda suyu ağız suyuna qarışaraq boğazdan keçsə, oruc pozulmaz.

Dişlərin arasında qalmış yemək qırıntısı kiçikdirsə, udularsa, orucu pozmaz;  böyükdürsə, pozar.