“Mətbuatın 140 illiyi ilə bağlı tədbirlərə Zərdabdan başlanacaq”

0
41

mətbuatın 140 illiyi1Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamının icrası ilə bağlı məsələləri ölkənin tanınmış KİV rəhbərləri ilə müzakirə edib. Tədbirdə Zerdab.com saytının əməkdaşı da iştirak edib.

Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidentinin rəsmi sərəncamına müvafiq olaraq, milli mətbuatımızın 140 illik yubileyi yüksək səviyyədə qeyd edilməlidir.

Ə.Həsənov qeyd edib ki, burada iki məqam müzakirə tələb edir: “Bunlardan biri yubiley tədbirlərinin hansı rayonlarda keçirilməsi məsələsidir. Əlbəttə, harada keçirilməsindən asılı olmayaraq, biz tədbirlərdə müxtəlif strukturları bir araya toplayacağıq. Məsələn, Gəncədə keçiririksə, Gəncə ətrafı rayonların müvafiq strukturlarını oraya toplayacağıq. Rayonların siyahısı müəyyən olunacaq. Əlbəttə, hər rayona buradan nümayəndə göndərmək çətindir, həmçinin nəzərə alsaq ki, Birinci Avropa Oyunlarına hazırlaşırıq”.

Ə.Həsənov vurğulayıb ki, mətbuatın inkişafında rolu olan jurnalistlərin Prezidentin mükafatı ilə təltif edilməsi üçün siyahı təqdim ediləcək. Onun sözlərinə görə, fəxri adlar üçün namizədlər redaksiyalar tərəfindən müəyyən olunub təqdim olunmalıdır.

PA səsmisi qeyd edib ki, sərəncamda Tədbirlər Planının hazırlanması nəzərdə tutulub: “Bu Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri saydıq. Görüşün nəticəsi olaraq Tədbirlər Planı ilə bağlı tövsiyələri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik və Tədbirlər Planı təsdiq olunacaq”.

PA rəsmisi bildirib ki, orden və medallarla bağlı standartlar var: “Jurnalist ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, Tərəqqi medalı verilsin. Dövlət başçısı mütəmadi olaraq xidmətlərinə görə, jurnalistləri mükafatlandırır, ancaq yubileylər dövründə bu siyahı geniş olur”.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, mətbuatın 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamda milli mətbuatımızın 140 illiyinə baxış var və sənəddə mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir.

Onun sözlərinə görə, mətbuatın 130, 135 və 140 illiyi ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilib: “Mətbuatımızın 130 illiyi ilə bağlı sərəncamla “Əməkdar jurnalist” və digər fəxri adlar bərpa olundu. Mətbuat Şurasına fəxri ad almaqla bağlı son günlər 30 ərizə daxil olub, bu, son günə qədər 1000-ə çatacaq. Ancaq biz bilmirik ki, hansı parametrlərlə o jurnalistləri seçməliyik. Elə jurnalistlər var ki, 40-50 il çalışıb, ancaq nədənsə çəkinirlər, müraciət etmirlər. Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var”.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbayan mətbuatının banisi Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb.

V.Səfərli Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, Fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açıb. O, bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini söyləyib.

Zerdab.commətbuatın 140 illiyi