Dubaya “bu dünyanın cənnəti” deyirlər. Amma bu da bir gerçəkdir ki, insan nə qədər əlləşir-əlləşsin, Cənnət onun təsəvvürünə, təxəyyülünə sığan deyil. Yəni bu dünyada bir məkanı, bir məmləkəti Cənnət adlandırmaq bu müqayisəni aparanların, bu bənzətməni dilinə gətirənlərin zavallılığından başqa bir şeyə dəlalət etməz.
Dubay içməli suyu xaricdən satın alır. Amma bu əmirlikdə elə işlər görülür ki, baxanda heyrət edirsən: ya bu adamların başı xarab olub, ya da dünyanın gedişini anlaya bilmirəm. Çölün ortasında ağlagəlməz bağlar salırlar, dəryalar içində süni ada düzəldib, orada dünyada analoqu olmayan binalar tikirlər. Dünyanın ən hündür, ən bahalı binaları Dubayda tikilir. Ən bahalı otellər Dubaydadır. “Burc-əl-Ərəb” otelinin elə nömrəsi var ki, orada bircə gün qalmaq üçün 30 min dollar ödəməli olursan. Sözün bitdiyi yer…
***
Bir deyil, beş deyil, yüzlərlədir. Allah-Təalanın İslam hörmətinə bu torpaqlara verdiyi neft adlı bərəkətin üstünə yatan ərəb şeyxləri Amerikada ada alırlar, Paris ətrafında böyük villalar inşa edirlər. Bir araşdırma yazısında oxumuşdum ki, ərəb şeyxi uzaqbaşı ilin bir ayını o villada keçirir, amma əllinəfərlik personal o villada çalışır. Çalışır deyəndə ki, il boyunca ordan maaş alır. Maaş da yəqin ki, bizdəki kimi üç-beş quruş deyil. O maaşla adam kimi yaşamaq da olur, evdə it saxlamaq da, ildə azı bir dəfə dünya gəzintisinə çıxmaq da. Efiopiyada, Həbəşistanda, Sudanda isə körpələr acından, müxtəlif yoluxucu xəstəliklərdən qırılır. Bir başqa yazıda da oxumuşam ki, Amerikanın yəhudi əsilli milyarderi və dünyanın ən zəngin adamlarından biri olan Bill Qeyts sərvətinin, demək olar ki, hamısını Afrikada uşaqların müalicəsinə və təhsilinə ayırmaq istəyir və dostlarını da bu təşəbbüsə qoşulmağa çağırır. Yenə sözün bitdiyi yer…