“Ağlama, Zaur, ağlama”- Nurəngiz Gün

0
99

Nurəngiz Gün

(Əvəzsiz sənətkarımız, respublikanın Xalq artisti Fuad Poladova, “Təhminə və Zaur” pyesindən aldığım təəssüratla)

… Firəngiz neyləsin?
Gümüş tabut kimi ömür edir, gümüş pillələr.
Firəngizin dünyası məlum –
Zəncir hasar arxasında gümüş yuxular.
Zaurun başında başqa qayğı var…
Firəngizin əlləri çatmaz,
yatır ürəyində ölü qorxular;
Gözəl Zaur – özgə tikəsi!
Zaur daş pillələrdə əsrin müti məlaikəsi!
Zaur birdən daş qapını aça bilər,
Zaur birdən baş götürüb yol uzunu,
yollar boyu qaça bilər.
Zaurun çəpəri çarpaz çəkilib. Bu sədd qayım olmalı.
Əsir düşmüş Zaur bu gün. O qız sayıq olmalı!
Zaurun qandalı əllərindədir –
Zaurun ürəyini budağından üzəcəkdir.
Tapıbdır haqqın yolunu. “Hə. Yox. Yaxşı.”
Zor məsələ. Zaur buna alışacaq, dözəcəkdir!
Zaur bu göl, bu ölü  sular… içrə su zambağı!
Büllur ləçəkləri çirklənəcək.
Zaur dev yuxusunda. Bir gecə…
Yuxuları çiliklənəcək.
Ayılınca,
O sahilə bir daha harayı yetməyəcək!..
Gölün üstü örtülüdür. Bu tərəfdə,
Günahlar örtük altında. Bilinməyəcək.
Gizli-gizli, hər şey gizli.
Ah, yazıq Təhminə!
Təkcə sənin tüstün… bəlli! –
Qorxdu, çəkildi Zaur –
Aydan arı, sudan duru “bəyazları”…
Zəhərləyə bilərdi, Təhminənin tüstüsü,
O gölün çirkablarını
Ləkələyə bilərdi, Təhminə qüssələri!..
Mərhəmətlər içindəymiş Təhminə.
Mərhəmətlər dünyasından qəfil qopdu Təhminə.
Qeyb oldu, qəfil uçdu, qəfil köçdü,
Bulud oldu, su oldu,
buludlara hopdu Təhminə! Zaur!..
…Təhminənin rəsmi göy üzündədi.
Ala gözlər alacalanıb.
Baxır, baxır, hey baxır, yer üzünü seçə bilməyir.
Kirpikləri teyxa qarmış!.. Göy üzü  hüzündədi…
Göy üzü qəlbidi. Göy bizdən hündürdədi!
Endir Zaur, endir qolların göydən aşağı,
Ağlama daha, ağlama!
Çayxana müdiri fin aboyu gətirdi,
Sənin kədərini anlamayacaq. Fərqində deyil.
Fərqində deyil
Nə ellər, nə də sellər! –
Təkcə Təhminə  üşüyür!.. Bax, yaxşı bax,
uçur mərtəbəsinə,
Qanadında sənin inci yaşların… Uçur qübbəyə sarı.
Qanadını eşq yandırır, sinəsində ağrı vardır.
Bax, yaxşı bax, saçları sozalıb, ayaz vurub, don vurub,
rəngi ağappaq ağarmış…
Alıb heysiz qanadlarına, aman Allah, səni də…
Səni də aparırmış!..
Ağlama, Zaur bala… ağlama daha, ağlama!
1985