Hədəfə doğru
Azərbaycan bir ilkə imza atmağa hazırlaşır. Bakı birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu, dövlətimizin uğurlu siyasəti və dünyadakı nüfuzunun məntiqi nəticəsidir. Müstəqilliyimizi əldə etdikdən sonra dövlət səviyyəsində idmana xüsusi diqqət göstərilməyə başlandı. Milli Liderimizin prezidentliyinin ilk dövrlərində idman ictimaiyyəti ilə görüşündə “Azərbaycan prezidenti kimi, şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm” deməsi bunun bariz sübutudur.
Heydər Əliyevin əsas məqsədi xalqımızın sağlam gələcəyini qurmaq, həmçinin idmançılarımızın beynəlxalq tədbirlərdə qazanacaqları çoxsaylı uğurlar, eləcə də ən mötəbər yarışları ölkəmizə gətirməklə onu dünyada daha yaxından tanıtmaq və qüdrətli ölkəyə çevirmək idi. O, deyirdi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Məhz bu səbəbdən də idman respublikamızda dövlət səviyyəsində daim böyük qayğı ilə yanaşılmış strateji məqsəd olub. Heydər Əliyevin Milli Olimpiya Komitəsinə oğlu İlham Əliyevi rəhbər təyin etməsi, eləcə də Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərliyi ən etibar etdiyi şəxsə – həyat yoldaşı Mehriban Əliyevaya həvalə etməsi bu məsələyə böyük həssaslıqla yanaşıldığının göstəricisidir. Bu iradənin nəticəsidir ki, respublikamızda idmanın inkişafı ən yüksək səviyyəyə çatmışdır. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Bakı və rayonlarda müasir şəraitli 40-dan çox Olimpiya İdman Kompleksi tikilmiş, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə ölkəmiz idman aləminə töhfələr vermişdir.
Ötən dövr bu siyasətin doğruluğunu sübut etdi – dünyada layiqli yerimizi tutduq və idman ölkəsi kimi tanındıq.
Əsas hədəf isə torpaqlarımızı işğaldan azad etmək idi…
Dünya idmanının lokomotivi
Olimpiya oyunlarının tarixini izlədikdə görmək olar ki, bu cür əhəmiyyətli tədbirlərə adətən nüfuzlu ölkələr ev sahibliyi edir. 1896-cı ildən indiyədək 27 dəfə baş tutmuş dünyanın ən böyük idman tədbiri olan Yay Olimpiya Oyunlarında yalnız 18 ölkə bu şərəfə nail olub. Oyunların ABŞ-da 4, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Fransa və Avstraliyada hərəsində 2 dəfə təkrar keçirildiyini nəzərə alsaq, 27 tədbirdən 14-nün yalnız bu altı ölkədə təşkil olunduğunu görərik. Tədbirlərin 16-sı Avropa, 6-sı Amerika, 3-ü Asiya, 2-si isə Avstraliya qitələrinin payına düşür. Yəni, digər üç qitədə keçirilmiş 11 tədbir birlikdə belə Avropadan azdır.
Nəticələr də oxşardır. Belə ki, keçirilən 27 tədbirdə komanda şəklində cəmi 18 ölkə 78 dəfə fəxri kürsüyə qalxmışdır. Bu ölkələrin 13-ü Avropanı təmsil edir. Cəmi qazanılmış 78 yerin 43-nü əldə etməklə isə “Qoca qitə” burada da liderliyini qoruyur. Yarışları keçirmiş digər 13 ölkəyə də nəzər saldıqda məlum olur ki, dünyanın ən mötəbər idman tədbirləri elə dünyanın ən mötəbər siyasi-iqtisadi gücü olan ölkələrdə keçirilir. Beləliklə də Olimpiya oyunlarının böyük siyasi anlamını, eləcə də Avropanın dünya idmanındakı yüksək xüsusi çəkisini görürük.
Rekordlar ölkəsi
Məhz həmin Avropanın əsasən xristianlardan ibarət 49 dövlətinin 38-i tarixdə ilk dəfə baş tutacaq, mürəkkəblik və mahiyyət etibarilə yalnız Olimpiya oyunları ilə eyni səviyyəli olan birinci Avropa Oyunlarının gənc müsəlman ölkəsi olan Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsinə qərar verdilər. Bu, İlham Əliyevin şəxsində bizə olan böyük inam və etimadın nəticəsidir.
26 aprel 2015-ci ildə Bakıda alovun götürülməsi mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikinin çox qısa müddət ərzində Azərbaycanın ən çılğın arzularla belə düşünülməyəcək səviyyədə iş görməklə rekorda imza atdığını xüsusi qeyd etməsi ölkəmizin qüdrətinin, həmçinin “Qoca qitənin” bizə etimad göstərməkdə yanılmadığının sübutudur.
Dövləti israfçılıqda əsassız olaraq ittiham edənlərə tutarlı cavabdır ki, bu cür qlobal tədbirlərə ev sahibliyi edəcək ölkənin seçimində təsadüflərə qətiyyən yer yoxdur. Bu, dövlətimizin böyük zəhmətlə qazandığı hörmət və idmanımızın nüfuzunun Avropa tərəfindən dəyərləndirilməsidir.
Oyunlara ev sahibliyinin əhəmiyyəti və onun nəticəsindən əldə olunacaq mənfəət əsas etibarilə beynəlxalq arenada nüfuz məsələsi ilə bağlıdır və hər şeydən əvvəl, Azərbaycan üçün aşağıdakı gözləntiləri xarakterizə edir:
– Belə tədbirlərin keçirilməsində başlıca məqsəd sülhün, müqəddəs ideyaların dünyaya təbliğidir. Mövcud müharibələr şəraitində, barışa daha çox ehtiyac duyulduğu bir dövrdə bu təşkilatçılığımızla ən azı 17 gün ərzində möhtəşəm sülh ab-havası yaradacaq və bununla da beynəlxalq aləmdə nüfuzumuzu daha da gücləndirəcəyik;
– Dünyaya, xüsusən də islamofobiyanın daha sərt xarakter aldığı xristian Avropasına sülh carçısı olan demokratik müsəlman ölkəsini təqdim edəcək, dinlərarası gərginliyə mülayimlik gətirəcəyik;
– Oyunlar ərəfəsində fərqli mədəniyyətlərə məxsus çoxlu xarici qonağı qəbul edəcəyik. Müxtəlif ölkələrin yayım şirkətləri, eləcə də tədbirə qatılacaq 1500-dən artıq mətbuat nümayəndəsi vasitəsilə geniş təqdimatımız baş tutacaq. Dünya xalqımızın yüksək tolerantlıq, qonaqpərvərlik xüsusiyyətlərinə, zəngin mənəvi dəyərləri, musiqisi və mətbəxinə valeh olacaq. Ölkəmiz mədəniyyətlərarası sivilizasiyanın mərkəzi olduğunu bir daha təsdiq edəcək. Bu unikal xüsusiyyətlərimizin təbliği siyasi çəkimizi daha da artıracaq, Qarabağ problemini ətraflı şəkildə anlatmaq imkanımız yaranacaq;
– Oyunların alovunun ölkəmizin hər tərəfini dolaşmasıyla füsnkar təbiətimiz, qədim tariximiz yüksək şəkildə təbliğ olunacaq. Yarışların bir qisminin Mingəçevirdə keçirilməsi isə bölgələrimizin turizm imkanlarının təbliğində müstəsna rol oynayacaq. Belə ki, qonaqlar gözəl Gəncəmizə, müasir Mingəçevirimizə, qədim Şəkimizə, qonaqpərvər Zərdabımıza getməklə rayonlarımızdakı intibahı görəcəklər. Beləliklə də regionlarımızda turizmin inkişafının yeni mərhələsi başlayacaq;
– Birinci Avropa Oyunları bizə dövlət və xalq olaraq həmrəyliyimizi, bacarıq və iddiamızı dünyaya təqdim etmək, düşmənə isə göstərmək üçün gözəl fürsətdir. Artıq müəyyən mənada buna nail olmuşuq. Belə ki, tədbirlər öncəsi qısa müddətdə 18 idman obyekti tikilmiş və yenidən qurulmuş, idmançıların rahat şəkildə məskunlaşacağı 13 yeni yaşayış binasından ibarət “Atletlər kəndi” salınmışdır. 68 min 195 tamaşaçı tutumlu Olimpiya Stadionu isə ən möhtəşəm idman mərkəzlərindən biridir. Tədbirə hazırlıq mərhələsində bütün ölkə, xüsusən də paytaxtımız daha da gözəlləşib, yollar, binalar yenilənib. Müasir obyektlər, otellər tikilməklə turizm şəbəkəsi inkişaf etdirilib. Başlıcası isə idman infrastrukturu ən yüksək səviyyədə qurulub. Bu da növbəti beynəlxalq tədbirlərə, xüsusən də Olimpiya oyunlarına daha inamlı şəkildə iddia etməyimizə imkan verəcək;
– Oyunlar gənclərimizə də böyük imkanlar yaradır. Belə ki, tədbirə cəlb olunacaq 13000 könüllü, qonaqlarla ünsiyyətdə olmaqla dil öyrənmə, təşkilatçılıq, münasibət qurma qabiliyyətinə yiyələnəcək, yeni dostlar qazanacaq, təcrübə əldə edəcəklər;
– 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarını qazanmaq uğrunda ölkələr arasında gərgin mübarizə başlayıb. Artıq Boston və Roma şəhərləri namizədliklərini irəli sürüblər. Berlin, yaxud Hamburq, eləcə də Parisin də mübarizəyə qoşulacağı gözlənilir.
Dünya o qədər də sadəlövh deyil. Əgər ABŞ, Almaniya, Fransa, İtaliya kimi böyük güclər bir neçə dəfə ev sahibliyi etdikləri halda, mürəkkəb şərtlərə rəğmən yenidən bu iddiaya düşürlərsə, burada artıq oyunların qlobal və siyasi mahiyyəti ortaya çıxır. Bu mənada gənc ölkə olaraq ev sahibliyimizdən əldə edəcəyimiz böyük siyasi dividendləri təsəvvür etmək o qədər də çətin deyil. Prezident İlham Əliyevin də idman siyasətində bu amil daim əsas götürülür. Bu imkanın əldə olunması isə dövlət başçısının rəhbərliyi altında aidiyyatı qurumların, xüsusən də Milli Olimpiya Komitəsinin məhsuldar fəaliyyətinin nəticəsidir. O nəticə ki, beynəlxalq yarışlarda, xüsusən də Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin kəmiyyət və keyfiyyət göstəricilərinin artan templə davam etməsi – Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 və Londonda 10 medal qazanmamız ölkəmizin nüfuzunu daha da möhkəmləndirib. Nailiyyətlər 2014-cü ildə isə ən yüksək həddə çatıb. Belə ki, ötən il iştirak etdiyimiz yarışlarda ümumilikdə 275-i qızıl olan 805 medal qazanmaqla idman tariximizin ən çoxsaylı qələbə rekorduna imza atmışıq. Ən böyük dünya rekordunu isə keçirəcəyimiz birinci Avropa Oyunlarının bütün parametrlər üzrə planetin ən möhtəşəm və yaddaqalan idman tədbiri olmasıyla əldə edəcəyik.
Olimpiya qəhrəmanımızın təəssüratları
Paytaxtımızda baş tutacaq bu yarışda idmançılarımızın ölkəmizi qaliblər sırasına yüksəltmələri ən böyük istəyimizdir. Bu arzuya Namiq Abdullayev də qoşulur. Tarixi hadisənin onu çox qürurlandırdığını, sevincinin hüdudu olmadığını deyən olimpiya çempionumuz söhbətimizdə bildirdi ki, adətən idmançılar xarici ölkələrə gedəndə ilk növbədə yarışların keçirildiyi məkana və yaradılmış mühitə diqqət edirlər. Biz də xaricdə olarkən dərhal gözümüz önünə vətənimiz və Prezidentimiz, onun idmana, idmançılarımıza qayğısı, yaratdığı yüksək şərait gəlir.
Oyunların Təşkilat Komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə cəmi iki il yarıma görülən böyük işlər ən yüksək dünya standartlarına cavab verir. Bir misalı qeyd edim ki, bu yaxınlarda Bakıda Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda 12 ölkənin idmançı və mütəxəssislərinin də iştirakıyla yüksək səviyyəli yarış keçirildi. Tədbir ilk dəfə yenidənqurma işlərindən sonra Heydər Əliyev adına İdman Sarayında oldu. Qonaqlar 2 il öncə olduqları məkanda baş verən möhtəşəm dəyişiklik və yaradılmış yüksək şəraitə valeh olmuşdular, gördüklərinə inanmırdılar. Qürurverici haldır ki, digər bütün idman obyektlərimizdə də vəziyyət eynidir və açılışına hələ xeyli müddət qalsa da, artıq ölkəmiz idman bayramına tam hazırdır. İnanıram ki, xalqımızın yüksək dəstəyini hiss edəcək idmançılarımız həmişə olduğu kimi, xüsusən də doğma divarlar arasında daha böyük qələbələrə imza atacaq, himnimizi səsləndirəcək və bayrağımızı yüksəldəcəklər.
Yolumuz Şuşayadır
20 növ üzrə 49 ölkənin 6000-dən çox idmançısının yarışacağı birinci Avropa Oyunlarını dövlətimizin ən yüksək səviyyədə keçirəcəyinə və bununla da idmanımızın inkişafının yeni mərhələyə qədəm qoyacağına tam inanırıq. Həm də əminik ki, bu gözəl hadisə vətəndaşlarımızda özünə inamı, milli qürur və təəssübkeşlik hissini ən yüksək səviyyəyə qaldıracaq, dövlətlə xalqın birliyini daha da möhkəmləndirəcək, dünyada artan nüfuzumuz isə inkişaf etmiş ölkələr sırasına yüksəlməklə söz sahibi olmamızı şərtləndirəcək.
…Hədəfə çatırıq. Milli liderimizin arzuladığı ən böyük məqsədə siyasi varisi İlham Əliyevin rəhbərliyi altında sürətlə yaxınlaşırıq. Bu gözəl idman bayramını başa vurmaqla bədxahlarımız üzərində layiqli qələbə qazanacağıq. Ən möhtəşəm qələbəmiz isə oyunlardan sonra fövqəladə artacaq siyasi qüdrətimizlə Qarabağda, düşmən üzərində olacaq. Elə isə növbəti oyunları Şuşada qarşılayarıq! İnşaALLAH, Cıdır düzündə görüşərik!…