Hər kəs bilir ki, saf ideya, əxlaqi kamillik normal insan üçün çox vacibdir. Yəni, üzüyün dəyəri qaşında olduğu kimi, insanın da dəyəri mənəviyyatında, el-oba, cəmiyyət və dövlət üçün nə qədər faydalı olmasındadır.
Başıma gələn faciəni xatırlayanda ilk olaraq məhz sadə, səmimi, qayğıkeş, həm də istedadlı insanları düşünürəm və deyirəm nə yaxşı ki, siz varsınız!…
Bəli, bu yaxınlarda Ucar rayonundan xəstə qohumumuzu ziyarət edib evə gələndə avtomobil qəzasına düşdük. Yəni, bir sürücü, bəlkə də “avtoş” Bəyimli qəsəbəsinə ayrılan yolun yaxınlığında ildırım sürəti ilə şütüyən avtomobilini maşınımıza çırpdı. Hamı yüngül yaralandı, məni isə kəllə-beyin zədəsi ilə ağır vəziyyətdə Zərdab rayon mərkəzi xəstəxanasına çatdırdılar. 8 saat komada qalmışam. Ayılanda bildim ki, bu vaxt ərzində xəstəxananın həkimi Firuzə Mürsəlova çarpayıımdan ayrılmayıb, hər dəqiqə vəziyyətimlə maraqlanıb. 10 gün reanimasiyada saxlanıldım. Mərkəzi xəstəxanadakı tibbi yardımlardan və ilkin müalicələrdən sonra məni Bakıya apardılar. Məlum oldu ki, kəllə sümüyümdə 2 sınıq var, əməliyyat məsləhət olunmadı. Bakı həkimləri Firuzə həkimin təyin etdiyi müalicəni yüksək qiymətləndirdilər, dedilər ki, ilkin müalicə çox düzgün olub. Məsləhət gördülər ki, elə Firuzə həkimlə müalicəmi davam etdirim. Belə də etdim və hazırda Firuzə həkim təmənnasız müalicəmi davam etdirir.
Ötən müddətdə Firuzə Mürsəlovanı həm də bir insan kimi yaxından tanıdım. Peşəsinə, müqəddəs məsləkinə çox bağlı olan humanist qəlbli, şirindil, mehriban, qayğıkeş, səmimi davranışlı bu gözəl xanım qəlblərə yol tapmağı yaxşı bacarır. O məni də digər xəstələri kimi yalnız təyin etdiyi dərmanlarla deyil, kamilliyi, həyata baxışı, nikbinliyi ilə də sağaltdı. Necə ki, Saib Təbrizi deyib:
Sağalar xəstə, içə sözləri dərman yerinə,
Son nəfəsdə söz ilə dərman edin siz də məni…
Mənim də qismətimə Firuzə xanım kimi kamil biliyi, yüksək insanpərvərliyi, ən başlıcası isə peşəsinə məhəbbəti və sədaqəti ilə seçilən bir həkimin əlləri ilə şəfa tapmaq düşübmüş.
Şair Ələkbər Ziyatay isə bu misraları sanki Firuzə həkimə həsr edib:
Günün həyat verən ilıq telləri,
Gəlir otaqlara baxışlarında.
Sənin bir sözünlə ağrı yox olur, üzülmüş ürəyə yüz sevinc dolur.
Sanki özün kimi mahir həkimdir,
Rəftarın sənin,
Sözlərin sənin…
Mən özümün və ailəmin adından peşəkar həkim və gözəl insan olan Firuzə Mürsəlovaya sonsuz minnətdarlığımı bildirir, şərəfli və məsuliyyətli işində uğurlar, ailə səadəti arzulayıram. Şəfalı əlləriniz, gözəl və nurlu qəlbiniz daim var olsun!
Sonda isə bir məsələni də qeyd etmək istəyirəm. Bizim maşını vuran sürücü tam günahkar idi, bunu mütəxəssis və ekspertlər də dedilər. Amma mən onu bağışladım. O isə qəzadan bəri heç halımı da soruşmayıb…
Mahirə QABİLOVA, Qoruqbağı kənd sakini.
Mənbə: “Əkinçi” qəzeti