Milli-mənəvi dəyərlər və müasirlik

0
54
Qurban Süleymanov
Qurban Süleymanov
Qurban Süleymanov
Qurban Süleymanov

Dünyəvi dəyərlər: ürək ağrıdan mənzərə

Vətən, dil, ailə, adət-ənənələr kimi çoxsaylı milli dəyərlərimiz,
eləcə də humanizm, sevgi, din və sair ortaq dünyagörüş, əxlaq
normalarının cəmləşdiyi mənəvi dəyərlər bəşəriyyətin yaşı qədər
qədimdir.
Milli-mənəvi dəyərlərə sadiq olan toplumlar tarixin sınağından daim
üzüağ çıxmışlar. Ən uzunömürlü imperiyalardan olan Osmanlı, başda
islam dininə yüksək bağlılığı olmaqla məhz bu xüsusiyyəti nəticəsində
böyük bir coğrafiyada 624 il mövcud olmuşdur.
Təəssüf ki, günümüzdə, xüsusən də inkişaf etmiş ölkələrdə bu
dəyərlərin tənəzzülə uğraması ümumilikdə bütün bəşəri dəyərlərin
sarsılması ilə nəticələnib. Sülhə daha çox məsuliyyət daşıyan böyük
güclər haqsız maraqları naminə dünyanı fəlakətlər meydanına
çeviriblər. Ədalətsizlik, islam dininə qarşı ədavət isə günümüzün acı
həqiqətidir.
Bütün problemlər – müharibə, təbii fəlakət və xəstəliklər dünyəvi
dəyərlərin kobud pozulmasının məntiqi nəticəsidir. Əgər vətənimizə,
xalqımıza olan sevgimizi eynilə ümumi vətənimiz olan yer kürəsinə və
bütün insanlığa göstərsəydik dünyada sülh hökm sürərdi.
Tanrı bəndələrindən sevməyi, mərhəmət etməyi tələb etsə də təəssüf ki,
bəzən bunun əksi baş verir. Böyük məhəbbətlə yaratdığı insan onun
iradəsinin əksinə gedərək səbəbsiz yerə bir-birini öldürürsə, demək
mənəvi dəyərlər böyük aşınmaya məruz qalıb.
Yer kürəsinin təbii ehtiyatlarının 80 faizi dünya əhalisinin cəmi 20
faizi tərəfindən istismar olunur. Əhalinin 80 faizinin isə 20 faiz
sərvətə möhtac qalması nəticəsində hər 9 nəfərdən 1-i, yəni 800 milyon
insan aclıq içindədir. Əgər hər 5 saniyədə 1 uşaq bu səbəbdən ölürsə,
eləcə də dünyanın ən varlı bir insanının ümumi kapitalından xeyli az,
cəmi 40 milyard dollar bütün aclıq çəkən insanların əsas ehtiyaclarını
ödəmək üçün kifayət etdiyi halda bu təmin olunmursa, hansı yüksək
mənəvi dəyərlərdən danışmaq olar?!
İnsanların şiddətə, dini və irqi ayrı-seçkiliyə məruz qalmaları isə
tolerantlığın yox olmaq təhlükəsindən xəbər verir.
Bu gün xristian aləmində böyük mənəvi çatışmazlıqlar mövcuddur.
Müsəlmanların heysiyyatı ilə oynanılır – islam dini, peyğəmbəri və
kitabı təhqir olunur. Bu ölkələrdə yaşayan, hətta vətəndaş olan
müsəlmanlar haqsızlıqlara məruz qalır. Bu, böyük bir dini cərəyanın
dözümlülük, humanizm kimi vacib dəyərlərdən uzaq düşməsinin
göstəricisidir. Yüksək mənəviyyata malik müsəlmanlar isə dinimizin
tələbinə uyğun olaraq belə məkirli əməllərə qətiyyən qarşılıq vermir,
bütün peyğəmbər və səmavi kitablara hörmətlə yanaşırlar.

Zəngin dəyərlər ölkəsi
İslam dünyasının bir parçası olan Azərbaycan da eyni aqibətlə
üzləşmişdir. Qucaq açdığımız ermənilər başda bəşəriyyətin ən qədim
insan məskənlərindən olan “Azıx” mağarası olmaqla minlərlə dəyərimizi
vəhşicəsinə məhv etmiş, talayaraq öz adına çıxmışdır. Xalqımız isə
yalnız ona məxsus zəngin milli-mənəvi dəyərlərə bağlılığı ilə qürur
duyur. Bu, bayrağımızda türkçülük, müasirlik və islamçılığın əks
olunmasında da özünü göstərir.
Türklərin, eləcə də Azərbaycan türklərinin milli-mənəvi tarixi çox
qədimlərə gedib çıxır. Alim-publisist Baba Əhmədlinin fikrinə görə
hələ 4500 il əvvəl gil lövhələr üzərində yazılmış qədim Şümer
türklərinin “Bilqamıs” dastanında “ərənlik” və “mahirlik” dəyərlərinin
adı çəkilir. 32 əsr sonra yazılmış “Dədə Qorqud” dastanında isə
“ellik” və “uğurluq” kimi mənəvi dəyərlər qeyd olunur.
Böyüklərə yüksək hörməti, dürüstlüyü, mərdliyi ilə seçilən
azərbaycanlılar hətta 70 il Sovet rejiminin maneələrinə rəğmən bütün
milli və dini adət-ənənələrini yaşatmışlar. Bu fəaliyyət Milli
Liderimizin rəhbərliyi dövründə ən yüksək həddə çatmışdır. O,
Azərbaycanın zəngin irsinin inkişafı istiqamətində müstəsna xidmətlər
göstərmişdir. “Dinimiz milli-mənəvi sərvətimizdir” deyən Heydər Əliyev
islamın ölkəmizdə daha yüksək təşəkkülünə, dövlətlə dinin həmrəyliyinə
nail olmuşdur. Dini məsələlərlə məşğul olacaq ayrıca bir təşkilatı –
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini yaratması isə onun yüksək
mənəviyyatının təzahürüdür. Bu qurum islam dininin təbliği və
inkişafı, dinlərarası münasibətlərin tənzimlənməsi, eləcə də son
zamanlar böyük təhlükəyə çevrilmiş dini radikalizmin dəyərlərimizə,
xüsusən də təhlükəsizliyimizə olan təhdidlərinin qarşısının
alınmasında böyük xidmətlər göstərir.
Milli-mənəvi dəyərlərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da
inkişaf etdirilir. Nəticədə bu gün Azərbaycanda 2054 məscid, 13 kilsə
və 7 sinaqoq fəaliyyət göstərir. Müsbət nailiyyətlər isə dövlətlə
aidiyyatı qurumların, xüsusən də qeyd olunan Komitənin birgə səmərəli
fəaliyyətinin nəticəsidir.
Dəyərlərimiz dövlət üçün o dərəcədə əhəmiyyətlidir ki, Milli
Təhlükəsizlik Konsepsiyası kimi vacib bir sənəddə onun mühafizəsinə
ayrıca bölmə həsr edilmişdir.

 İdeal tolerantlıq
Azərbaycanda bütün dini, etnik azlıqların nümayəndələri sülh
şəraitindədirlər. Ölkəmizdə yüzlərlə başqa millətlərdən olan
vətəndaşımız var ki, Azərbaycan dilini bilmədən rahat şəkildə
yaşayırlar. Bu gün istənilən kollektivdə çalışan azərbaycanlılar birgə
işlədikləri və azərbaycan dilində bir kəlmə də olsun danışa bilməyən
hər hansı rus və ya digər millətin nümayəndəsindən tam haqları olduğu
halda belə, rəsmi dövlət dilində danışmağı tələb etmir, əksinə onlarla
öz dillərində danışırlar. Bu, dəyərlərimizə biganəlik deyil, yüksək
tolerantlıq xüsusiyyətlərimizin göstəricisidir. Yaxud, “Xocalı
soyqırımı”na rəğmən 30 mindən çox erməni respublikamızda sərbəst
yaşayırsa bütün bunlar tolerantlığın ən ali forması olan Azərbaycan
modelidir.

Dəyərlərin ümid yeri
Ölkəmiz insanpərvərlik, qonaqpərvərlik məkanıdır. Bu mənada bəlkə də
dünyəvi dəyərləri milli dəyərlərdən daha üstün tutan müstəsna
cəmiyyətlərdənik.
Ərazilərimizin işğalı səbəbindən böyük problemlər və haqsızlıqlara
məruz qalsaq da müxtəlif beynəlxalq-humanitar tədbirləri həyata
keçirməklə dünya mənəvi dəyərlərinin inkişafına böyük dəstək veririk.
Bu mənada Heydər Əliyev Fondunun fəaliyyəti təqdirəlayiqdir. Fond
xüsusən də ölkə daxilində bu dəyərlərin inkişafı istiqamətində böyük
layihələr həyata keçirir. YUNESKO ilə səmərəli əməkdaşlıq nəticəsində
isə zəngin irsimiz dünyada yüksək səviyyədə təbliğ olunur. Nəticədə 23
milli tarixi abidəmiz, Azərbaycan xalçası və kəlağayısı, aşıq və tar
ifaçılıq sənətləri, “Novruz” bayramı, “Çövkən” oyunu qurumun
qeyri-maddi ümumdünya irsi siyahısına daxil edilmiş, Azərbaycan muğamı
bu irsin şah əsəri elan edilmişdir.
Muğamlarımızdan ibarət “Qarabağ xanəndələri” adlı albomun məhz YUNESKO
tərəfindən yaradılması isə Qarabağın Azərbaycan ərazisi olduğunun bu
mötəbər beynəlxalq təşkilat tərəfindən təsdiq olunması və ermənilərin
muğamımıza ola biləcək iddialarının qarşısının alınmasını təmin
etmişdir.
Fondun Pakistan, Fransa, Rusiya, İtaliya, Vatikan, Bolqarıstan və
digər ölkələrdə onlarla tarixi abidələrin təmir-bərpa işlərini,
həmçinin böyük sosial, humanitar layihələri maliyyələşdirməsi
Azərbaycanın dünya irsinə verdiyi böyük önəmdir.

Müasirlik: tərəqqi və tənəzzül
Mövcud yüksək elmi-texniki tərəqqi dövründə müasirləşmə milli-mənəvi
dəyərləri bir sıra müsbət və mənfi təsirlərə məruz qoyur.
Bu gün kompüter və mobil əlaqə vasitəsilə ünsiyyətin virtuallaşması
insanlar arasında mehribançılıq, birlik kimi çoxsaylı mənəvi dəyərləri
formalaşdıran canlı ünsiyyətin sıradan çıxması ilə nəticələnir.
Texnoloji inkişaf nəticəsində insanlar dünyada baş verən hadisələr
barədə geniş informasiya alır. Bu da milli-mənəvi dəyərlərin
formalaşmasına təsir göstərir.
Birqütblü dünya daim müharibə və faciələrlə xarakterizə olunub.
Vaxtilə iki böyük siyasi-hərbi qütbdən birinin başında duran və bu
mənada sülhün təminatında rol oynamış SSRİ-nin süqutundan sonra
bəşəriyyətin düçar edildiyi böyük fəlakətlər məhz bu reallığın acı
nəticəsidir. Müsbət haldır ki, planetin çevik məlumatlanması
nəticəsində yaranan böyük etirazları, qınaqları qismən də olsa nəzərə
almaq məcburiyyətində qalan dağıdıcı böyük güclər müəyyən mənada
hərəkətlərinə korrektə edirlər. Eləcə də mənfi haldır ki, müasirliyin
məhsulu olan dəhşətli silahlar bəşəriyyətə böyük milli-mənəvi zərbələr
vurur.
Sülhün qarantı mənasında, ABŞ kimi hegemon dövlətə qarşı yüksək
texnoloji tərəqqinin nəticəsi olaraq, Çin başda olmaqla böyük güc
mərkəzi formalaşır.
Azərbaycanın milli-mənəvi dəyərləri də müasirliyin təsirinə məruz
qalır. Müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə milli şüur,
vətənpərvərlik, dil, dinə bağlılıq daha da inkişaf etmişdir. Təəssüf
ki, ailə, əxlaq, adət-ənənələr kimi dəyərlərimiz isə müəyyən mənada
tənəzzülə uğrayıb.
Saflıq, namus, ləyaqət kimi xalqımıza xarakterik dəyərləri əks etdirən
ailə bizə çox doğmadır. Azərbaycanlılar ailəni Tanrının bəxş etdiyi ən
ali dəyər kimi qiymətləndirib. Bu yüksək münasibətin nəticəsidir ki,
ulu baba və nənələrimizin hətta bir-birilərini görməyərək qurduqları
evlilik qarşılıqlı sevgi və hörmət əsasında ömürlərinin sonunadək
davam edib. Həmçinin, bir şərəf məsələsi olduğundan Azərbaycan kişisi
onun dağılmasını qətiyyən qəbul etməmişdir. Tərəflərin məsuliyyəti,
böyük nəsihətinə önəm verilməsi və cəmiyyətin həssaslığı Azərbaycan
ailəsinin uzun əsrlər sağlam şəkildə ayaqda durması ilə
nəticələnmişdir.
Təəssüf ki, artıq bu dəyərlər adiləşib. Acı nəticədir ki, 2015-ci ilin
ilk 2 ayı ərzində ölkədə 11,1 min nigaha qarşı 2,1 min boşanma halı
baş verib. Acınacaqlısı isə odur ki, keçən il qurulan hər 8 ailədən
1-i boşandığı halda, bu il bu rəqəm 7-nin 1-ə nisbətindədir. Bu
nigahlardan dünyaya gələn və hər iki valideynin birgə tərbiyəsindən
məhrum olan uşaqların gələcək irsimizə səmimi münasibəti sual doğurur.
Müasirliyin, inkişafın göstəricisi olaraq yeni ailələr qurulur,
beləliklə də yeni evlərə ehtiyac yaranır. Bu gün xüsusən də
kəndlərimizdə böyük torpaq sahələrinin şəxsi istifadəyə verilməsi
ərazilərin tükənməsi ilə nəticələnir ki, bu da övladlarımızın müxtəlif
idman tədbirlərini, adət-ənənələri icra etmələrini tamamilə
məhdudlaşdırır. Bununla da onların sağlamlıqları, eləcə də dostluq,
birlik kimi mənəvi dəyərlərə yiyələnmələrinə böyük zərbə vururuq.
Təəssüf ki, milli bayramımız olan “Novruz”un çilətə, hoydu-hoydu,
şamatdı və digər zəngin ənənələri bu səbəbdən unudulmaq üzrədir.
Qədim sənətkarlıq dəyərlərimiz də bu aqibəti yaşayır.
Həmçinin əxlaq, xüsusən də gənc qızlarımızın milli tərzlə uzlaşmayan
açıq geyimlərə üstünlük verməsi də mənəvi dəyərimizdən uzaqlaşdıran
amillərdəndir. Bu mənada mərhum professorumuz Seyfəddin Qəndilovun
mənim də iştirak etdiyim bir tədbirdə gənc qızlarımıza xitabən dediyi
bir fikri xatırlamaq yerinə düşər. O, deyirdi ki, Avropa, dünya
Azərbaycan qadınını yüksək əxlaqı, milli geyimlərə bağlılığı ilə
tanıyır və qəbul edir. Məhz onlara məxsus dəyərləri təqlid etməklə,
hətta onlardan da ifrat səviyyədə açıq geyinməklə, nəinki özümüzü
Avropaya sevdirə bilərik, əksinə qınaq obyektinə çevrilirik.
Ümid edirik ki, bu problemlər aradan qaldırılacaq, milli-mənəvi
dəyərlərimiz qədimlik və müasirliyin ən dəyərli vəhdətini özündə
birləşdirərək intibaha doğru gedəcək.

Qurban Süleymanov

“Azərbaycan Respublikası  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə
Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik”mövzusunda
keçirdiyi müsabiqəyə təqdim olunur”