Kimi görə-görə?
Ananı, atanı, babanı, nənəni, dayını, bibini, müəllimi…
Şiddət ünsürləri ilə bir evdə yaşayan, mütəmadi olaraq savaş oyunları oynayan uşağın başqa bir uşaq gördükdə onunla dərhal dalaşmağa başlaması, normal insani münasibətlər qura bilməməsi, oyun dedikdə bunu yalnız şiddət ətrafında mümkün olan şey kimi təsəvvür etməsi qədər təbii nə ola bilər?
Problemləri yüksək səslə həll etməyi vərdiş halına gətirmiş bir ananın “bu uşaq bir şey olan kimi niyə qışqırır?” deyə şikayət etməsi nə qədər məntiqlidir?
Telefon zəngini eşidəndə həyat yoldaşına: “Məni soruşsalar, evdə yoxam”, – deyən atanın “bizim uşaq çox yalan danışır” ifadəli fəryadı, sizcə, səmimidirmi?
Uşağa əl qaldıraraq onu özünə tabe etməyə çalışan valideyn eyni hərəkəti uşaqda görəndə, yəni uşaq da başqalarını, hətta onun özünü vurmağa çalışanda əsəbiləşməsi, çıxış yolu axtarması, amma problemin mənbəyini görə bilməməsi nə qədər də acınacaqlıdır, elə deyilmi?
Uşaqdan məharətli köçürmə ustası, uşaq beynindən güclü yaddaş mexanizmi tapmaq mümkün deyil. 2 yaşlı uşağa bir əşyanın adını deyin, sonra o adı onun zehnində dəyişdirməyə çalışın. Əgər bu əşyanın adını ona öyrətmək bir neçə saniyəyə başa gəldisə, inanın, bunu dəyişdirmək üçün sizə bir neçə ay lazım ola bilər.
Bu möhtəşəm köçürmə qabiliyyətinin qarşısında gələcəkdə onda görmək istəmədiyimiz mənfi davranışları rahatca nümayiş etdiririksə, bu mövzu ətrafında bir daha düşünməli deyilikmi?
Əbəs yerə deməyiblər ki, uşaq ailənin güzgüsüdür. Ailənin xoşbəxtlik səviyyəsi uşağın üz cizgilərində nümayiş olunur. Hərəkətlər isə bu səviyyəni açıq-aşkar ortaya çıxarır. Valideynlər bir şeyi unutmamalıdırlar ki, onların bir-birilərinə olan münasibətləri uşaq tərbiyəsinin mayasını təşkil edir. Normal insani münasibətlər zəminində yetişən uşaqlar daha rahat və daha xoşbəxt olurlar.
Uşaq bir çox cəhətdən nemətdir ailə fərdləri üçün. İnsanın, əslində özünü tərbiyə etməsidir uşaq tərbiyəsi. Bəlkə o zamana qədər edilən bir çox hərəkəti tərk etmək, edilməyənləri etmək, kamil insan olma yolunda yarımçıq qalmış səyahəti davam etdirməkdir. Həyatına yenidən nəzər salmaq, gününü nizamlamaq, qəflətdən oyanmaq kimi məziyyətləri insana qazandıran yenə uşaq tərbiyəsidir.
Bəli, valideynlər vurduqları zaman vurmağı, qışqırdıqları zaman qışqırmağı, dalaşdıqları zaman dalaşmağı öyrətdiklərini bilməlidirlər. Çünki uşağın, daha doğrusu, körpənin bunların heç birindən xəbəri olmur. O, ətrafı müşahidələrinin nəticəsində bir sıra müsbət və ya mənfi davranışlara yiyələnir.
“Uşaqlarım üçün hər şeyi etməyə hazıram!” nidasını hayqıran valideynlərdən bir şey tələb olunur: Övladınızı gələcəkdə necə görmək istəyirsinizsə, həyatınızı elə yaşayın, vəssalam. |