Tibbi bacısı Arifə Qarayevanın 65 yaşı tamam olur

0
54

Arifə QarayevaRayonumuzun bacarıqlı, işgüzar və zəngin təcrübəli tibb bacılarından söz düşəndə Arifə xanımın adı birincilər sırasında çəkilir. Xüsusən valideynlər 1970-ci ildən Zərdab rayon mərkəzi xəstəxanasının uşaq şöbəsində tibb bacısı işləyən bu xanıma dərin hörmətlə yanaşır, onun uşaqlara qayğısını yüksək dəyərləndirirlər. 

Qarayeva Arifə Qara qızı 1950-ci il mayın 1-də rayonumuzun Qoruqbağı kəndində anadan olub, doğma kənddə orta məktəbi bitirib, 1968-ci ildə tibb texnikumuna daxil olub. Texnikumu bitirəndən sonra—düz 45 il əvvəl isə Zərdab MRX uşaq şöbəsində tibb bacısı vəzifəsində çalışmağa başlayıb. 

Əlləri şəfalı, uşaqlara düşərli olan bu xanım ötən illər ərzində nümunəvi tibb işçisi kimi çox uğurlar qazanıb, uşaqların sevimlisinə çevrilib. Həm də MRX və rayon rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılıb.

Onu da deyək ki, Arifə xanım nümunəvi tibb işçisi olmaqla yanaşı, eyni zamanda 3 övlad anasıdır.

65 yaşının və əmək fəaliyyətinin 45 ilinin tamam olması münasibətilə bu günlərdə mərkəzi rayon xəstəxanası uşaq şöbəsinin müdiri Aydın Azayevin rəhbərliyi ilə şöbədə Arifə Qarayevanın şərəfinə təntənəli tədbir keçirildi. Başda A. Azayev olmaqla şöbənin həkim kollektivi — G. Salmanova, F. Mürsəlova, M. Aslanova, S. Məmmədova, baş tibb bacısı N. Nuriyeva və şöbənin digər əməkdaşları Arifə xanımı təbrik etdilər, ona can sağlığı, uzun ömür arzuladılar. Gözəl musiqi nömrələri səsləndirildi. Yubilyar xanıma hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkdirildi.

Beləcə, Arifə Qarayeva 65 yaşının tamam olması ilə əlaqədar təntənə ilə pensiyaya yola salındı.

Biz də Arifə xanıma uzun ömür, can sağlığı və övladlarının xoşbəxtliyini görməyi arzulayırıq! Allah üzünüzdən təbəssüm və nuru, evinizdən xeyir-bərəkəti əskik etməsin, Arifə xanim!

Nuriyyə NURİYEVA,

Zərdab rayon mərkəzi xəstəxanasının baş tibb bacısı.Arifə Qarayeva