Zərdab Rayon İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayonda silsilə tədbirlər keçirilmişdir. Rayonun Əlvənd kəndində əsaslı təmir olunmuş tam orta məktəb binasının açılış mərasimi olmuşdur. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev iştirak və çıxış etmişdir.
Daha sonra tədbirlər Heydər Əliyev parkında davam etdirilmişdir. Zərdablılar Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Mərasimdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ümummilli liderin həyat və fəaliyyəti barədə məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, 1969-cu ildə siyasi hakimiyyətə “Qoy ədalət zəfər çalsın” devizi ilə gələn Heydər Əliyev saf əməlləri ilə bütün ömrünü öz doğma xalqına bağışladığına görə dahilik zirvəsini fəth etmiş, Azərbaycan tarixinə öz şərəfli adını qızıl hərflərlə yazmışdır. Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olmuşdur. Heydər Əliyev elə dahi şəxsiyyətlərdəndir ki, onun keçdiyi həyat yolu xalqının dünənini, bu gününü və sabahını aydın göstərir. 46 il öncə Ulu Öndərin respublikamızda ilk dəfə siyasi rəhbərliyə gəlməsi Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açmışdır. Təsadüfi deyil ki, həmin illər respublikamızın intibah dövrü kimi səciyyələnir. Və təbiidir ki, bugünkü Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəri adlandırılır.
Bildirilmişdir ki, çox gərgin iş rejiminə baxmayaraq Ulu Öndər Heydər Əliyev tez-tez respublikanın bölgələrində olmağa və əhali ilə yerlərdə görüşlərə də vaxt tapırdı. 29 may 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin Kür çayının həddindən çox qalxması ilə bağlı məhz Zərdaba səfərini və onun xilaskarlıq missiyasını zərdablılar bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayırlar. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra xalqına layiqincə xidmət edə biləcək bir siyasi varis yetişdirməsidir. 2003-cü, 2008-ci və 2013-cü illərdə Ulu Öndərin layiqli varisi İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev yolunun düzgünlüyünü, Heydər Əliyev ideyalarının ölməzliyini, bu siyasi kursun möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsini bir daha təsdiqləmişdir. Ölkə Prezidentinin həyata keçirdiyi düzgün sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz günü-gündən inkişaf edir, çiçəklənir. Natiq qeyd etmişdir ki, Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsi bütün Azərbaycan xalqı kimi zərdablıların da qəlbində əbədi yaşayacaq və Azərbaycan xalqını daha xoşbəxt günlərə qovuşduracaqdır.
Daha sonra rayon ərazisindəki təhsil, mədəni-maarif müəssisələrinin, uşaq bağçalarının bədii özfəaliyyət yaradıcılıqları ilə tanışlıq olmuşdur. Parkda təşkil olunmuş kitab bayramı və gül bayramı iştirakçılara xoş anlar yaşatmışdır.
Tədbirlər böyük konsert proqramı ilə davam etdirilmişdir.
Zərdab Rayon İcra Hakimiyyəti