Mövzuya bir qədər əvvəldən, yəni sözün hərfi mənasından başlayaq. “Ziya” da, “nur”da işıq deməkdir. “Ziya” daha çox Günəş işığı, “nur” isə Ayın işığı kimi izah olunur. Yəni Ay Günəşin güzgüsü olduğu üçün axşamlar onun işığının bir qismini əks etdirərək dünyamızı işıqlandırır. Demək, ilkin qənaətimiz bu oldu ki, ziyalı deyilən adam bütün hallarda işıqlı olmalıdır. İşıqlı olub nə edəcək? – Təbii ki, başqalarına yol göstərəcək. Hansı yolu göstərəcək? – Əlbəttə ki, doğru yolu, qurtuluş yolunu, əsl insanlıq yolunu.
Mövzu ilə əlaqədar klassik ədəbiyyatımızda kifayət qədər araşdırma apardıqdan sonra gəldiyin qənaət belə olur ki, ziyalı olmağın iki təməl əsası var: bilmək və olmaq.
Nəyi bilmək? – Doğrunu yalandan, haqqı batildən, xeyri şərdən ayıra bilmək. Qurani-Kərimin bir adı da FURQAN deyilmi? – Yəni araya fərq qoyan, ayıran, hər şeyi olduğu kimi göstərən. Nəyi nədən, kimi kimdən ayıran? – Əlbəttə, haqqı batildən, doğrunu yalandan, dostu düşməndən, xeyiri şərdən…
Demək, ziyalı olmaq üçün, ilk növbədə, bu keyfiyyətə, biliyə, elmi əsaslara sahib olmaq lazımdır.
Ziyalılığın ikinci təməl əsasına, olmaq məsələsinə gəldikdə isə məsələ daha da dərinləşir və biliyin, öyrənilənin xarakterə çevrilməsi ən mühüm şərt kimi ortaya çıxır. İnsan bir şeyi oxuyursa, bir mənbədən bilik əxz edirsə, ilk növbədə, onun xeyirli və ya zərərli olduğunu təsbit etməli, xeyirli olduğuna əmin olduqdan sonra həyatını o bilgi, o əsas üzərində qurmalıdır. Ona görə də uşaqlıq yaşından etibarən sağlam elmi qaynaqlara yönəlmək çox mühüm məsələdir. Sizi əmin edirəm ki, nə vaxtsa oxuduğunuz yanlış bir qənaətin təsəvvürünüzdə açdığı böyük bir boşluğu, uçurumu aradan qaldırmaq, o yanlış qənaətin təsirindən qurtarmaq üçün bəzən onilliklər lazım gəlir.
Sevimli Peyğəmbərimiz (s.ə.s.) bildirir ki, hesab günü ilkin sorğu-suala çəkilənlərdən biri alim olacaq və Allah-Təala (c.c.) ondan nə məqsədlə elm öyrəndiyini, alim olduğunu soruşanda o da insanlara fayda vermək istədiyini deyəcək. Allah-Təala (c.c.) onun yalan danışdığını bildirəcək və cəhənnəmə atılmasını əmr edəcək.
Quran məntiqi ilə bildiyini həyatına tətbiq etməyənin halı belinə çoxlu kitab yüklənmiş ulağın halına bənzəyir, yəni ulağın belinə yüklənmiş kitabın və ya elmin ona nə qədər faydası varsa, yaddaşına yük elədiyi, amma həyatına tətbiq eləmədiyi elmin də sahibinə o xədər xeyri var. Yəni ziyalı dediyin insan haqqı batildən, doğrunu yalandan, haqlını zalımdan ayıracaq və ölümü bahasına olsa belə haqqın tərəfində duracaq.
Rəsulullah istirahət edərkən bir neçə səhabə Onun yanına gəlir və soruşurlar:
-Ya Rəsulullah, müsəlman şərab içə bilərmi?
Rəsulullahın cavabı da, təxminən, belə olur ki, içməməlidir, şərab içmək haramdır, içmiş olsa da günahkardır, amma dindən çıxmış sayılmaz.
Yenə soruşurlar:
-Ya Rəsulullah, müsəlman zina edə bilərmi?
Cavab, təxminən, eyni olur:
-Etməməlidir, etmiş olsa da günahkardır, amma dindən çıxmış sayılmaz.
Sonra dikəlib yerindən qalxır və çox ciddi şəkildə belə buyurur:
-Müsəlman yalan yerə şahidlik edə bilməz.
Bu sonuncu xəbərdarlıq əslində çox ciddi və mühüm həqiqətdən xəbər verir. Yəni haqlı olduğunu bilə-bilə birinə haqsız demək və ya haqsın olduğunu bildiyin halda, onu haqlı kimi göstərməyə çalışmaq şərab içməkdən də, zina etməkdən də betər günahdır. Hətta bu davranışın insanı dindən çıxardığını da iddia etmək olar.
Birisi yalan danışırsa, ziyalı ola bilməz; yaltaqlıq edirsə, ziyalı ola bilməz; haqqa nahaqq, nahaqqa haqq deyirsə, ziyalı ola bilməz; ədalətin hakim olması üçün rahatlığından vaz keçə bilmirsə, ziyalı ola bilməz… Hələ rüşvət yığanları, başqalarının haqqını tapdalamağı, yetim-yesir malı yeməyi adət edənləri demirik.
Bu siyahını xeyli uzatmaq olar, amma elə düşünürük ki, bu deyilənlər ümumi istiqaməti göstərməyə yetir.
Sözün qısası, ziyalı dediyin diplom və ya bilik sahibi olmaq deyil, doğrunu öyrənmək və doğru xarakterə sahib olmaqdır. Məsələ diploma, təhsilə qalsa, bizdə də var, amma nə olsun ki…
Əli Çərkəzoğlu |
Bir qədər yığcam,xeyli düşündürücü və aktual movzu olduğu üçün ,oxucular tərəfindən münasibət bildirilməsi gözləniləndir.Hərçənd dörd gün keçməsinə baxmayaraq münasibət bildirən yoxdur.Müəlliflə bir çox məqamlarda razılaşmaqla yanaşı bəzi fikirlərimi bildirmək istərdim.
1.Təhsilli və savadlı insanlar tamamilə fərqlidirlər.İbtidai sinfi bitirmiş insanlar vardır ki,bir çox ali təhsillidən savadlıdır.Yəni savadlı olmaq heç də diplomla müəyyən olumur.
2.Baxın mollalr yas mərasimlərində bir qayda olaraq içkinin haram olmasından danışırlar.Amma yalançılığın(yalan danışmağı “bacaran”adam ən təhlükəli admdır),yaltaqlığın,rüşvətxorluğun,vəzifədən sui istifadənin,saxtakarlığın(əsasən seçki saxtakarlığının)Allah və cəmiyyət qarşısında nə qədər zərərli, günah və cinayət olduğunu söyləməkdən vaz keçərək rəhbərliyin qəzəbinə tüş gəlməkdən çəkinirlər.Bunları yazmaqda məqsədim odur ki,ziyalılığın,təhsildən və dindən heç bir asılılığı yoxdur.
Comments are closed.