Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrliyi ilə həmyerlisini öldürüb meyidini yandıran Zərdab rayon sakini, 1989-cu il təvəllüdlü Vüsal Ələsgər oğlu Mehrəliyevin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Zerdab.comun xəbərinə görə, iclas barədə bolge.info-ya açıqlama verən vəkil Tural Süleymanov (qətlə yetirilən Zeynalov Rəşadın ailəsinin vəkili) bildirib ki, ilkin iclasda yalnız ittiham ounan Vüsal Mehrəliyev dindirilib. Vəkil qeyd edib ki, müttəhimin hakim qarşısında dedikləri ilə ilkin istintaq gedişində verdiyi ifadələr arasında ziddiyyətlər var: “Vüsalın ilkin istintaqda verdiyi ifadə daha səmimi görünürdü”.
Cinayət işi barədə geniş məlumat vermək istəməyən vəkil Tural Süleymanov bildirib ki, bir neçə iclasdan sonra ətraflı açıqlama veriləcək.
Növbəti iclas mayın 26-da keçiriləcək.
Zerdab.com xatırladır ki, ötən il dekabrın 30-da Zərdab rayonunun Dəliquşçu kənd sakini Vüsal Mehdiyev həmkəndlisi Rəşad Zeynalovu bıçaqlayaraq qətlə yetirmişdi. Bundan sonra o, mərhumun meyitinin üz nahiyəsinə benzin tökərək yandırıb. Rəşad Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb. Məlumata görə, Rəşad Zeynalov ötən il dekabrın 29-da axşam saatlarında yoxa çıxıbmış.
Xatırladaq ki, bu hadisənin necə baş verməsi ilə bağlı fikirlər birmənalı deyildi.
“Məhkəmə olmayınca, ya da oğlumla görüşməyincə mənə heç nə aydın deyil. Bircə məlumatım var ki, telefon və ailə məsələsidir”.
Bu sözləri bir neçə ay əvvəl Zərdab rayonunun Dəliquşçu kəndində Rəşad Zeynalovun başını kəsən Vüsal Mehdiyevin atası Ələsgər Mehdiyev demişdi.
Onun sözlərinə görə, cinayət ailə məsələsi üstündə baş verib: “Vüsal 4 ilə yaxındır ki, evli idi. Onun həyat yoldaşı bacım nəvəsidir. Vüsalın kənddə mağazası var. Vüsalla Rəşad bir sinifdə oxuyublar. Rəşad Bakıda işləyirdi, kəndə yalnız toy olanda gələrdi. Gələndə də Vüsalla görüşürdü. Onun ayağı bizə bircə dəfə dəyib. Həmin vaxt Vüsalın həyat yoldaşının telefonu stolun üstündə olub. Rəşad həmin telefonu götürüb öz nömrəsinə zəng edib. Eləcə gəlinin nömrəsi onun telefonuna düşüb. Sonra bunlar gecə yatanda görüblər ki, gəlinin telefonu zəng çalır. Vüsal götürüb “alo” deyəndə baxıb ki, Rəşaddır. Rəşad da telefonu söndürüb. Yoldaşından bu barədə soruşanda deyib ki, həmin nömrədən birinci dəfədir, zəng gəlir. Munaqişə bundan sonra başlayıb. Mən onu bilməmişəm. Bilsəydim, qarşısını alardım”.
Ə. Mehdiyev əlavə edib ki, 4 il evli olmasına baxmayaraq oğlunun övladı olmayıb: “Bu yaxınlarda İrana apardım. Gəlin çölə çıxan deyil, hara getsə, maşınla gedib gələr. Biri öldü, biri də həbsdə. Mən indi arada qalmışam”.