Sözümün bu yerində heç unutmadığım bir həqiqəti bölüşüm sizinlə: hələ təfəkkürümün tam formalaşmadığı, başqalarının sözlərindən özüm üçün qənaətlər çıxardığım gənclik illərimdə kimdənsə eşitmişdim ki, həyatda sağlam adam yoxdur, hərənin bir dərdi var. İnanırsınızmı, bu söz uzun illər mənim beynimdə dolaşdı. Ancaq bir xəstəxanada müalicə olunanda öz-özümə qərar verdim ki, bu cür düşüncə xəstəlikdir. İnsan özünün sağlam olduğuna inanmırsa, deməli, xəstəlik həmişə onun yaxasını tanıya bilər.
Səhər yerindən durursan, oyaq olanlar da var, yatanlar da. Güzgünün qabağına keçib sifətinə baxırsan: əzginlik, hər cür əzab-əziyyət oxunur sifətindən. Düşünürsən ki, uşaqların da, yoldaşın da səni hər səhər bu sifətdə görürlər və sən bu vəziyyəti dəyişmək üçün addım atmaq istəmirsən.
Halbuki insan özünə əhvali-ruhiyyə aşılamağı, ailə üzvlərinin ovqatını yaxşılaşdırmağı bacarmalıdır. Əmin olun ki, özünütəlqin yolu ilə sizin də əhvalınız yaxşı olar, ətrafdakıların da.
Özünü inandıra bilmək, həmişə gülərüz olmaq sağlamlıq, eləcə də ətrafdakıların ovqatını yaxşılaşdırmaq üçün çox vacibdir. Bu cür insanlar cəmiyyətdə ümid müjdəsi kimi dolaşırlar. Hələ ailədə sizin körpəniz xəstələnibsə, əmin olun ki, üzünüzdəki təbəssümə, ümid dolu sözlərinizə onun çox böyük ehtiyacı var.
Özünü inandıra bilənlər başqalarını da inandırırlar. Ona görə də, ailə başçısı bu məsələyə həmişə xüsusi diqqət ayırmalıdır. İnanmalı və inandırmalıdır ki, hər şey qaydasındadır, ailənin xoşbəxtliyi üçün hər hansı ciddi maneə yoxdur. Bütün bunların ən gözəl ifadəsi isə, heç şübhəsiz, təbəssümdür. Çöhrənizdən təbəssümü əskik etməyin.
Deyirlər ki, insanın üzü onun daxili aləmini əks etdirir. Ancaq ona da əmin olun ki, insan öz çöhrəsini həmişə təbəssümlə bəzəsə, bu, onun daxilinə də əks edər, hisslərinə də, düşüncələrinə də.
Uca Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, təbəssüm də sədəqədir. Əgər sən, öz əhvalın o qədər də yaxşı olmasa belə, qarşı tərəfin könlünü almaq, üzünü güldürmək, ona dəyər verdiyini ifadə etmək üçün təbəssüm edirsənsə, əmin ol ki, sənin bu niyyətin boşa getməz. Çünki sən Allahın bir qulunu sevindirsən, Allah da səni sevindirər.
Üzünüz gülsün, çöhrənizdən təbəssüm əskik olmasın. Əmin olun ki, sizin bu əhvalınız evdə hər kəsin əhvalına təsir edəcək, üzünü güldürəcək. Uşaqlarınıza sevinməyi, gülməyi, təbəssümlə yaşamağı öyrədin. Bu da tərbiyənin bir yoludur… |