Zərdablı Qoçunun qəhrəmanlığı

1
60

1941-ci il iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqının Böyük Vətən müharibəsi başlandı, SSRİ dövləti İkinci Dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Sovet xalqları tərəfindən xilaskar, ədalətli vətən müharibəsinə çevrilən bu dava əsl ümumxalq müharibəsi idi.
1941-45-ci illərdə sovet ordusu sıralarına Azərbaycandan 640 mindən çox insan səbərbər edilib cəhbəyə göndərildi və onların 3384 nəfəri Zərdabdan idi. Bu insanların 1407 nəfəri geri dönə bilmədi. Qayıdanların isə bir çoxu yaralılar idi…
Qoçu Əhməd oğlu Qurbanov 1924-cü ildə Kəndəbil kəndində anadan olub. 1942-ci ilin oktyabrında cəhbəyə yollanıb. Ağır döyüşlərdən birində yaralanaraq doğma kəndə qayıdıb, arxa cəhbədə çalışmalı olub, əkib-biçib. Ailə qurub. Bacarığı diqqətdən yayınmayıb, kolxozda pambıqçılıq briqadiri təyin edilib. İşə can yandırıb, gecə-gündüz çalışıb, plan və tapşırıqları artıqlamasıyla yerinə yetirib. Cəhbədən yaralı dönən əsgər işinin əsl ustası kimi tanınıb. Ona mükafat olaraq minik maşını bağışlayıblar. Layiqli əməyi “Lenin” ordeni ilə qiymətləndirilib.
Böyük Vətən müharibəsindəki xidmətləri də unudulmayıb, “II dərəcəli Vətən müharibəsi” ordeni, Silahlı Qüvvələrin 40 və 70 illik yubiley medalları ilə də təltif olunub.
5 oğlu, 2 qızı, 15 nəvəsi və nəticələri olan 91 yaşlı Qoçu Qurbanov özünü yaxşı hiss edir. Ən böyük arzusu işğal altında olan torpaqlarımızın erməni faşistlərindən azad olunacağı günü görməkdir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağda qələbə gününü bayram edəcəyimizə əmindir.
Hörmətli veteran! Allah muradınızı versin! Amin!
Tərlan ABDULLAYEVA,
“Əkinçi”nin müxbiri.

1 comment

  1. Kəndimizin şəhidləri ve qəhrəmanları ilə həmişə fəxr etmişik. Onlar bizim qürur mənbəyimizdir . Bu məqalədə adı çəkilən və haqqında söhbət dedən Qoçu babaya isə Allahdan ömür möhləti arzulayırıq .

Comments are closed.