Kür suyu xəstəliklər törədir

0
57

 

Kür və Araz çaylarında biogen maddələrin həddindən artıq çox olması bu sulardan istifadə edənlər üçün ağır nəticələrə gətirib çıxara bilər. Odur ki, modul tipli sutəmizləyici qurğuların suyundan istifadə etmək məsləhət görülür.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq Kür və Araz çaylarında suyun çirklənmə vəziyyəti barədə məlumatları açıqlayır. Qeyd edək ki, bu məlumatlar transsərhəd çaylarında keçirilən monitorinqlərə əsasən müəyyənləşir. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının II ongünlüyü üçün növbəti monitorinqlərini həyata keçirib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

 

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.2, Ağstafaçayda 3.8, Ağstafaçay su anbarında isə 4.3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Nazirliyin açıqlamasına görə, Kür çayının Gürcüstandan keçən hissəsində buraya sənaye və məişət-kommunal suları axıdılır. Ermənistan ərazisində çirklənməyə məruz qalan Araz çayının Kürə qovuşması və çay boyunca yerləşən yaşayış məntəqələrindən suya axıdılan məişət tullantıları isə aşağı axında çirklənmə səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Araz çayının suyu da keyfiyyət göstəricilərinə görə çirklənmiş su kateqoriyasına aiddir.

Bu çayın qolları olan Oxçuçay və Razdan çaylarının Ermənistan ərazisindən sənaye və məişət-çirkab sularının axıdılması nəticəsində həddən artıq çirklənməsi suyun ekoloji təmizliyinə daha da mənfi təsir göstərir.

Suda yaşayan canlılar üçün də çox ciddi fəsadlar yaradır

Bəs Kür və Araz çaylarının suyunun tərkibində biogen maddələrin həddindən artıq çox olması insan orqanizmi üçün nə vəd edir? Bu, hansı xəstəliklərə və fəsadlara gətirib çıxara bilər? Məlum olduğu kimi, Kür suyundan həm təsərrüfatlarda, həm də içməli su kimi istifadə olunur…

Kimya üzrə fəlsəfə doktoru Ramil Rzayev bizimlə söhbətində mövzu ilə bağlı bunları dedi: “Biogen maddələr canlı orqanizmlərdə və ya bioloji proseslər zamanı əmələ gələn maddələrə deyilir. Bu maddələr bəzən biomolekullar da adlanır. Məsələn, neft və daş kömür, həmçinin tabaşir və əhəng daşları uzun müddət müxtəlif bioloji çevrilmələr nəticəsində əmələ gəlmiş maddələrdir.

Bu cür maddələrin (xüsusilə, neft və onun emalı məhsulları) su hövzələrinə axıdılması həm o suda yaşayan canlılar üçün, həm də ondan içməli su kimi istifadə edən insanlar üçün olduqca təhlükəlidir”.

Kafedra müdiri Kür suyunun biogen maddələrlə çirklənməsinin acı nəticələri ola biləcəyini söylədi: “Kür çayına qonşu ölkələrin ərazilərində axıdılan məişət və sənaye tullantıları onun suyunun həddindən artıq çirklənməsinə səbəb olur. Bulantıların tərkibində olan fenol və onun törəmələri, xüsusilə, kansoregen xassəyə malikdir”.

Müsahibimiz dedi ki, bu tip maddələr suda yaşayan canlılar üçün də çox ciddi fəsadlar yaradır: “Bu cür sulardan içmək məqsədilə istifadə etdikdə də eyni təhlükə insanlar üçün də yarana bilər”.

Kimya üzrə fəlsəfə doktoru Ramil Rzayev qeyd etdi ki, biogen maddələrlə çirklənmiş sulardan kənd təsərrüfatında suvarma məqsədi ilə istifadə etdikdə bu, bitkilərin normal inkişafına da mənfi təsir göstərə bilir: “Belə ki, sənaye istehsalatı zamanı təmizlənməmiş tullantıların tərkibində müxtəlif metallar və onların birləşmələri mövcud olur. Bu da bitkilərdə fizioloji proseslərin normal baş verməsinə mənfi təsir göstərir”.

 Modul tipli sutəmizləyici qurğuların quraşdırılması davam edir

Qeyd edək ki, Prezident İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar sərəncam imzalayıb. Sənədə əsasən, 2007-2014-cü illərdə 20 rayonun 272 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, daha 48 yaşayış məntəqəsində belə qurğuların quraşdırılması işləri aparılır. Bununla da icra edilməkdə olan layihələr hesabına 320 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmaqla, keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 500 mini ötəcək. Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirləri davam etdirmək məqsədi ilə Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40 mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 5 milyon manat ayrılıb. Artıq bu istiqamətdə işlər icra olunur və müsbət nəticələri də var.

Tənbəllik, yoxsa biganəlik?

Lakin müşahidələrimizə əsasən deyə bilərik ki, hələ də bir çox yaşayış məntəqələrində əhali nədənsə modul tipli sutəmizləyici qurğuların suyundan istifadə etmir. Görünür, insanlarımız hələ də bunun hansı fəsadlarının ola biləcəyindən xəbərsizdirlər. Təbii ki, bunun obyektiv səbəbləri də var. Məsələn, kənd yerlərində insanlar suyu əsasən maşınlarla alır və hovuzlara doldurub istifadə edirlər.

Bir maşın su 5 nəfərdən ibarət ailə üçün 10-15 gün kifayət edir. Modul tipli sutəmizləyici qurğulardan gələn suları isə kənd yerlərində quraşdırılmış bir neçə bulaq vasitəsi ilə əldə etmək mümkündür. Burada suyu qablara doldurduqdan sonra onu evlərə daşımaq lazım gəlir. Evi bulaqdan uzaqda olanlar da var, yaxın məsafədə olanlar da. Odur ki, birincilər modul tipli sutəmizləyici qurğuların suyundan istifadə etmirlər və ya çox az istifadə edirlər. Hovuzlara doldurulan Kür suyu isə, təbii ki, təmizlənməmiş olduğundan istifadəsi zərərlidir. Bunu insanlarımızın tənbəlliyi ilə də əlaqələndirmək olar. Məsələn, ən azından içmək üçün modul tipli sutəmizləyici qurğuların suyundan istifadə etmək doğru olmazdımı? Axı əks təqdirdə, ağır xəstəliklər qaçılmaz ola bilər?

Nicat İsmayılov