Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət büdcəsindən ayrılan vəsait hesabına Zərdab şəhərinin baş planının hazırlanması üzrə açıq tender elan edib. www.zerdab.com saytının məlumatına görə, komitənin şöbə müdiri Cahangir Qocayev deyib ki, tender 5 lotdan ibarətdir. İştirak etmək istəyənlər hər lot üzrə 100 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar tenderin əsas şərtlər toplusunda göstərilmiş keyfiyyət və dəyər seçki üsuluna əsasən seçiləcəklər. İddiaçılar sənədlərini iyunun 21-dək, tender təkliflərini isə iyulun 2-dək təqdim etməlidir.
C. Qocayev bildirib ki, texniki təkliflər müvafiq ballarla müəyyənləşdiriləcək. Belə ki, iddiaçıların analoji sahədə iş təcrübəsi 5 bal, iş planı və metodologiya 40 bal, əsas işçilərin ixtisas dərəcəsi və təcrübəsi isə 55 balla qiymətləndiriləcək. Texniki qiymətləndirmənin minimal keçid balı 70 bal təşkil edir. İddiaçıların təklifləri nəzərdən keçirildikdən sonra nəticələri iyulun 3-də tender komissiyası tərəfindən açılacaq.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Zərdabla yanaşı, Hacıqabul, Siyəzən, Yardımlı və Zaqatala şəhərlərinin baş planının hazırlanması üzrə də tender elan edib.
www.zerdab.com