Dünyan güllü-gülüstan olsun, axirətin cənnət. Nə deyirik, Allah qismət eləsin, amma axirətini istəyən gərək dünyanın hər cəfasına qatlansın. Quran bizə bildirir ki, axirət üçün yaşayın, amma dünyadan nəsibinizi alın. Bu, heç də o demək deyil ki, zahid kimi tərki-dünya olasan, ya da dünyaya sahiblənəsən. Dünyadan nəsibini almaq mömin üçün zərurət miqdarında faydalanmaqdır.
Rəsulullahın (s.ə.s.) yaşadığı səadət əsri adlanan o dövrdə elə insanlar var ki, onların həyatını təsəvvür eləmək belə çətindir. Amma doğru onlardır, Haqqı istəyən onlardır, əsl müsəlman onlardır.
Bilal Həbəşi bir kölə idi, gündə bir ovuc xurma qarşılığında dəvə otarırdı. İslamı qəbul elədi və başına olmazın müsibətlər gəldi. Boynuna kəndir bağlayıb it kimi Məkkənin küçələrində dolaşdırdılar, yıxılanda sürüdülər. Musab Məkkənin ən yaraşıqlısı, dəliqanlısı idi, İslamı qəbul elədi və dünyanın bütün naz-nemətlərindən uzaq oldu. Uhudda şaqqalanaraq şəhid oldu. Geyimini özünə kəfən elədilər, yetmədi: üzünü örtdülər, ayağının üstünə ot yığdılar.
Cənnəti istəyən, Allahın rizasına qovuşmaq istəyən Bilal kimi boynuna kəndir salınıb ora-bura dartılmağı gözünün altına alsın. Axirəti istəyən dünyasını fəda etməyi öyrənsin. Yoxsa hər şey bizim düşündüyümüz qədər də asan deyil. |