Aprelin 18-i bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, cari ilin 18 aprel tarixi respublikamızın şəhər və rayonlarında əhalinin nazirliyin tabeliyində fəaliyyət göstərən mədəniyyət qoruqlarına və muzeylərinə sərbəst ziyarətinin təşkili məqsədilə “Açıq qapı” günü elan edilib. Zerdab.com saytına verilən məlumata görə, bununla əlaqədar Zərdab Rayon Mədəniyyət Evində “Tarixi abidələrimiz bizim milli sərvətimizdir” başlığı altında tədbir keçirilib. Tədbirdə rayonda olan abidələr haqqında, onların yaranma tarixi haqqında söhbətlər aparılıb, məktəblilərə, iştirakçılara bəzi məlumatlar verilib. Sonra şəhər 1 saylı orta məktəbdə yerləşən Həsən Bəy Zərdabinin büstü, Naməlum əsgərin, Məlik Məhərrəmovun, Üzeyir Hacıbəyovun büstləri ziyarət olunub.