Uşağınızla çox vaxt keçirməyin

0
44
Uşaq və Ailələrə Dəstək MərkəziHansı psixoloqdan, pedaqoqdan uşaq tərbiyəsi haqqında soruşsanız, ilk tövsiyələrdən biri bu olacaqdır: “Uşaqlarınızla çox vaxt keçirin”.
Ancaq bu tövsiyə bəzən yarımçıq olduğu, bəzən də tövsiyə edilənlər məsələni düzgün qəbul etmədiyi üçün nəticə uyğunsuz olur.

Düzgün olan və düzgün anlaşılmalı olan tövsiyə isə budur: “Uşaqlarınızla keyfiyyətli, mənalı vaxt keçirin”.

Bəli, ananın bütün günü evin içində uşaqla birlikdə olması, onların bərabər vaxt keçirmələri demək deyil. Yaxud da işdən yorğun gələn atanın uşaqdan dərslərini soruşub, televizora baxmağa başlaması, uşaq həyəcanla, həvəslə məktəbdə başına gələn əhvalatı danışarkən televizora baxa-baxa başı ilə təsdiq etməsi uşaqla vaxt keçirmək deyil. Eyni zamanda ata və ananın uşaqlarla gəzməyə çıxarkən girdikləri bir əyləncə mərkəzində uşaqları oyun yerinə təhvil verib, özlərinin də başqa yerə getmələri, ailənin birlikdə vaxt keçirmələri demək deyil.

Ana mətbəxdə və ya evin müxtəlif otaqlarında gündəlik ev işlərini görür: yemək bişirir, paltar yuyur, otaqları səliqəyə salır. Bu sırada 4 yaşındakı uşaq da bir tərəfdə oyuncaqları ilə oynayır, bəzən ürəyi sıxılır, gah televizorda cizgi filminə baxır və s. Əgər bu anadan soruşsanız ki, övladınızla gündə nə qədər vaxt keçirirsiniz, hər halda “24 saat” cavabını verəcək. Halbuki yuxarıda sadaladığımız mənzərələr uşaqla bir tavanın altında, bir döşəmənin üstündə olmaqdır, vaxt keçirmək yox. Ana uşaqla keçirəcəyi vaxta paltar yumağı, ev süpürməyi, telefonla danışmağı da əlavə edərsə, haqsızlıq etmiş olar.

Bunu ona görə deyirik ki, uşaqla vaxt keçirdiyinizi zənn etməyin, uşaqla çox vaxt keçirməyin, keyfiyyətli və mənalı vaxt keçirin. Onu qarşınıza alın, saçlarını oxşayın, belə demək mümkünsə, özünüzü ona həsr edin. Əlavə heç bir iş görmədən qaydaları onun müəyyənləşdirdiyi oyunda ürəkdən iştirak edin. Lazım olsa, yerdə uzanın, lazım olsa, divanın üstünə çıxıb ordan yerə yıxılın, lazım olsa, hansısa bir heyvanı təqlid edin…

Təki başqa heç bir iş görməyin. Bu müddətdə keçirdiyiniz dəqiqələr həmin gün uşağa ayırdığınız dəqiqələrdir.

Əlbəttə, bütün bunları edərkən uşağın dünyasına daxil olmaq, dünyaya, hər şeyə onun pəncərəsindən baxmaq vacibdir.

Əgər övladınız artıq uşaq yaşını keçibsə, o zaman məktəbin və dərslərin xaricində onunla qurduğunuz dialoqların müddəti onunla keçirdiyiniz zamandır. Yoxsa dərs zəminində, dərslərlə aparılan söhbətlər yenə də uşaqla vaxt keçirmək sayılmır.

Uşağın ruhunu kəşf etmək, ən sadə dillə desək, onu anlamaq və onu olduğu kimi, təbii, səmimi qəbul etmək; uşaqla keyfiyyətli və mənalı vaxt keçirin deyərkən, əslində nəzərdə tutduğumuz budur.

Elmir İsgəndərov