Zərdaba ayrılan dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlanıb?

0
49

Zerdab-bayramAzərbaycan Hesablama Palatası Şirvan şəhəri, Şəmkir, Zərdab, Gədəbəy, Goranboy, Ağstafa, Hacıqabul, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.

Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə – smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib. Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, istilik, kanalizasiya sistemlərinin sınağının keçirilməsi barədə müvafiq akt tərtib edilməyib. Qüvvədə olan qanunvericiliyə əsasən, investisiya xərclərinin dövlət orqanlarının və müəssisəsinin aktivlərinin artırılması üçün nəzərdə tutulan xərc kimi müəyyən edildiyi halda, əsaslı tikintiyə və əsaslı təmirə yönəldilmiş vəsait hesabına yaranan əsas fondların müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlərə baxış zamanı bir sıra hallarda quraşdırılmamış mebel və avadanlıqlar, həmçinin yerinə yetirilməyən tikinti – quraşdırma işlərin qəbulu haqqında aktlara daxil edildiyi müəyyən olunub.

Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində, bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinə göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Bununla bağlı Zərdab Rayon İcra Hakimiyyətindən verilən məlumatda 2 aparıcı məsləhətçiyə töhmət verildiyi, baş mühasibə və böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Qeyd edək ki, hesabat aprelin 14 – də Milli Məclisdə müzakirəyə çıxarılacaq.