İnsanın 3 dostu var

0
69
heyat kainatİnsanın 3 dostu var: biri onu evindən yola salar, biri qəbrə qoyulana qədər dalınca gələr, biri də axirəti boyunca ona yoldaşlıq edər. İnsanı evindən yola salan dostu qazandığı dünya malıdır, məzarına qədər gələn və dəfn edib geri dönən sevdiyi insanlardır, axirətdə də yoldaşlıq edən isə əməlləridir (hədis).
Kim bilir, bizi o Böyük Məhkəmədə cəhənnəm əzabından hansı əməlimiz qurtaracaq. Hərdən oturub düşünək və əməllərimizi göz önündən keçirib ruhumuza təskinlik verən bir şey tapmağa çalışaq.Bir əlində torba və əsasını tutmuş, o biri əli ilə dükandan yenicə aldığı çörəyi sinəsinə sıxmış bu dədə evinə tələsir. Bu dədənin oğlu və gəlini iki il əvvəl avtomobil qəzası nəticəsində Haqqın rəhmətinə qovuşublar. Qarısını beş il əvvəl torpağa tapşırmış bu dədə indi irili- xırdalı dörd nəvəyə baxır. O dörd nəvə üçün ata da odur, ana da, baba da odur, nənə də. Onların paltarlarını da yuyur, lap balacanın altını da təmizləyir, səhər durğuzub yedizdirir, birini məktəbə aparır, o birini gətirir. İndi maşallah uşaqlar bir az yekəliblər. Çox işlərini özləri görürlər. Özləri özlərinə böyüklük edirlər. Dədənin hər sözü onlar üçün qanundur, yaşları az da olsa anlayırlar ki, Allahdan aşağı bu dədə onlar üçün ən böyük dayaqdır və o dayağın möhkəm olması, sarsılmaması üçün onun sözünə baxmalıdırlar. Sağ olsunlar, elə baxırlar da. Baba da hər ay aldığı qocalıq təqaüdünü, uşaqların adına verilən müavinəti qənaətlə xərcləyərək dörd bala böyüdür. Əslində böyüdən Allahdır, dədə sadəcə çırpınır və boynuna düşən işləri yerinə yetirməyə çalışır. Arada bir də deyir ki, aldığı bu üç-beş manatla bu qədər dərd-səri necə yola verdiyini heç özü də anlamır.

Bəlkə bu dədə torbasındakıları və o isti çörəyi sənin verdiyin sədəqə ilə alıb. Bu haqda heç düşündünmü? Bu dədənin ən böyük nəvəsinin yaşı on bir olsa da əl çəkmədi və babası ilə birlikdə sahura qalxıb oruc tutdu. Sən necə düşünürsən, sənin verdiyin sədəqə bir dərdli ailənin süfrəsinin bərəkəti olduğu halda bütün mal-mülkün, var-dövlətin Sahibi Allah Zül-Cəlal Həzrətləri dünyada və axirətdə sənin süfrəni boş qoyarmı? Heç bu haqda düşündünmü? Hələ onu da düşündünmü ki, verdiyin sədəqə ilə hər nəvəsinə bir hədiyyə də alıb və o nəvələr sənin verdiyin sədəqə ilə alınmış hədiyyələri bu gecə qucaqlayıb yatacaqlar. O nəvələr bu gecə yuxularında üzlərini belə xatırlamadıqları valideynlərini görəcəklər və hamısının gördükləri də sənə bənzəyəcək. Sənin verdiyin sədəqə ilə o yetimlərin könlü açılır, dünyaları şənlənirsə, bu dünyanın və axirətin Sahibi bu dünyada və axirətdə sənin əllərini boş qoyarmı? Heç düşündünmü? Heç düşündünmü ki, sən bu qədər könül sevindirdiyin halda Allah-Təala sənin könlünü sevindirməzmi? Düşün, düşün, düşünmək də ibadətdir. Doğru istiqamətdə düşünsən, inanacaqsan ki, cənnət o qədər də bahalı deyilmiş. Qurani-Kərimdə tez-tez buyurulur bu ifadə: Heç təfəkkür etməzsinizmi?

Əmin ol ki, Allah rizasını qazanmaq üçün verdiyin hər quruş qat-qat artığı ilə sənə dönəcək.

Yazımızı böyük bir alimin əsrlərə işıq tutacaq qədər möhtəşəm bir sözü ilə tamamlamaq istəyirik: Dost istərsən, Allah yetər; həmdəm istərsən, Quran yetər; ibrət istərsən, ölüm yetər.

Həm Allahla, həm dünya ilə dost olmaq istəyənlər özlərini aldadırlar. Dost sevilər, arzulanar. Bir qəlbdə ya dünya olar, ya Allah. Dünyanın hakim olduğu bir qəlbə Allah-Təala Öz sevgisini qondurmaz. Qəlbini Allah sevgisi ilə süsləmək istəyənlər gərək o qəlbi o sevgiyə layiq hala gətirsinlər.