Görkəmli şairimiz Məmməd Arazın belə bir sözü var: “Ürəyə girməyi bacarmaq azdır, Ürəkdə qalmağı bacarmaq gərək”. Bu misralar sevgi münasibətlərində çox böyük həqiqətləri əks etdirir, xüsusilə də günümüz üçün çox aktual səslənir. Aylarla, illərlə bir-birinin yolunu gözləyib, bir-birinə heyran kəsilən gənclər evliliyin bir ilini arxada qoymamış məhkəməyə üz tuturlar. Bu, dəyişən dünyamızda artıq adiləşməkdə olan acı həqiqətlərimizdən biridir. Bir zamanlar bir ailənin dağılması bir elin fəlakəti hesab olunurdu, indi isə adi, sıradan bir hadisə kimi qarşılanır.
Bu dəyişən dünyada həyatımız da, dəyərlərimiz də, münasibətlərimiz də dəyişir və təəssüflər olsun ki, bu dəyişmə heç də hər məsələdə xoş sürprizlər vəd eləmir. Bir vaxtlar daha çox sevmədən, böyüklərin məsləhəti ilə evlənərdilər, amma boşanmalar nadir hallarda baş verirdi, indi isə daha çox sevərək, gəzib-dolaşaraq, bir-birinə isnişərək ailə qururlar, amma təəssüflər olsun ki, boşanmalar da ilbəil artır. Nə olub bizə? Sevməyi bilmirik, yoxsa? Ya sevəndə qarşı tərəfi dəyərləndirə bilmirik? Yoxsa sevgi dediyin təmənnadan başqa bir şey deyil?.. Səbəblər müxtəlif, talelər fərqli-fərqli. Amma nə deyirsiniz deyin, ailə müəssisələrinin getdikcə öz möhkəmliyini, öz davamlılığını itirməsi bizə xoş şeylər vəd eləmir. Hər bir azərbaycanlı üçün ailə – qala deməkdir, ailəmiz alınmaz qalamızdır. Əgər mentalitet deyilən bir şey varsa və biz buna inanırıqsa, əmin olun ki, Azərbaycan mentalitetinin başında ailə münasibətləri gəlir. Hər zaman belə olub ki, küçədə aciz, yazıq görünən Azərbaycan kişisi ailə söhbəti gələndə kimsədən geri qalmayıb və seçim olmayanda ölməyi də, öldürməyi də bacarıb. Bizim ölüb-öldürməyə bəraət qazandırmaq kimi bir niyyətimiz yoxdur, amma həqiqət budur ki, ailə münasibətləri, daha doğrusu, ailə məhrəmiyyəti həyat qədər dəyərli, uca tutulub.
Azərbaycan klassik Şərq mədəniyyətini təmsil etdiyindən burada ailə məsələsi hər zaman çox ağır bir məsuliyyət kimi anlaşılıb. Yəni ailə qurursansa, artıq tək özünü yox, ömür-gün yoldaşını da düşünəcəksən və hətta onun qayğılarını daha öndə tutacaqsan. Azərbaycan ailəsinin təməl dayağı hər zaman fədakarlıq olub. Təsəvvür edirsinizmi, evə gələn gəlin təkcə ərinin deyil, onun ata-anasının da, varsa, baba-nənəsinin də, qardaş-bacılarının da nazını çəkməli, bir növ o ailənin atmosferinə girənə qədər çox fədakarlıqlara qatlanmalı olub. Çətin deyilmi? – Əlbəttə, çətindir, amma aradakı sevgi, xətir-hörmət, böyüklərin xeyir-duası bütün çətinlikləri, ağrı-acıları bir andaca unutdura bilirdi.
Qərbdə isə ailə daha çox azadlıq, rahatlıq anlamına gəlib və biz bu gün qərbləşmə yolunu tutmuşuq. Bu yol ilk baxışdan çox rahat, asan görünür, amma bir qədər yuxarıda dediyimiz kimi bir çox hallarda da acı sonluqla nəticələnir. Qəribə burasındadır ki, artıq başanma çoxları üçün heç acı sonluq anlamına da gəlmir. Qısa müddətdə hər şey dəyişir və yola davam, necə deyərlər, o olmasın, bu olsun…
Statistika göstərir ki, bu gün Amerikada qadınların 41 faizi nikahdankənar birgəlik yaşayırlar, yəni onlar üçün ailə, övlad sahibi olmaq duyğusu deyil, sadəcə, həyatını kef içində yaşamaq daha gərəklidir. Demokratiyanın beşiyi olan Avropada da mənzərə son dərəcə qorxuncdur.
Təəssüf ki, bizdə də vəziyyət getdikcə arzuolunmaz xəttə yaxınlaşır. Sizə zarafat gəlməsin, son illərin statistik göstəricilərinə görə, ölkəmizdə boşanmaların sayı 10 faizi keçib.
Ailələrin dağılmasının müxtəlif səbəbləri var. Təbii ki, bu mövzuda danışanda, ilk növbədə, ağlımıza iqtisadi problemlər və onların törətdiyi fəsadlar gəlir. Bəli, bu amil çox mühümdür, amma hər şey deyil, həlledici deyil. Əgər başqa cəbhələrdə hər şey düzgün tənzimlənsə, bu sahədəki boşluğu birtəhər kompensasiya edib, ötüşdürmək olar. Məsələ burasındadır ki, iqtisadi sıxıntılarla yanaşı, digər məsələlər də boşanmaların artmasında az rol oynamır.
Hər şeydən öncə, məsələnin psixoloji tərəfinə nəzər salmaq lazımdır. Bu bir gerçəkdir ki, son dövrlərdə qurulan ailələrin əksəriyyətində gənclər evliliyə hazır deyillər. Evliliyə hazırlıq təkcə cinsi yetkinlik demək deyil, məsuliyyətdir, yeni həyat ritmidir, hər şeyini paylaşmaqdır, özü ilə yanaşı, başqasının da qayğısını, problemlərini düşünməkdir. Əgər gənclər bunu qəbul eləmirlərsə, demək, evliliyə hazır deyillər. Dinimiz evlənəcək gənclərin bir-biri ilə görüşmələrini, yaxından tanış olmalarını, hər şeyi irəlicədən müzakirə edərək, vəzifələri, hüquqları bölməyi tövsiyə edir. Adətən, o ailələr sağlam olur ki, tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də yaxşı bilirlər. Çünki tərəflərdən biri öz vəzifələrini yerinə yetirmədikdə münasibətlər getdikcə gərginləşir, təsəvvürlər alt-üst olur və acı nəticə qaçılmaz hala gəlir. Sevmək böyük nemətdir, əlbəttə, ömrünü, qayğılarını, məişətini, süfrəni paylaşdığın insanla bir-birini sevmək, onun üçün darıxmaq gözəldir. Amma sevgi gözləri kor edəndə fəlakətin anası olur. Belə ki, sevgi reallığın üstünü pərdələyirsə, tərəflər bir-birini olduğu kimi görə bilmirlərsə, belə sevginin ömrü də uzun olmur. Sevmək həm də fədakarlıqdır, sevdiyinin yolunda cəfaya qatlanmaqdır. Amma ilk addımdaca qarşılaşdığın problemdən qorxub geri çəkilirsənsə, bu münasibətin uzun sürməyəcəyi bəlli olur. Sevmək həm də ummaqdır. Umulan olmayanda sevgi də öz təravətini, gözəlliyini saxlaya bilmir.
Mövzu ilə əlaqədar tanınmış mütəxəssislərə müraciət etdik və onların fikirlərini diqqətinizə çatdırırıq.
Təkcə ailə məsələsində deyil, hər hansı mövzuda insanları iki qismə bölmək mümkündür: Əli çatan, hökmü keçən hər şeyə “mənimdir” deyən, yəni sahiblənənlər, bir də əlində, hökmü altında olan hər şeyi Allahın əmanəti bilənlər. Sadəcə, bu məsələ insanları bir-birindən ayırmaq, daha yaxşı tanımaq üçün yetərlidir. Bəli, bu dünyada bizə verilmiş hər şey Allahın əmanətidir. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) də Vida Xütbəsində: “Ey kişilər, siz qadınları Allahın əmanəti olaraq alıb, öz nikahınıza qəbul etdiniz”,- buyurmuşdur. Ailə müəssisəsinin ciddiliyinə gəldikdə isə “Siz evlənərək dininizi tamamlamış olursunuz” deyilməkdədir. Ailə insan fitrətinin ehtiyacıdır, tərəflər ailə içində bir-birini tamamlayır, bir-biri ilə məmnun olur, rahatlıq tapırlar. Ailə münasibətləri ciddi olmağı sevir ki, təravətini, şuxluğunu, gözəlliyini itirməsin. Böyüklərdən biri söyləyib ki, ən qalın pərdə ən yaxın adamlar arasında olmalıdır, yol yoldaşı ilə küsüşərsən, uzaqbaşı yolu sükut içində gedərsən; iş yoldaşınla küsüşərsən, başını yaz-pozu ilə qatarsan; qonşu ilə küsüşərsən, uzaqbaşı o tərəfə baxmazsan, amma ailədən küsmək çox dəhşətli olur, belə ki, evin içində hara baxsan, o var.
Sevin, bir-birinizi sevərək yaşayın, bir-birinizi Allahın əmanəti olaraq sevin. Əgər siz bu düşüncə ilə bir-birinizi sevsəniz, Əmanət Sahibi də sizin bu düşüncənizi, bu sevginizi mükafatlandırar, bərəkətləndirər. Könlün istədiyi hər zaman xeyir olmur. Bəzən könlüm istəyir məntiqi ilə hər şeyin şorunu-şitini çıxarıb dəyərdən salır, sonra da münasibətləri dözülməz hala gətirirlər.
Yazımızı Məmməd Arazın sözləri ilə başlamışdıq, Məmməd İsmayılın sözləri ilə tamamlamaq istəyirik:
Evlənən gününün sabahı günü
Qoymayın dünyanı adiləşməyə. |
sevmek ummaqdir-bu ela seslenir
Comments are closed.